20 Noyabr 2017, Bazar ertəsi - 11:19

Dünya çempionları: Censon Batton

Dünya çempionları: Censon Batton

Müəllif: Elçin Zodorov, redaktor

10:35 - 15 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 11 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Ən çox yarışa çıxmış üçüncü sürücü – Censon Aleksandr Lions Batton!

Censon Aleksandr Lions Batton 1980-cı il yanvarın 19-da İngiltərənin Frum şəhərində britaniyalı Con Battonla Cənubi Afrikalı Simone Lionsun ailəsində anadan olub. Ailənin dördüncü övladı olan Censon valideynləri ayrıldıqda üç bacısı ilə birlikdə anası ilə yaşayır. Lakin 1994-cü ildən atasının yanına köçür. Yarışçılıq karyerasına atasının aldığı kartla başlayır. 1989-cu ildə British Super Prix-in qalibi olur. 1991-ci ildə isə qatıldığı seriyada 34 yarışın hamısını qazanır. 1998-ci ildə the British Formula Ford Championship-in qalibi olur. Həmin il McLaren Autosport BRDC Young Driver Award mükafatının sahibi olur və McLaren-in Formula1 maşını ilə test etmək imkanı qazanır. Testlərə növbəti ilin sonunda qoşulur. Həmin vaxt həm də Prost komandası üçün test edir. 1999-cu ildə  British Formula 3 Championship-də üç qələbə qazanır, mövsümü ümumilikdə üçüncü, debütantlar arasında isə birinci yerdə başa vurur.

FORMULA1 KARYERASI

Censon Batton komandası ilə dünya çempionluğunu qeyd edir. 2009-cu il

 

Statistika
Yarışdığı illər2000-2016
Yarışdığı komandalarWilliams, Benetton, Renault, BAR, Honda, Brawn, McLaren
İştirak (Start)308 (305)
Çempionluq1 (2009)
Qələbə15
Podium50
Xal1235
Poul8
Sürətli dövrə8
İlk yarışıAvstraliya Qran Prisi, 2000-ci il
İlk qələbəsiMacarıstan Qran Prisi, 2006-cı il
Son qələbəsiBraziliya Qran Prisi, 2012-ci il
Son yarışıƏbu Dabi Qran Prisi, 2016-cı il

 

Formula1-də debütünü Williams-la edən Censon Avstraliyadakı ilk yarışını tamamlaya bilmir. Növbəti yarışda altıncı olaraq həmin dövr üçün xal qazanan ən gənc sürücü adını əldə edir. Mövsümdə altı yarışda xal zonasına düşür, yekunda 12 xalla səkkizinci olur. Komanda yoldaşı Ralf Şumaxer isə daha yaxşı nəticələr əldə edir – üç dəfə podiuma yüksəlir. 2001-ci ildə Benetton-a yollanır, lakin komandanın uğursuz maşını ilə cəmi bir yarışda – Almaniya Qran Prisində xal zonasına düşür. Zəif çıxışı mövsüm tamamlanmadan komandadan göndəriləcəyi barədə şayiələri yaradır. Lakin Flavio ona daha bir il şans verir. Komanda 2002-ci ildən etibarən Renault adlandırılır. Yarno Trulli ilə komanda yoldaşı olan britaniyalı pis mövsüm keçirmir və 14 xalla yeddinci olur. Mövsümün gedişində növbəti ildə də komandada qalacağını arzulasa da, Flavio Briatore 2003-cü ildə onun əvəzinə komandanın test sürücüsü Fernando Alonsonu yarışdıracağını bildirir. Batton da BAR komandası ilə müqavilə imzalayır.

Battonun BAR-dakı komanda yoldaşı Jak Vilnöv onu heç də yaxşı qarşılamır. Lakin Batton ona əhəmiyət vermədiyini, özü və komandasının yer tutması üçün sürdüyünü bildirir. Avstraliyada ikilinin münasibətləri daha da pisləşir. O, komanda yoldaşını üstələyə bilir. Monakoda sərbəst yürüşlərdə qəza etdiyi üçün yarışa çıxa bilmir. Vilnöv bir çox mexaniki problem də yaşadığı mövsümün son yarışında yerini itirir və onu Takumo Sato əvəz edir. Batton mövsümü 17 xalla doqquzuncu yerdə başa vurur.

