21 Oktyabr 2017, Şənbə - 19:59

J.Byankinin ailəsi FİA, F1 və Marussia-nı məhkəməyə verir

J.Byankinin ailəsi FİA, F1 və Marussia-nı məhkəməyə verir

Müəllif: Rauf Hacıyev, redaktor

17:23 - 26 May, 2016

Jül Byankinin ailəsi 2014-cü ildə Yaponiya QP-də ağır qəza keçirərək bir il sonra dünyasını dəyişən oğulları üçün FİA, Formula One Group və Marussia komandasını məhkəməyə verməyə hazırlaşır.

F-1.az xatırladır ki, Jül Byanki 2014-cü ilin Yaponiya yarışında Adrian Sutilin bolidini təxliyə edən krana çırpılmış və keçən ilin iyul ayında dünyasını dəyişmişdi.

FİA-nın Byanki ilə bağlı hesabatı Formula1-də heç bir günah görməsə də, fransalı sürücünün ailəsi burada səhlənkarlıqların olmasına əmindir. Byanki ailəsi uzun müddət düşündükdən sonra Formula1-in biznes qolunu, İdarə orqanını və Marussia komandasını Böyük Britaniyada məhkəməyə vermək qərarına gəlib.

Jül Byankinin atası Filip bu barədə danışıb: “Jül üçün ədalət istəyirik və 2014-cü ilin Yaponiya yarışında oğlumuzun ölümünə səbəb olan qərarların iç üzünü öyrənmək istəyirik.

Biz onun ailəsi olaraq düşünürük ki, burada cavablandırılmamış çox suallar var və əgər burada səhlənkarlıqlar olmasaydı, Jülün qəzasının və ölümünün qarşısını almaq olardı”.

Byankinin qanuni prosesini məhkəmədən əvvəl FİA, Marussia və Formula One Group şirkətlərinə məktub göndərən Stewarts Law hüquq şirkəti aparacaq.

Məktubda Byanki ailəsinin nəyə görə bu şirkətləri məhkəməyə verdiyi yazılıb. Stewarts Law şirkətinin ortaqlarından olan Culian Çemberleyn bu barədə belə danışıb: “Jül Byankinin ölümünün qarşısını almaq olardı. FİA-nın raportunda təhlükəsizliyin hansı sahələrdə təkmilləşdirə biləcəyi yazılıb, amma Jülün ölümünün hansı səhlənkarlıqlardan irəli gəldiyi yazılmayıb.

Byankinin ailəsi FİA-nın verdiyi raportda bəzi səbəblərə görə onu günahkar saydıqları üçün narahat olub. Byankinin ailəsi bu qanuni proses ərzində məsul şəxslərin cavab verməsini və səhlənkarlıqlara qarşı məsuliyyətli olmaqlarını istəyir.

Bu çox vacibdir. Çünki hazırda yarışan və gələcəkdə yarışacaq sürücülərin təhlükəsizliyinə görə onlar rahat olmalıdırlar. Əgər Suzukada hər şey qaydasında olsaydı, Jül hələ də yaşayardı və sevdiyi bu idman növündə mübarizə aparardı”.

Byanki ailəsinin bu həftəsonu Monako QP-də iştirak etməsi gözlənilir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər , , , ,
Paylaş

logo