20 Noyabr 2017, Bazar ertəsi - 07:40

Kanada-2017: Maraqlı statistika

Kanada-2017: Maraqlı statistika

Müəllif: Elçin Zodorov, redaktor

18:15 - 12 İyun, 2017

Kanada Qran Prisindən sonra məşhur ekspert Mikele Merlino maraqlı statistik məlumatlar hazırlayıb. F-1.az bu məlumatları sizin nəzərinizə çatdırır…

SIRALANMA TURU

Lyuis Həmilton 65-ci poulunu qazanıb və Ayrton Sennaya çatıb. Braziliyalı əfsanəvi sürücüyə bunun üçün 161 Qran Pri kifayət etmişdisə də, Lyuis onun nəticəsini iştirak etdiyi 195-ci Qran Pridə təkrarlayıb. Mixael Şumaxerə çatmağa isə cəmi 3 poul qalıb…

YerSürücüPoul sayı
1Mixael Şumaxer68
2Ayrton Senna, Lyuis Həmilton65
3Sebastyan Fettel47
4Alen Prost, Cim Klark33
5Naycel Mənsell32

Lyuis Həmilton Kanadada altıncı poulunu qazanıb və Mixael Şumaxerin nailiyyətini təkrarlayıb. Bir trasda ən çox poul qazanan sürücülər isə Mixael Şumaxer və Ayrton Sennadır – alman sürücü Suzukada, braziliyalı isə İmolada 8 dəfə poulun sahibi olub.

Valtteri Bottas cari mövsümdə sıralanma turunda 6-cı dəfə üçüncü yeri tutub.

Sıralanmada 9-cu olan Esteban Okon indiyə qədərki ən yaxşı nəticəsini əldə edib.

 

YARIŞ

Finiş xəttini birinci keçən Lyuis Həmilton karyerasında 56-cı qələbəsini qazanıb. Bu qələbələrdən 35-i Mercedes AMG-nın heyətində əldə edilib – Ayrton Senna da McLaren komandasında eyni sayda qələbə qazanmışdı. Lyuis Mixael Şumaxerə bir addım da yaxınlaşıb, lakin “Qırmızı Baron”un 91 qələbəsi əlçatmaz görünür… Bu, həm də britaniyalı sürücülərin Formula1-də 260-cı qələbəsi olub.

Artıq Lyuis Həmilton bir trasda altı və ya daha artıq qələbə qazana bilmiş üç sürücüdən biridir. Mixael Şumaxer Manyi Kurda 8, Monreal və İmolada 7, Spa, Barselona və Suzukada isə altı qələbə qazanmışdı. Ayrton Sennanın altı qələbə qazana bildiyi yeganə tras Monte Karlodur.

Yarışa pouldan başlayan, sona qədər bir dövrə də olsun, liderliyi əldən verməyən, eyni zamanda sürətli dövrəni vuran Lyuis Həmilton karyerasında dördüncü Böyük Dəbilqəsini qazanıb və bu göstəriciyə görə Ayrton Senna, Sebastyan Fettel, Naycel Mənsell və Ceki Stüarta çatıb. Ən çox Böyük Dəbilqə qazanmış sürücü isə Cim Klarkdır – 8 dəfə.

Lyuis Həmilton builki hər üç qələbəsini het-triklə (poul, sürətli dövrə və qələbə) qazanıb.

Lyuis Həmilton 10 il əvvəl məhz Kanadada karyerasında ilk poulunu və ilk qələbəsini qazanmışdı. Aradan keçən bu müddət Lyuisə 65 poul və 56 qələbə gətirib…

Lyuis Həmilton Kanadada Mercedes AMG-nin heyətində 60-cı dəfə podiuma yüksəlib.

Valtteri Bottasın ikinci olması Mercedes AMG-yə mövsümdə ilk dublunu qazandırıb. Finlandiyalı sürücü Kanadada ardıcıl üçüncü ildir ki, podiuma yüksəlir.

Daniel Rikkardo ardıcıl üçüncü, karyerasında isə 21-ci dəfə podiuma yüksəlib. Bu, həm də TAG Heuer mühərriklərinin 20-ci podiumudur.

Dördüncü olan Sebastyan Fettelin ardıcıl yeddi yarışlıq podium seriyası qırılıb. Alman sürücü yarışlarda 10 000 dövrəlik baryeri keçib.

Niko Hülkenberq ardıcıl üçüncü ildir ki, Kanada Qran Prisini 8-ci yerdə yekunlaşdırır…

Yarışda 9-cu olan Ləns Stroll Formula1-də ilk xallarını qazanıb. Kanadalı sürücülərin sonuncu xalını 2006-cı ildə Britaniya Qran Prisində Jak Vilnöv qazanmışdı. Ləns həm də Maks Ferstappendən sonra Formula1 tarixində xal qazana bilən ən gənc ikinci sürücü olub.

Finiş xəttini 10-cu keçən Roman Qrojan ardıcıl üçüncü yarışını xal zonasında başa vurub.

Mövsümdə ilk dəfə Toro Rosso-nun hər iki sürücüsü yarışı yarımçıq saxlamalı olub.

Williams komandasının Pastor Maldonado ilə sonuncu qələbəsini qazandığı 2012-ci ildə baş tutan İspaniya Qran Prisindən bu yana 100 yarış keçirilib…

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 573
Teqlər , , ,
Paylaş

logo