Censon Batton BAR 006 ilə. Monako, 2004-cü il

 

2004-cü il Batton üçün uğurlu keçir. Komandanın birinci sürücüsü olur və Takumo Satonu böyük fərqlə üstələyir. İlk podiumunu Malayziyada əldə edir. Bu uğuru daha doqquz dəfə də təkrarlayır. Yaxşı çıxış etdiyi mövsümün ortasında – avqust ayında növbəti iki ildə Williams-da çıxış edəcəyini bildirir. Buna səbəb kimi komandanın Honda motorlarını itirə biləcəyini göstərir. Lakin BAR komandası Honda ilə əməkdaşlığını davam etdirir. Bir çox söz-söhbətdən sonra Batton komandada qalmalı olur. Bu problemin yaranmasına səbəb olduğunu düşündüyü üçün meneceri Con Bayfilddən ayrılır. Honda BAR-ın 45%-ni alır və komandanın rəhbəri postunda Devid Riçardsı Nik Fray əvəzləyir. Censon mövsümü üçüncü yerdə tamamlayır.

2005-ci il Batton və komanda üçün pis başlayır. İlk yarışda xal zonasına düşə bilməyən britaniyalı növbəti iki yarışda finişə çata bilmir. San Marinoda üçüncü olur, lakin FİA araşdırma zamanı onun maşınında yanacaq çəninin içində başqa bir çən də tapılır. Hər iki çən boşaldıqda, maşın normadan 5.4 kq yüngül olur. Buna görə də komandanın hər iki sürücüsünün yarışdakı nəticələri ləğv edilir, növbəti iki yarışa buraxılmırlar. Kanadada heç kimin gözləmədiyi halda poul qazanan Censon yarışı tamamlaya bilmir. Michelin təkərlərindəki problemə görə buraxılan ABŞ Qran Prisinə qədər komandanın heç bir sürücüsü xal qazana bilmir. Lakin Censon qalan 10 yarışın hamısında xal zonasına düşür, Almaniya və Belçikada podiuma yüksəlir. Mövsümü 37 xalla doqquzuncu yerdə tamamlayır. Bu mövsümdə də Batton Williams-la danışıqlar aparır. Lakin BAR-ın uğurlu olacağına inandığından Williams-la müqavilə bağlamır. Frənk Uilymas isə artıq rəsmi razılığın olduğunu və geriyə dönüşün olmadığı bildirir. Bütün bunlar sonra Williams-ın Battona 18 milyon funt sterlinq məbləğində təzminat ödəməsi ilə nəticələnir. Honda komandanın yerdə qalan 55%-ni alır və Honda Racing F1 adlandırılır.

Censon Batton karyerasındakı ilk qələbəyə sevinir. Macarıstan, 2006-cı il

 

Növbəti mövsümdə onun komanda yoldaşı Rubens Barrikello olur. Batton karyerasındakı ilk qələbəsini unudulmaz Macarıstan Qran Prisində qazanır. Yarışa 14-cü yerdən başlayan Censon startda bir neçə ötmə edir. Bir çox sürücünün yarışı dayandırması ona liderliyə yüksəlməyə kömək edir. Yağışın çox şeyi dəyişdiyi yarışda cəmi bir pit-stop edir və ən yaxın rəqibini 30 saniyə qabaqlayaraq qalib gəlir. Bu, britaniyalı sürücülərin 2003-cü ildən sonra, ingilis sürücülərin isə 1999-cu ildən sonra ilk qələbəsi idi. Batton həm də Kimidən sonra motoru dəyişdiyi üçün startda yer itirməsinə baxmayaraq, yarışda qələbə qazanan ikinci sürücü olur. Mövsümdə üç yarışda podiuma yüksəlir, yekun nəticədə altıncı olur.

2007-ci ildə komanda heç bir nəticə əldə edə bilmir. Batton cəmi üç yarışda xal zonasına düşərkən,Barrikello mövsümü xalsız tamalayır. Növbəti mövsümdə də nəticə eyni olur. Lakin bu dəfə Barrikello onu üstələyir. Üstəlik, Britaniyada podiuma da yüksəlir. Mövsümün sonunda iqtisadi böhranı əsas gətirən Honda Formula1-dən getdiyini bildirir. 2009-cu il martın 5-də komandanın Ross Braun tərəfindən alındığı və Brawn GP adı altında yarışacağı açıqlanır. Komandadan heç kim yüksək nəticə gözləmir. Lakin… Censon mövsümün ilk yeddi yarışının altısında qələbə qazanır. Lakin son 10 yarışda cəmi iki dəfə podiuma yüksələ bilir. Bu yarışlarda Barrikello iki qələbə qazana bilir. Geriləmənin səbəblərindən biri də Red Bull-un mövsümün ikinci hissəsində inkişaf etməsi olur. Batton mövsümün yekununa bir yarış qalmış yeganə titulunu rəsmiləşdirir.

