24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:35

Jül Byanki

Jül Byanki

Müəllif: Elçin Zodorov, redaktor

20:08 - 17 İyul, 2017

Bu gün Formula1 tarixinə iki il əvvəl faciəvi hadisə ilə düşüb. F-1.az gənc və istedadlı sürücünün ölümünün ikinci ildönümündə Elçin Zodorov və Fidan Abdullayevanın onun haqqında hazırladıqları yazını təqdim edir.

Harada sürət varsa, orada təhlükə və ölüm var. Formula1 də istisna deyil. 67-ci mövsümü keçirilən, maşın yarışlarının zirvəsi sayılan Formula1 bu müddət ərzində onlarla pilotun ölümünə səbəb olub. İlk illərdə hər mövsüm ən azı 2-3 pilot həyatını itirirdisə də, Formula1-in son illərində belə faciələr baş verməmişdi. Bəli, 1994-cü il mayın 1-də Ayrton Sennanın həlak olmasından sonra Formula1 azarkeşləri nə az, nə çox, düz 21 il belə bir hadisənin şahidi olmamışdılar. Dahi sürücü öz ölümü ilə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin səbəbkarı olmuşdu. Lakin o da buna 21 il nail ola bildi. Kimin ağlına gələrdi ki, Ferrari məktəbinin yetirməsi olan bu yaraşıqlı oğlan heç kimin gözləmədiyi anda bir faciənin qurbanı olacaq?

Jül Byanki 1989-cu il avqustun 3-də Fransanın Nitsa şəhərində anadan olub. Atası Filip Byanki və anası Kristine Byankinin Jüldən əlavə iki övladları – Tom adlı oğlanları və Melanne adlı qızları var. Onun babası Mauro Byanki də yarışçı olub, 60-cı illərdə GT seriyasında mübarizə aparıb.

Jules Bianchi-1

Jülün sürücülük karyerası 3 yaşında kartinq sürməklə başlayıb. O bir çox sürücüdən şanslı idi, çünki atasının kartinq mərkəzi var idi. Onun istedadı bir çoxlarının diqqətini çəkir və 17 yaşından sonra Nikolas Todt ona menecerlik edir. 2007-ci ildə kartinq karyerasını bitirən Byanki Formula Renault 2.0 seriyasında SG Formula komandasının tərkibində yarışır və ilk mövsümünü 5 qələbə qazanaraq çempion kimi başa vurur. Həmin il həm də Eurocup  Formula Renault 2.0 seriyasında yarışır. Növbəti il Formula3 Euro Series-ə qoşulur və mövsümün yekununda 3-cü olur. Bekçikada Zolder trasında keçirilən Masters of Formula3 yarışında isə finiş xəttini birinci keçir.

2009-cu ildə də  Formula3 Euro Series-də mübarizə aparır və bu dəfə 9 qələbə qazandığı mövsümdə çempion olur. Karyerasının yüksəlişində olan gənc pilot 2010-cu il GP2 seriyasında ART Grand Prix komandasının tərkibində yarışmağa başlayır. Heç bir qələbə qazana bilməyən Jül mövsümü 3-cü yerdə tamamlayır. Növbəti il də Lotus ART komandasının tərkibində həm GP2, həm də GP2 Asia Series-də yarışır. Hər iki seriyada 1 dəfə qalib gələn sürücü GP2-də 3-cü, digər seriyada isə 2-ci olur. 2011-ci il önun üçün həm də Formula1-ə gəliş ilə yadda qalır. Ferrari onu komandanın test və ehtiyat sürücüsü elan edir.  2012-ci ildə Force İndia komandasının test sürücüsü olan Byanki həm də Formula Renault 3.5 Series-də mübarizə aparır, 3 qələbə qazandığı və 8 dəfə podiuma yüksəldiyi mövsümü 2-ci yerdə başa vurur.

Növbəti il isə o, avtoidmanın zirvəsində, amma ən zəif Marussia komandasında yarışmağa başlayır. İlk yarışlardan istedadını nümayiş etdirən sürücünün şanssızlığı zəif komandada çıxış etməsində idi. Lakin bir il sonra o, mümkün olmayanı edir. Monako Qran Prisini 9-cu yerdə başa vurur və komandaya tarixindəki ilk xalları qazandırır. Bu, həm də Jülün qazandığı ilk və son xallar idi…

Jules Bianchi Monaco GP

Yarışdan əvvəl kimin ağlına gələrdi ki, fransız gənc Formula1 təqviminin ən çətin traslarından biri, bəlkə də birincisi olan Monte Karloda outsayder Marussia ilə xal qazanacaq? Yarış yekunlaşdıqdan sonra bir çoxlarının marağını Rosberqin qələbəsi və ya podiuma kimlərin çıxması yox, məhz Byankinin xal qazanması daha çox cəlb etmişdi və bu hadisə həmin gün idman saytlarında, forumlarında bəlkə də ən çox danışılan, bəhs edilən hadisə idi. O, bu uğuru ilə əslində daha böyük komandalarda, hətta gənc sürücülər akademiyasının üzvü olduğu Ferrari-də belə yarışmağa layiq olduğunu göstəmişdi. Lakin sən saydığını say, gör fələk nə sayır…

