17 Oktyabr 2018, Çərşənbə - 07:12

Mövsümün yekunları-2017: Mercedes AMG Petronas F1 Team

Mövsümün yekunları-2017: Mercedes AMG Petronas F1 Team

Müəllif: Elçin Zodorov, redaktor

23:05 - 17 Yanvar, 2018

Formula1 üzrə 68-ci mövsüm artıq geridə qalıb. F-1.az hər bir komandanın mövsüm ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Komanda üçün mövsüm əvvəlki illərlə müqayisədə gərgin alınıb, lakin yenə də Mühəndislər Kubokunu vaxtından əvvəl qazanmaq mümkün olub.

NSürücü
YarışYerXalƏn yaxşı startƏn yaxşı finiş
44Lyuis Həmilton20136311
77Valtteri Bottas20330511

 

Mercedes AMG Petronas F1 TeamYarışYerXalƏn yaxşı startƏn yaxşı finiş
201720166811
201621176511
201519170311
201419170111
201319236011

Turbo motorlara keçiddən sonra üç mövsüm rəqibsiz olan Mercedes komandası da reqlamentdəki dəyişikliklərdən narahat idi. Çünki Ədrian Nyui dəfələrlə belə reqlament dəyişikliyindən sonra uğurlu maşın düzəldə bilmişdi, üstəlik Ferrari komandası da bu dəyişikliklərə böyük ümid bağlayırdı.

Komanda çətin vəziyyətə düşüb – Pəddi Lou Williams komandasına yollanıb, Ceyms Əllison isə Mercedes-də martın 1-dən fəaliyyətə başlayıb. Komandanın yeni bolidi W08 EQ Power+ texniki direktor olmadan təqdim edilib. Niko Rosberqin gözlənilmədən karyerasını bitirməsindən sonra Valtteri Bottas onun əvəzinə Mercedes-ə gətirilib. Finlandiyalı sürücü qısa zamanda yeni kollektivə və Williams-dakından fərqli rola alışmalı olub. Bütün bunlara görə bir çoxları komandanın liderliyinin davam etməyəcəyini dilə gətiriblər.

W08 qış testlərində sürətdə SF70H-a cüzi uduzsa da, etibarlılıq cəhərdən daha üstün olub. Həmilton və Bottas hər gün növbəli şəkildə işləyiblər və yekunda səkkiz gün ərzində ümumilikdə 5000 km-dən çox məsafə qət ediblər.

Avstraliya Qran Prisinin sıralanma turunda Həmilton W08-in tək dövrədəki möhtəşəm sürətini nümayiş etdirərək poulun sahibi olub. Lakin yarışda qələbə qazanmaq mümkün olmayıb – Sebastyan Fettel pit-stopdan sonra üstünlüyü ələ alıb, Lyuis finişə qədər onu çatmağa çalışsa da, buna nail ola bilməyib. Çində isə sevinən Lyuis olub.

Başabaş mübarizə davam etsə də, Fettel liderliyini getdikcə möhkəmləndirib. Mercedes bu şəraitdə belə sürücüləri arasında fərq qoymayıb və Bottas Soçidə karyerasında ilk qələbəsini qazanıb. Komanda həm güc qurğusunda, həm də maşının özündə hər şeydən əvvəl etibarlılığa diqqət yetirib. Lakin yenə də problemlərdən qaçmaq mümkün olmayıb – Valtteri qələbə qazandıqdan sonra İspaniyadakı yarışda motordakı problem ucbatından mübarizəni dayandırıb. Bu, komandanın sürücüləri üçün mövsüm ərzində yeganə tamamlaya bilmədikləri yarış olub.

W08-in zəif cəhətlərindən biri təkərlərdən səmərəli istifadə edə bilməməsi olub. Xüsusilə də havanın temperaturunun bir qədər fərqli olduğu şəraitlərdən Ferrari daha yaxşı bəhrələnib. Mercedes mövsümün sonuna qədər yeniliklər tətbiq edib. Yekunda W08 demək olar ki, tamamilə dəyişdirilib. Xüsusilə də yay fasiləsindən sonra çempion komanda daha da sürətlənib. Lyuis dəyişikliklərə tez uyğunlaşsa da, Valtteri üçün hər şey daha da çətinləşib və bu da finlandiyalı sürücünün nəticələrinə mənfi təsir göstərib.

Silverstoundakı ev yarışında Həmilton üçün çox şey dəyişib. Komanda həmin yarışda dubl edib. Uğurusuz Macarıstan Qran Prisindən və bir aylıq yay fasiləsindən sonra isə Lyuis qələbələri sıralayıb və çempionatda liderliyə yüksəlib. Monstadakı yarışda 69-cu poulunu qazanan britaniyalı bu göstəriciyə görə Mixael Şumaxeri keçərək birinciliyə yüksəlib. Onun üçün hər şey uğurlu alınıb – nə bir səhvə yol verib, nə də bir problem yaşayıb. Bütün bunların nəticəsində ardıcıl altı yarışda beş qələbə əldə edib. Ostində komanda növbəti dəfə Mühəndislər Kubokunun sahibi olub, Mexikoda isə Həmilton dördüncü titulunu əldə edib.

İkincilik uğrunda mübarizə aparan Bottas son üç yarışda hamıdan çox xal toplasa da, ümumi nəticədə Fetteldən 12 xal geri qalıb. Həmyerlisi Kimi Rəykköneni 100 xal qabaqlayıb və 3 qələbə qazandığı Mercedes-dəki debüt mövsümünü üçüncü yerdə başa vurub.

Mercedes önümüzdəki mövsümdə daha güclü ola bilər. Çünki komandada əvvəlki illə müqayisədə sabitlik var. Onlar maşının zəif cəhətlərini aradan qaldırmağa çalışacaqlar. Nəzərə alsaq ki, bu dəfə hər bir sürücüyə mövsüm ərzində cəmi üç mühərrikdən istifadəyə icazə veriləcək, etibarlılıq cəhətdən rəqiblərini üstələmələri də onların lehinə ola bilər.

Lakin həm də nəzərə almalıyıq ki, Ferrari inkişafını davam etdirəcək, Renault motorları bir qədər güclü olsa, Red Bull çox ciddi rəqib ola biləcək. İstənilən halda, bizi çox maraqlı mövsüm gözləyir!


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 185
Teqlər , , , , , ,
Paylaş

logo