R.Qrojan Bəhreyndə aqressiv olacaq

Haas komandasının sürücüsü Roman Qrojan Bəhreyndə həmişə yaxşı performans göstərib. Buna görə də ilk iki yarışda bəxti gətirməyən fransalı sürücünün burada daha hirsli və istəkli olması gözlənilir.

F-1.az xatırladır ki, Qrojan Avstraliyada su sızıntısı probleminə görə yarışı bitirə bilməmişdi. Çində isə sıralanma turunda sarı bayraqlara görə təmiz dövrə vura bilmədiyi üçün yarışa 18-ci yerdən başlamalı olmuşdu.

Fransalı sürücü karyerası ərzində 5 dəfə Bəhreyndə çıxış edib və bu yarışların 4-də xal qazana bilib. 30 yaşlı sürücü 2012-ci və 2013-cü illərdə Saxirdə 3-cü olaraq podiuma yüksəlib.

Roman Qrojan: “Bəhreyn trasını sevirəm. Kənardan baxanda həyəcanverici trasa bənzəməyə bilər, amma, əksinə, çox əyləncəlidir. Tras sərtdir və sərt əylənmə tələb edir. Mən də bunu sevirəm. 2012-ci və 2013-cü illərdəki uğurlarım buna görə idi. Hətta, etiraf edirəm ki, daha yaxşı nəticə qazana bilərdim. Bolid yarış ərzində təkərlərlə yaxşı uyğunlaşmışdı. Təkərlərlə mübarizə aparmaq çətindir, amma mən o mövzuda yaxşıyam. Ümumilikdə Bəhreyn trasını sevirəm.

Pirelli buraya Çindəki ilə eyni təkərləri gətirib, amma bu, o demək deyil ki, oradakı təkərlərin eynisindən burada istifadə edəcəyik. Tras fərqli olacaq. Saxir yüksək temperaturlu aqressiv trasdır. Şanxay isə sərin havalı təmiz trasdır. Şanxayda ön, Bəhreyndə isə arxa təkərlər tez yeyilir. Bir-birindən çox fərqli iki trasdır.

Yeni bolidlərdə balansı tapmaq çətindir. Əsas olan sənə uyğun olan sazlanmanı tapmaqdır. Hazırda daha çox asfaltayatma qüvvəsinə sahibik, amma bolid yarış trayektoriyasından bir az çıxan kimi idarəetməni itiririk. Lakin biz bolidi son həddə idarə etməyi sevdiyimiz üçün buradayıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*