13 Dekabr 2017, Çərşənbə - 15:18

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 41-ci yazı – Ferrari F1/91

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 41-ci yazı – Ferrari F1/91

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:14 - 24 Fevral, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 27 gün qalır – 27 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 41-ci yazımızda Prostun “yük maşını” adlandırdığı F1/91 modelindən danışacağıq…

1990-cı ildəki acı məğlubiyyətə baxmayaraq, 1991-cü ildə Ferrari revanşa ümid edirdi. Komandanın aktivində peletonun ən güclü V12 motoru, Formula1-in ən yaxşı sürücüsü Alen Prost, gənc istedadlı sürücü Jan Alezi var idi. Yeni maşın 642 indeksi altında Stiv Nikols və aerodinamika mütəxəssisi Jan Klod Mijo tərəfindən hazırlansa da, əslində keçənilki maşının təkmilləşdirilmiş versiyası idi. Xarici görünüşündə dəyişiklik çox az idi – təkər bazası böyüdülmüş, yan pantonların konfiqurasiyası dəyişmiş, asılqanın bəzi elementləri yenilənmişdi. Skuderiya əmin idi ki, F1/91 adı almış yeni maşın yarışlarda qələbə almağa imkan verəcək, yoxlanılmış maşının etibarlılığı isə yüksək səviyyədə olacaq.

Praktikada isə hər şey növbəti dəfə proqnozların tam tərsi oldu. Honda motorçuları əvvəlki V10 əvəzinə yeni V12 hazırlayaraq McLaren MP4-6-nı peletonda ən güclü maşın etdilər. Williams komandasında isə yeni texniki direktor Ədrian Nyuinin hazırladığı FW14 aerodinamika baxımından ən güclü maşın oldu – effektiv Renault motoru ilə maşın rəqiblərinə əlçatmaz olurdu. Bundan başqa 1 il əvvəl Ferrari-dən gedən Con Barnard Mayk Koflənlə birlikdə Benetton üçün əla B191 hazırlamışdılar. Peletonun ən zəif Ford V8 motoruna baxmayaraq, maşın rəqibləri üçün baş ağrısına çevrilmişdi.

Artıq mövsümün əvvəlində məlum oldu ki, Ferrari maşınları rəqibləri ilə bərabər mübarizə apara bilməyəcəklər. Tezliklə maşının heç də etibarlı olmadığı da üzə çıxdı – okeanın o tayındakı Kanada və Meksika yarışları hər iki sürücü üçün vaxtından əvvəl başa çatdı. Artıq mövsümün 7-ci yarışında Fransada komanda modernizə olunmuş yeni maşını trasa çıxarmalı oldu – bu maşın 643 indeksi altında hazırlanmışdı və məlumat kitablarında F1/91B adı ilə qeyd olunur.

Yeni maşında quraşdırılan motorun silindr diametri artırılmış, porşenin gedişi isə azaldılmışdı. Motorun gücü artdı, çəkisi isə azaldı. Aerodinamikada da bəzi dəyişikliklər edildi – maşının burnu bir qədər qaldırıldı ki, maşının altına düşən hava kütləsi artsın və diffuzorun effektivliyi çoxalsın. Bəzi digər yeniliklərə baxmayaraq, maşının sürəti artmadı – əksinə, Barnardın F1/89-da əldə etdiyi balans pozuldu. Maşın döngələrdə, xüsusən də əylənmədə özünü əsəbi aparmağa başladı.

Komandanın təşkilati strukturu göz önündə dağılırdı, Kommendatorenin ölümündən sonra Ferrari-də yükü üzərinə götürə biləcək lider tapılmadı. Konstruktorların tez-tez dəyişməsi isə vəziyyəti daha da ağırlaşdırdı. Nəticədə məlumatların toplanması və təhlili düzgün aparılmırdı və maşının zəif yerlərini üzə çıxaran Alen Prostun səylərinə baxmayaraq, çempionatın gedişində inkişaf olmadı.

Prostun komanda ilə qarşıdurması isə qalmaqalla qurtardı. Suzukadakı yarışdan sonra fransalı sürücü bildirdi: “Yaponiyada maşın artıq yük maşınını xatırladırdı. Bütün mövsümün gedişində mən mühəndislərə maşının zəif yerləri haqqında məlumat verirəm, amma mənə heç kim qulaq asmır”. Sürücünün bu sözlərinə komanda dərhal reaksiya verdi – mövsümün son yarışında onu Canni Morbidelli əvəz etdi…

 

FERRARİ F1/91

Ferrari, Scuderia Ferrari, Ferrari F1/91, 1991

 

1990-cı ilin sonu komanda üçün ağır zərbə olmuşdu, çünki komanda ən yaxşı maşın və ən yaxşı motora mailk olmasına baxmayaraq, sonda titulu əldən vermişdi. Maranelloda hesab edirdilər ki, 1991-ci ilə də favorit qismində başlayacqlar. İki fransalı sürücü isə – üçqat dünya çempionu Alen Prost və gənc istedadlı Jan Alezi komandaya çoxdan gözlənilən titulu qazanmağa tam hazır idilər. Ferrari-nin mövsüm üçün hazırladığı F1/91 sələfindən az fərqlənirdi və Skuderiyaya qələbə ümidi verirdi.

Həqiqətdə isə, artıq mövsümün ilk yarışında ABŞ Qran Prisində aydın oldu ki, F1/91 yeni V12 Honda motoruna və Senna-McLaren tandeminə qarşı acizdir. Vəziyyəti düzəltmək üçün Fransada maşının modernizə olunmuş versiyası debüt etdi. Manyi Kurda Prost hətta bir müddət yarışa başçılıq etdi və sonda Williams-Renault-dan Naycel Mənsellə uduzdu – elə bununla da qırmızı maşını ilk mövqelərdə görən olmadı. Mövsümün sonunda Skuderiyanın sürücüləri peletonun ortasında mübarizə aparırdılar. Komanda ilə Alen Prost münasibətləri isə hər yarışdan sonra pisləşirdi. Mövsümün son yarışı ərəfəsində növbəti dəfə komandanı sərt tənqid edən Prost karyerasını başa vurmalı oldu – Avstraliyada komandanın şərəfini Canni Morbidelli qoruyurdu. Çempionat isə növbəti dəfə Senna və McLaren-in qələbəsi ilə başa çatdı…

 

FERRARİ F1/91-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F1/91, 1991

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1991-ci il16310082

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 6. 052
Teqlər ,
Paylaş

logo