17 Dekabr 2017, Bazar - 10:13

S.Vandorn Manor-da Haryantonu əvəzləyə bilər

S.Vandorn Manor-da Haryantonu əvəzləyə bilər

Müəllif: Elçin Zodorov, redaktor

08:24 - 25 İyul, 2016

F-1.az xatırladır ki, Rio Haryantonun Manor-la müqaviləsi bütün mövsümlük olsa da, komandaya ödənməli olan məbləğin yarısı yatırılmışdı. İndoneziya hökuməti və sürücünün sponsoru Pertamina şirkəti ödənişin qalan hissəsinin də komandanın hesabına köçürüləcəyini bildirsələr də, bu, hələ reallaşdırılmayıb.

Meneceri Haryanto üçün həm öz ölkəsində, həm də Asiyada maddi dəstək axtarır. Komandanın rəhbəri Deyv Rayan isə Haryantonun mövsümün sonuna qədər komandada qalmasını istəyir. Lakin tələb olunan pul tapılmazsa, MRT05-in sükanı arxasına keçməyə namizədlərin sayı az deyil. Komanda ilə keçən il bir neçə yarışa çıxmış Aleksandr Rossi hazırda İndyCar-da mübarizə aparır və mövsümün əvvəlində olduğu kimi, Manor-a qayıtmaq üçün çalışa bilər. Uill Stivens də komandaya qayıtmağın yollarını axtarır.

MotorSport.com-un əldə etdiyi məlumata görə, McLaren rəhbərliyi Manor komandasını Stoffel Vandornun təcrübə qazanması üçün ideal yer hesab edir. Belçikalı pilotun şansı Rossi və Stivensdən daha çox görünür. Haryantonun növbəti həftə Almaniya Qran Prisində yarışacağı gözlənilir. Sonra isə biraylıq fasilədir və həm komandanın, həm də Haryantonun həll yolu tapmaq üçün bir ay vaxtı olacaq. Əgər bu baş verməsə və Vandorn komandaya qoşulsa, belçikalı pilot Manor ilə ilk yarışına öz ölkəsində çıxacaq. Paskal Verlyayn və Stoffel Vandornun eyni vaxtda komandada olması da Manor-un xeyrinə ola bilər.

Qeyd edək ki, Vandorn hazırda Yaponiyada Super Formula seriyasında yarışır. Formula1 və Super Formula-nın təqvimi ancaq Meksika Qran Prisində üst-üstə düşəcək. Əgər Manor-a keçidi baş tutarsa, Stoffelin Formula1-i seçəcəyinə şübhə yoxdur.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər , , , , ,
Paylaş

logo