2014-cü ilin oktyabr ayının 5-də yağışlı havada keçirilən Yaponiya Qran Prisinin 40-cı dövrəsində Adrian Sutil qəzaya uğrayır. Ondan cəmi bir dövrə sonra isə təhlükəsizlik maşını trasda olsa da, kifayət qədər sürətlə gələn Jül Dunlop döngəsində su axınının üstündən keçmək istəyərkən sürüşür və sürətlə trasdan çıxır. Bu anda isə təxliyə maşını Sutilin maşınını götürmək üçün qəza yerində idi. Jül trasdan çıxsa da, sürəti azalda bilmir və hamının gözü qarşısında sürətlə ağır texnikanın altına girir. Bu ağır qəzadan sonra yarış 2-ci dəfə qırmızı bayraqlarla dayandırılır, hansı ki, bu hadisə 1987-ci ildəki Avstriya və 1990-cı ildəki Belçika Qran Prilərindən sonra ilk dəfə baş verirdi.

Jules Bainchi fatal crash

Gənc sürücünün komaya düşdüyü məlum olur. Nə az, nə çox, düz 9 ay 12 gün ölümlə mübarizə aparan Jül 2015-ci ilin 17 iyulunda həyatının son mübarizəsində nəhayət ki, məğlubiyyəti qəbul edir və aramızdan ayrılır.

Kim bilə bilər ki, həyatının ən gözəl çağında bu dünyadan gedən sürücü özü ilə hansı arzuları apardı? Milyonlarla insan ona gələcəyin çempionu kimi baxırdı. Lakin avtoidman azarkeşlərinin arasında məşhur olan bir deyim var: “Hər çempion olan pilot çempion deyil və çempionluq titulunu qazana bilməyən çempionlar var”. Jül məhz ikincilərdəndir. Baxmayaraq ki, 2 ildən də az davam edən Formula1 karyerasında elə bir uğuru olmadı. Buna həm ömrü, həm də üzvü olduğu zəif Marussia komandası imkan vermədi. Lakin o, özünü sübut etdi. Əlindəki imkanlardan maksimum istifadə edərək, Marussia ilə Monakoda mümkün olmayanı edərək sübut etdi ki, əslində layiq olmadığı yerdədir. O, sona qədər vuruşdu. Ruhdan düşmədi, həyatda qalmaq uğrunda da əsl çempion kimi mübarizə apardı.

Formula1-ə son 20 ildə baxan azarkeşlər pilot ölümünün şahidi olmamışdı. Bunun bir azarkeşə necə təsir edə biləcəyi barədə çoxlarının təsəvvürü yox idi. Amma Jül bizə bunu yaşatdı, başa saldı. Formula1-də sürücülərin azlığına görədirmi, nəyə görədir bilmirik, amma hər biri azarkeşlərə əziz olur. Onlardan biri öldükdə, sanki tanış bir insanı itirmiş olursan. Jül Byanki bizə bu duyğuları yaşatdı. O, Formula1-ə baxan gənc nəsil başda olmaqla hamının qəhrəmanıdır. İllər keçəcək, hələ çox pilotlar görəcəyik. Bəzilərinin karyerası uğursuz alınacaq və tezliklə peletonu tərk edəcək, 3-4 il sonra xatırlanmayacaq. Bəziləri hətta 10 mövsüm keçirib karyerasını bitirdikdən sonra illər keçdikdə çox da yada düşməyəcək. Amma Jül heç vaxt o sırada olmayacaq, ola da bilməz.

Jules tribute

Jülü heç onunla eyni vaxtda mübarizə aparan sürücülər də unutmayacaq. Çünki onlar da ilk dəfə bunun şahidi oldular. Nə dəfnində göz yaşını saxlaya bilməyən Maldonado və Massa, nə dəfninə gedə bilməyən Alonso, nə də onun qəzasına heç vaxt baxa bilmədiyini deyən keçmiş komanda yoldaşı Maks Çilton… Heç atası da onun unudulmasına icazə verməyəcək. Artıq onun adını daşıyan fond qurulur. Fondun məqsədi gənc və istedadlı sürücülərə həm maddi, həm də mənəvi kömək etmək olacaq.

O, hər il ən azından 4 dəfə xatırlanacaq: doğum günündə, hər Monako və Yaponiya Qran Prilərində və hər ilin bu günündə – 17 iyulda…

Yerində rahat yat, Titulsuz ÇEMPİON…


Son Xəbərlər

İnformasiya

Bölüm Köşə yazıları
Mənbə
Baxış Sayı 4. 779
Teqlər , , ,
Paylaş

logo