21 Yanvar 2018, Bazar - 16:19

Dünya çempionları: Deymon Hill

Dünya çempionları: Deymon Hill

Müəllif: Elçin Zodorov, redaktor

10:22 - 09 Mart, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına 16 gün qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat verməyə davam edirik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Çempionun çempion oğlu – Deymon Qrəhəm Devero Hill!

Deymon Hill 1960-cı il sentyabrın 17-də Londonun Hampsted bölgəsində Qrəhəm və Bettinin ailəsində anadan olub. Qrəhəmin Formula1-də 1962-ci və 1968-ci illərdə qazandığı çempionluqlar ailəyə rahat həyat bəxş edir və onlar Londonun ən bahalı yerlərindən birində yaşayırlar. Atası təyyarə qəzasında ölərkən Deymon 15 yaşında olur.

Hill sürücülük karyerasına 1981-ci ildə motosiklet yarışları ilə başlayır. Bu yarışları təhlükəli hesab edən anası onu Fransada sürücülük kursuna yazılmağa razı salır. Formula Ford seriyasında bir neçə uğur əldə etdikdən sonra 1985-ci ildə Britaniya Formula3 seriyasına keçməyi planlaşdırır. Lakin işləri qaydasında getmir və seriyada yarışa bilmək üçün 100 min funt sterlinq borc almalı olur. 1988-ci ildə həmin seriyanı üçüncü yerdə tamamlayır.

FORMULA1 KARYERASI

Deymon Hill

 

Statistika
Yarışdığı illər1992-1999
Yarışdığı komandalarBrabham, Williams, Arrows, Jordan
İştirak (Start)122 (115)
Çempionluq1 (1996)
Qələbə22
Podium42
Xal360
Poul20
Sürətli dövrə19
İlk yarışıİspaniya Qran Prisi, 1992-ci il
İlk qələbəsiMacarıstan Qran Prisi, 1993-cü il
Son qələbəsiBelçika Qran Prisi, 1998-ci il
Son yarışıYaponiya Qran Prisi, 1999-cu il

 

Avropada 90-cı illərin əvvəlində Formula3-də uğurlu olan sürücülər adətən Formula1-də yarışmaq şansı əldə edə bilirdilər. Deymon 1991-ci ildə Williams-ın test sürücüsü olur. Lakin mövsümün gedişində yarışmaq imkanı əldə edir – Brabham komandasının sürücüsü Covanna Amati sponsor tapa bilmir və Deymon onun yerinə Brabham-ə keçir. Formula1-də debütü İspaniyada keçirilən mövsümün dördüncü yarışına təsadüf edir. Həm də Williams-ın test sürücülüyünü davam etdirən Deymon Macarıstan Qran Prisində mövsüm ərzində sonuncu yarışına çıxır. Çünki həmin yarışdan sonra Brabham komandası dağılır.

1993-cü ildə Williams-da bütün yarışlara çıxan Deymon yeni komanda yoldaşı Alen Prostun təcrübələrindən də yararlanır. Mövsüm ərzində bir neçə dəfə qələbəyə yaxın olur, lakin buna mexaniki rpoblemlər imkan vermir. Nəhayət, karyerasının ilk qələbəsini Macarıstanda qazanır. Həmin yarışın əvvəlindən finişə qədər lider olur. Növbəti iki yarışda da qalib gəlir və mövsümü üç qələbə, 10 podium ilə Alen Prost və Ayrton Sennadan sonra üçüncü yerdə tamamlayır.

Deymon Hill və Ayrton Senna. 1994-cü il

 

1994-cü ildə onun komanda yoldaşı Ayrton Senna olur. Hamı Sennanın titul qazanacağına inanır, lakin komandaya üstünlük verən elektron vasitələrin FİA tərəfindən qadağan edilməsi hər şeyi dəyişir. Braziliyalı sürücü San Marino Qran Prisində faciəvi şəkildə həlak olur. Deymon Monakodakı növbəti yarışda komandasını tək təmsil edir. Mövsümdəki ilk qələbəsini İspaniyada əldə edir. Ardıcıl podiumlardan sonra atasının heç vaxt qazana bilmədiyi Britaniya Qran Prisində də qalib gəlir və çempionluq mübarizəsində Mixael Şumaxerə çatır. Komanda sabiq çempion Naycel Mənsell ilə müqavilə bağlayır və britaniyalı dörd yarışa çıxır. Williams bütöv bir mövsüm üçün Deymona 300 min funt steerlinq verməsinə baxmayaraq, Naycelə hər bir yarış üçün 900 min funt sterlinq ödəyir. Deymon mövsüm ərzində daha dörd qələbə qazanır, bunlardan üçü Mixaelin çıxmadığı yarışlara təsadüf edir. Avstraliyadakı son yarışa yollanarkən sürücülərin arasında cəmi bir xal fərq olur. Lakin heç biri yarışı tamamlaya bilmir – qəzaya uğrayaraq yoldan çıxan Şumaxerin maşını divara dəyərək trasa qayıdır və Hillin maşını ilə toqquşur. Hər ikisi yarışı saxlamalı olur və Mixael cəmi bir xallıq üstünlüklə ilk titulunu əldə edir.

