16 İyul 2018, Bazar ertəsi - 09:03

Pirelli mövsümə yekun vurub

Pirelli mövsümə yekun vurub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:08 - 07 Dekabr, 2017

Çempionatın yeganə təkər təchizatçısı olan Pirelli şirkəti mövsümün yekunlarına həsr olunmuş maraqlı statistik məlumatlar yayıb…

F-1.az xatırladır ki, gələn ildən komandaların ixtiyarında italyanların quru hava üçün hazırladıqları 7 müxtəlif tərkiblər təkərlər olacaq. Maraqlıdır ki, Pirelli-nin yekun hesabatında Azərbaycan Qran Prisinin də adı bir neçə nominasiyada çəkilib.

 

Şirkət 2017-ci ildə komandalara 38 788 ədəd təkər verib – 33 520 təkərdən yarış həftəsonularında, 5368 təkərdən isə testlərdə istifadə olunmaq üçün nəzərdə tutulub. Bu təkərlərdən 25 572 ədədi slik, 13 016 ədədi isə keçid və yağış təkərləri olub. Faktiki olaraq yarış həftəsonu ərzində komandalar 11 532 ədəd sliklərdən, 1 388 ədəd isə yağış təkərlərindən istifadə ediblər – cəmi 12 920 ədəd.

Hard tərkibində ən böyük məsafəni Esteban Okon (74 km) qət edib, Medium-la Ləns Stroll fərqlənib – 587 km, Soft tərkibi Lyuis Həmiltonun sevimlisi olub (4 696 km), Serxio Peres SuperSoft-la rəqiblərini üstələyib – 6 261 km, Stoffel Vandorn isə trasda daha çox UltraSoft-la işləyib – 4 674 км. Yağışlı havada isə Williams sürücüləri daha çox dövrələr vurublar – Stroll keçid təkərlərlə 433 km, Felipe Massa isə yağış təkərlərlə 242 km qət edib.

Qeyd edək ki, mövsümün gedişində istifadə olunmuş təkərlərin hamısı təkrar emala göndərilib.

Yarış və testlərdə sürücülər Hard təkərlərlə ümumilikdə 1 549 km, Medium-la 20 259 km, Soft-la 94 893 km, SuperSoft-la 118 729 km, UltraSoft-la 83 465 km, keçid təkərlərlə 7 089 km, yağış təkərlərlə isə 3 186 km məsafə qət ediblər. Ümumi qət olunan məsafə 329 170 kilometr təşkil edib.

 

Bu il komandalar 533 pit-stop reallaşdırıblar – əslində bunlardan altısında sürücüsü sadəcə pit-leyndə keçməklə, birində isə pit yolunda 10 saniyə dayanmaqla (Sebastyan Fettel Azərbaycan Qran Prisində) cəzalarını çəkiblər. Orta hesabla bir yarışda 26.7 pit-stop baş tutub ki, bir sürücüyə 1.5 dəfə boksda dayanmaq düşür. Ən çox sürücülər Azərbaycanda (41), ən az isə Avstriyada (18) boksa müraciət etməli olublar.

Ötmələrə gəlincə, mövsümdə cəmi 435 uğurlu manevr qeydə alınıb. Bu isə bir yarışa orta hesabla 21.8 ötmə deməkdir. Quru asfaltda ən çox ötmə Azərbaycanda (42), yağışlı hava da isə Çində (31) reallaşdırılıb. Ən az ötmə isə Soçidə qeydə alınıb – Sauber komandası sürücülərinə yerlərini dəyişməyi əmr etmişdi.

Mövsüm ərzində ən çox rəqiblərini üstələyən sürücü Daniel Rikkardo olub – avstraliyalı cərimələr üzündən dəfələrlə arxa yerlərdən start aldığı üçün 43 dəfə uğurlu ötmə edib. Ən az isə Maks Ferstappen və Lyuis Həmilton rəqibləri tərəfindən məğlub ediliblər – cəmi 2 dəfə. Bir yarışda ən çox ötməni də Rikkardo edib – Silverstounda Daniel 13 dəfə fərqlənib.

Birinci dövrədə ən çox mövqe qazanan isə çempionatın debütantı Ləns Stroll olub (36). Komandalar arasında Red Bull daha güclü olub – Rikkardonun 43 ötməsinə Ferstappen 22 ötmə əlavə edib.

Mövsümün gedişində ən az Red Bull və Ferrari sürücüləri keçiliblər – cəmi 11 dəfə. Maksdan fərqli olaraq Rikkardo 9 dəfə, Sebastyan Fettel 3 dəfə, Kimi Rəykkönen isə 8 dəfə rəqiblərinin hücumları qarşısında aciz qalıblar.

 

Arxada qalan mövsümdə Pirelli-nin aşbazları əməkdaşlar və qonaqlar üçün 15 900 nahar, 870 kq pasta və 400 pizza hazırlayıblar, 30 200 fincan kofe içilib və 7 600 dondurma yeylib.

Şirkət hər bir yarışda 60 əməkdaşla təmsil olunub – onlar 10 müxtəlif millətdən olmaqla, 10 müxtəlif dildə danışıblar.

Şirkət podium mərasimi üçün 13 580 beysbolka hazırlayıb, qonaqlara 6 350 giriş vəsiqəsi verib və 3 000 bloknot hədiyyə edib. Şirkətin mətbuat xidməti mövsümün gedişində 210 reliz yayıb, 167 infoqrafik məlumat dərc və sosial şəbəkədə 2 400 tvit paylaşıb.

Sonda isə şirkətin digər məlumatlarını paylaşırıq, nəticələri özünüz çıxarın…

 

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 354
Teqlər , ,
Paylaş

logo