24 Sentyabr 2018, Bazar ertəsi - 15:35

B.Ekklstoundan növbəti təklif: bazar günü iki yarış

B.Ekklstoundan növbəti təklif: bazar günü iki yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:40 - 20 Noyabr, 2016

FOM-un başçısı Berni Ekklstoun Londonda dərc olunan The Sunday Times qəzetinə müsahibəsində əvvəllər də səsləndirilmiş ideyaya qayıdıb: bir uzun yarışın əvəzinə bazar günü iki qısa yarış keçirilməlidir. Berni belə bir formatı müasir auditoriyaya daha uyğun hesab edir.

F-1.az qəzetə istinadən bildirir ki, Formula1-in kommersiya başçısının fikrincə, digər seriyalardan nümunə götürmək lazımdır, məsələn, çox uzağa getməyərək GP2 həftəsonuna baxmaq lazımdır. Onun fikrincə, Formula1-də də Qran Pri iki 40 dəqiqəlik yarışdan ibarət ola bilər, yarışlararası fasilə zamanı isə sürücülər mətbuatla ünsiyyətdə ola bilərlər. Ekklstoun hesab edir ki, bu təklif tamaşaçıların, sponsorların və reklamçıların xoşuna gələ bilər.

Berni Ekklstoun: “Daha qısa zaman kəsiyində insanların anlaması da daha güclü olur, diqqətləri də yerində qalır. Braziliya Qran Prisinin reytinqləri daha yüksək oldu, çünki yağış altında olan uzunmüddətli bir yarışı iki dəfə qırmızı bayarqlarla qısamüddətli yarışlara böldük. Tamaşaçılar üçün də belə format maraqlı oldu.

Biz ənənəvi uzun yarış konsepsiyasına yenidən baxmalıyıq. 40 dəqiqəlik fasilə ilə bölünmüş iki 40 dəqiqəlik yarış – fasilə zamanı sürücülər mətbuat nümayəndələri ilə görüşərdilər, komandalar isə maşınları ikinci yarışa hazırlayardılar. Bu proseslər azarkeşlər üçün də maraqlı olardı, teleşirkətlər üçün də – sponsor və reklamçıları cəlb etmək asanlaşardı.

Şənbə günü birinci yarış üçün sıralanma turu keçirilərdi, birinci yarışın nəticəsinə əsasən, ikinci yarışın start düzümü məyyənləşərdi. Bununla kartları qarışdırmış olardıq… Amma, düzünü deyim ki, belə bir islahata cəsarətimizin çatmasına əmin deyiləm. Hərçənd, zəmanə dəyişir, ona görə də bu sahədə islahatlar labüddür”.

Ekklstoun trasda sürücülərin mübarizə aparmasına mane olan müasir reqlamenti də tənqid etməkdən çəkinməyib: “Bütün bu qaydalar məcmuəsinin adını dəyişmək lazımdır: “Trasda mübarizə aparmaq olmaz!”

Bütün qaydalar birmənalı qarşılanmır, amma bu qaydalar çoxdur, heç kim bu qaydaları dəqiq bilmir, hətta sürücülər də bu qaydalardan xəbərsizdirlər. Trasda nəsə baş verəndə radio ilə komandadan məsləhət alırlar ki, indi nə etməlidirlər.

Amma əsl sürücüləri bu hal məyus edir – elə tamaşaçıları da, məni də. Bu ağılsızlıqdır. Bu qaydaları mən yoldakı radarlara bənzədirəm, sürücüləri sürət azaltmağa məcbur edən radarlara. Trasda mübarizə aparmağa imkan vermirlər. Bu problemi həll etmək lazımdır. Sürücülərin öhdəliyini sadələşdirmək lazımdır ki, onlar trasda düzgün mübarizə apara bilsinlər.

İnanmıram ki, sürücülər qəsdən təkər-təkərə çırpmağa başlayacaqlar, amma əgər sürücülər mübarizə apararkən maşınlar arasında təmas olarsa, bunu şişirtmək lazım deyil. İndiki sürücülər də dərhal komandaya radio ilə şikayətlənirlər. Bəzən başa düşmürəm ki, bu oğlanlar mübarizə aparmaq istəyirlər, yoxsa sadəcə Formula1 maşını ilə gəzintiyə çıxıblar7″


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 935
Teqlər ,
Paylaş

logo