Deymon 1995-ci ildə titulun əsas namizədlərindən biri kimi göstərilir. Bunda komandanın əvvəlki ildə Mühəndislər Kubokunu qazanmasının da rolu olur. İlk üç yarışda iki qələbə qazanan britaniyalı çempionatda liderliyə yüksəlir, lakin Şumaxer möhtəşəm mövsüm keçirir və yekunda 9 qələbə qazanaraq böyük fərqlə çempion olur. Deymon çempionatı yenə də ikinci yerdə başa vurur. Mövsüm ərzində Mixaellə Hill arasında yarışlarda dəfələrlə insidetnlər baş verir. Benetton Mühəndislər Kubokunda Williams-ı üstələyir.

1996-cı ildə Williams-ın maşınları Formula1-də ən sürətli olur. Deymon mövsümün bütün yarışlarına ilk cərgədən başlayır və səkkiz qələbə qazanır. Mövsümün sonunda ilk tituluna sevinir. İkinci yeri isə onun debütant komanda yoldaşı və növbəti il çempion olacaq Jak Vilnöv tutur.

Deymon Hill titul qazandığı Williams FW18 ilə. Monako, 1996-cı il.

 

Çempion olmasına baxmayaraq, növbəti mövsüm üçün komandadan göndəriləcəyini, onun yerinə Hayns Harald Frentsenin gətiriləcəyini öyrənir. Qazandığı titula görə ilin sonunda bir çox mükafata layiq görülür. Hill doqquz il ərzində Williams-da titul qazanaraq növbəti mövsüm orada yarışmayan dördüncü sürücü olur.

1997-ci ildə Arrows-a keçən Deymon əslində Ferrari, McLaren və Benetton komandalarından birində yarışa bilərdi, lakin buna maddi vəziyyəti imkan vermir. Arrows Formula1-dəki 20 ili ərzində bir dəfə də olsun, qələbə qazana bilməmişdi. Əvvəlki mövsümdə isə cəmi bir xal əldə etmişdi. Mövsüm Deymon üçün çətin keçir. Macarıstanda ikinci yeri tutaraq komandaya 1995-ci ildən sonra ilk podiumunu qazandırır. Bu, Deymonun həmin il göstərdiyi ən yaxşı nəticə olur və yekunda yeddi xal toplayaraq 12-ci olur.

Hill növbəti mövsüm Jordan-a keçir. Onun komanda yoldaşı Mixaelin qardaşı Ralf Şumaxer olur. İlk yarışlar komanda üçün çox pis keçir. Maşın xal uğrunda mübarizəyə demək olar ki, imkan vermir. Cəmi səkkiz sürücünün tamamlaya bildiyi yağışlı Belçika Qran Prisində Deymon birinci, Ralf isə ikinci olur. Onlar bir-birinə çox yaxın olurlar, lakin Eddi Cordan Ralfdan hücum etməməsini istəyir. Bu, komandanın Formula1-də ilk qələbəsi olacaqdı və Eddi qəza riskini nəzərə alırdı. Deymon Williams-dan ayrıldıqdan sonra ilk qələbəsini əldə edir. Bu, həm də karyerasının sonuncu qələbəsi olur. Mövsümü altıncı yerdə tamamlayır.

Növbəti mövsümə böyük ümidlərlə başlamasına baxmayaraq, hadisələr istədiyi kimi cərəyan etmir. Williams-ın bir neçə il əvvəl onun əvəzinə götürdüyü Hayns Harald Frentsenlə komanda yoldaşı olur. Lakin Hayns çempionluq uğrunda mübarizə apararkən, Hill yarışlarda çətinliklə xal zonasına düşür. Bir çox yarışı da tamamlaya bilmir. Britaniya Qran Prisi ərəfəsində yarışdan sonra karyerasını tamamlayacağını bildirir. Lakin yarışda beşinci yeri tutması onun fikrini dəyişdirir. Mövsümün davamında da nəticələr eyni olur. Cəmi dörd yarışda xal qazana bilən Deymon Hill bir çempionluq, 22 qələbə və 42 podiumla karyerasını başa vurur.

Köhnə rəqiblər indi Sky Sport-da birlikdə işləyirlər. Deymon Hill və Conni Herbert

 

Deymon heç vaxt Formula1-dən uzaqlaşmayıb. Hazırda F1 Racing jurnalı üçün məqalələr yazan sabiq dünya çempionu 2012-ci ildən bəri Sky Sport F1-də çalışır. O, həm də musiqiçidir. Deymon Syuzan Corcla ailə qurub və onların dörd övladları – Oliver, Coşua, Tabita və Rozi dünyaya gəlib. Coşua bir müddət atası kimi yarışçı olub, lakin 2013-cü ildə karyerasını bitirdiyini açıqlayıb. İlk övladı Oliver daun sindromundan əziyyət çəkir. Deymon və Syuzan Daun Sindromu Assosiasiyasına başçılıq edirlər…


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 5. 174
Teqlər , , , , , , , , , , , , ,
Paylaş

logo