15 Dekabr 2017, Cümə - 10:30

Dünya çempionları: Mario Andretti

Dünya çempionları: Mario Andretti

Müəllif: Elçin Zodorov, redaktor

10:15 - 28 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına üç həftə vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: ABŞ-da adı sürətin sinonimi hesab olunan sürücü – Mario Qabriel Andretti!

Mario və onun əkiz qardaşı Aldo 1940-cı il fevralın 28-də o vaxt İtaliya Krallığının tabeliyində olan, hazırda isə Xorvatiyanın ərazisi hesab olunan Montanada Alvis Andrettinin ailəsində anadan olublar. Həmin ərazidəki hadisələrə görə ailə köçməyə məcbur olur və 1955-ci ildə ABŞ-ın Pensilvaniya ştatına gəlirlər. Mario ABŞ vətəndaşlığını 1964-cü ildə alır.

Anaları Rinanın dediyinə görə, əkizlər hələ iki yaşları olandan şkafdan qazan qapağı götürərək onu sükan kimi əllərində tutub həyətdə qaçırlarmış. Beş yaşları bitəndə isə odundan hazırlanmış uşaq maşınlarında küçədə yarışırlar. Gənc yaşlarında bir çox seriyada yarışan Marionun əsas hədəfi açıqtəkərli avtomobil yarışlarında iştirak etmək olur. İndyCar-da uzun müddət yarışır və 1969-cu ildə çempion olur.

FORMULA1 KARYERASI

Mario Andretti ABŞ-da ilk qələbəsini qeyd edir. 1977-ci il

 

Statistika
Yarışdığı illər1968-1972, 1974-1982
Yarışdığı komandalarLotus, March, Ferrari, Parnelli, Alfa Romeo, Williams
İştirak (Start)131 (128)
Çempionluq1 (1978)
Qələbə12
Podium19
Xal180
Poul18
Sürətli dövrə10
İlk yarışıABŞ Qran Prisi, 1968-ci il
İlk qələbəsiCənubi Afrika Qran Prisi, 1971-ci il
Son qələbəsiHollandiya Qran Prisi, 1978-ci il
Son yarışıABŞ (?) Qran Prisi, 1982-ci il

Mario Andretti 1968-ci ildə Formula1-də debüt edir. Lotus-da yarışan Mario İtaliyadakı yarışda start ala bilmir. ABŞ Qran Prisi onun ilk yarışı olur. Poul qazanaraq hamını təəccübləndirir, lakin mexaniki problemlər ona yarışı bitirməyə imkan vermir. Andretti Formula1-ə gəlişini də Lotus-un rəhbəri Kolin Çəpmənə bağlayır. Kolin ona bir neçə il əvvəl “hazır olduğunda mənə xəbər ver” deyibmiş. Mario da 1968-ci ildə hazır olduğunu hiss edir.

Növbəti mövsüm üç yarışa çıxan Andretti heç birində finişə qədər gedə bilmir. 1970-ci ildə March-a keçir. Çıxdığı beş yarışdan yalnız birini tamamlaya bilir, həmin yarışda da podiuma yüksəlir. 1971-ci ildə Ferrari-yə keçir və yeni komandası ilə çıxdığı ilk yarışda – Cənubi Afrika Qran Prisində qələbə qazanır. Mexaniki problemlər bu mövsümdə də onun yaxasını buraxmır və Andretti ancaq iki yarışda finiş görə bilir. 1972-ci il də uğursuz keçir – sadəcə beş yarışda mübarizə aparır, amma heç bir şeylə yadda qalmır.

Mario Andretti Ferrari 312B ilə. İspaniya Qran Prisi, 1971-ci il

1973-cü ildə yarışmayan Mario 1974-cü ildə Parnelli-nin tərkibində cəmi iki yarışa çıxır. 1975-ci ildə isə karyerasının ilk tam mövsümünü keçirir. Lakin ən yaxşı nəticəsi dördüncülük olur və mövsümü 5 xalla tamamlayır. 1976-cı ildə iki yarışa Parnelli-nin tərkibində çıxır. Lakin komanda Formula1-i tərk edir və Mario Lotus-a qayıdır. Mövsümə Lotus-da davam edir və pouldan başladığı Yaponiya Qran Prisində qələbə qazanır. Mövsüm ərzində daha iki yarışda da podiuma yüksələn Andretti çempionatda altıncı olur.

1977-ci ili uğurlu hesab etmək olar. Lotus 78-in problemlərinə görə bir neçə yarışı tamamlaya bilməsə də, qazandığı dörd qələbə çempionatı üçüncü yerdə başa vurmağa kifayət edir. 1978-ci ildə çempionluq uğrunda rəqabət Lotus sürücüləri – Mario Andretti və Ronni Peterson arasında gedir. Mövsümdə altı qələbə qazanan Mario İtaliya Qran Prisində komanda yoldaşı Ronni Petersonun qəzaya uğrayaraq növbəti gün ölməsi ilə çempionluğunu elan edir, lakin komanda yoldaşının ölümündən təsirləndiyi üçün bunu qeyd etmir. Mövsümdəki son qələbəsini Hollandiyada qazanır. Bu qələbə həm də Marionun Formula1-dəki son qələbəsi olur.

Mario Andretti Lotus 79 ilə

1979-cu ildə ən yaxşı nəticəsi bir dəfə podiuma yüksəlmək olur, yarışların çoxunda isə finişə çata bilmir. 1980-ci il daha da pis keçir – Mario mövsüm ərzində cəmi bir xal toplaya bilir. 1981-ci ildə Alfa Romeoda çıxış edir. Karyerasının son mövsümündə – 1982-ci ildə Alfa Romeo ilə bir yarışa çıxır. Sonra komandadan ayrılır və mövsümün son iki yarışına Ferrari ilə çıxır. İtaliya Qran Prisində podiuma yüksəlir. Mövsümün sonunda isə Formula1 karyerasını tamamlayır.

Mario digər seriyalarda 1994-cü ilə qədər mübarizə aparır. Həm 24 saatlıq Le Man Marafonunda, həm də İndyCar-da bir sıra uğurlar qazanır. Andretti Formula1-də çempion olan, İndianapolis 500 və Daytona 500 yarışlarında qalib gələn yeganə sürücüdür. Onun 1978-ci ildə Hollandiyadakı qələbəsindən bəri heç bir amerikalı sürücü Formula1-də qələbə qazana bilməyib. Andretti ABŞ-da İlin Sürücü adına üç dəfə layiq görülən yeganə şəxsdir.

Andrettinin hər iki oğlu – Mixael və Jeff də yarışçı olublar. 1991-ci ildə 24 saatlıq Daytona yarışında Mario və iki oğlu eyni komandada yarışıblar və yekunda beşinci olublar. Nəvəsi Marko Andretti də 2006-cı ildə İndianapolis 500 yarışında ikinci olub.

Mario Andretti

Andretti 1961-ci ildə ona inglis dilini öyrətmiş Di Ann ilə evlənib. Yarış karyerasını bitirdikdən sonra iş karyerasına başlayan Mario bir çox şirkətdə məsləhətçi kimi işləyib. O, həm də bir neçə avtojurnal üçün test yürüşləri edib. Mario 2012-ci ildən bəri ABŞ Qran Prisinin keçirildiyi Circuit of the Americas trasının rəsmi səfiridir. O, ABŞ-da həm Formula1-i, həm də COTA-da keçirilən bütün yarışları təbliğ edir.


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 2. 082
Teqlər , , , , , , , , ,
Paylaş

logo