Censon Batton titul qazandığı BGP 001 ilə Braziliya Qran Prisində. İnterlaqos, 2009-cu il

 

Mövsümün sonunda komanda Mercedes tərəfindən alınır. Batton isə McLaren-də çıxış edəcəyini bildirir. Komanda yoldaşı isə həmyerlisi Lyuis Həmilton olur. Çempionluq uğrunda gərgin mübarizəyə səhnə olan 2010-cu ildə Çin Qran Prisindən sonra liderliyə yüksəlir. Geridə qalan yarışlarda daha beş dəfə podiuma çıxır. Yekunda 214 xalla Həmiltondan sonra beşinci yeri tutur. 2011-ci il Red Bull-un üstünlüyü ilə keçir. Batton xüsusilə mövsümün ikinci hissəsində inamlı çıxış edir. Yekunda üç qələbə və 12 podium qazanaraq Sürücülər çempionatında Sebastyan Fetteldən sonra ikinci olur və komanda yoldaşı Həmiltonu böyük xal fərqi ilə üstələyir.

Batton 2012-ci ilə əla başlayır və ilk yarışda qalib gəlir. Növbəti qələbə isə yay fasiləsindən sonrakı ilk yarışda – startında böyük qəza baş verən Belçikada qazanılır. Üçüncü qələbə isə sürücülər çempionatının taleyinin həll olunduğu Braziliyada gəlir – Fernando titulu qazanmaq üçün finişi birinci keçməli idi, lakin Batton onun üçün əlçatmaz olur. Mövsümü 188 xalla beşinci yerdə yekunlaşdırır.

2013-cü ildən etibarən komanda geriləyir. Həmiltonun Mercedes AMG-yə keçməsindən sonra Serxio Peres McLaren-ə gəlir. Hər nə qədər komanda yoldaşını üstələsə də, mövsümdəki ən yaxşı nəticəsi Braziliyadakı dördüncülük olur. 2014-cü ildə komanda yoldaşı debütant Kevin Maqnussen olur. Avstraliyadakı ilk yarışda hər iki sürücü Daniel Rikkardonun diskvalifikasiya edilməsi nəticəsində podiuma yüksəlir – Maqnussen debüt yarışında ikinci yeri tutur. Lakin sürücülər başqa heç bir yarışda bu uğuru təkrarlaya bilmirlər. Növbəti mövsüm Honda ilə işləyəcəyini elan edən komanda nədənsə Mercedes motorlarından istifadə edən digər komandalar qədər uğurlu olmur.

Censon Batton McLaren MP4-31 ilə qış testlərində. Barselona, 2016-cı il

 

2015-ci ildən sonra baş verənlərdən Fernando Alonso barədə olan yazıda da dediyimiz kimi, bəhs etməyə dəyməz. Honda çempionatın ən zəif və ən etibarsız motorunu istehsal edir. Batton Honda motoru ilə yarışdığı iki ildə bir dəfə də olsun, podiuma yüksələ bilməyib. Nə Alonso, nə də Batton. Təbii ki, 2015-ci ildə Braziliyada şəkil çəkdirmək üçün podiuma çıxdıqlarını nəzərə almasaq.

Censon keçən il İtaliya Qran Prisi ərəfəsində 2017-ci ildə yarışmayacağını açıqlayıb, lakin McLaren ilə ikiillik yeni müqavilə bağlayıb. Müqavilənin şərtlərində onun 2018-ci ildə yarışacağı barədə bənd olduğu bildirirlir. Bu il onu Stoffel Vandorn əvəzləyəcək.

Uzun illər yaponiyalı modelyer Cessika Miçibata ilə münasibətdə olan və bir il əvvəl evlənən Censon, 2015-ci ilin dekabr ayında boşanıb. Bir çox pilot kimi, o da Monakoda yaşayır. Biz xüsusilə yağışlı havalardakı gözəl çıxışı, ağıllı qərarları ilə seçilən çempionun yarışlara qayıdacağına, gözəl çıxışı ilə zövqümüzü oxşamağa davam edəcəyinə inanırıq.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 4. 197
Teqlər , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo