L.Həmilton üçün ən yaxşı variant – birillik müqavilə

Britaniyanın Autosport qəzetinin jurnalisti Conatan Nobl Red Bull komandasının Mark Uebberlə müqaviləsini uzatmasını elan etdikdən sonra Lyuis Həmiltonun karyerasının davamı […]

Britaniyanın Autosport qəzetinin jurnalisti Conatan Nobl Red Bull komandasının Mark Uebberlə müqaviləsini uzatmasını elan etdikdən sonra Lyuis Həmiltonun karyerasının davamı barədə mülahizələrini söyləyib…

Conatan Nobl: “Mövsümün ilk iki yarışında Lyuis Həmilton pouldan start alanda və hər iki yarışı podiumda başa vuranda, yəqin ki, heç kim McLaren-in ciddi problemlərlə özləşməsini təsəvvür edə bilməzdi. Qışda komandanın nümayəndələri və sürücüləri bildirmişdilər ki, mövsümü rəqabətədavamlı maşınla başlamaq çox vacibdir, axı əvvəllər McLaren mövsümün gedişində ən ciddi inkişafa nail olan komanda adını qazanmışdı. Buna görə də ilk yarışlarda qazandığı üstünlüyü qorumaq daha asan olardı.

Malayziyada şənbə günü komanda ilk start cərgəsini qazananda, biz Uokinqdən olan uşaqlarla mövsümün gedişində dominantlıqdan danışırdıq. Amma yekunda Pirelli təkərlərinin gözlənilməzliyi, Ferrari-nin ciddi inkişafı, Red Bull-un daimi stabilliyi və bəzi digər komandaların uğurlu çıxışları mövsümü baxımlı trillerə çevirdilər və bizə yeddi ilk yarışda yeddi qalib bəxş etdilər.

Azarkeşlər razıdırlar – bu mövsüm hələ uzun müddət unudulmayacaq, amma mövsüm Həmiltonun istədiyi kimi getmir. O hiss edir ki, McLaren işinin öhdəsindən yaxşı gələ bilmir, amma bunu heç vaxt deməyəcək. Həmilton bilir ki, hazırda onu Alonsodan ayıran 37 xaldan çoxu Çində ötürmələr qutusunun dəyişdirilməsinə görə cərimə, Barselonada yanacaqdoldurma səhvinə görə cərimə, Monakoda strateji səhvdən ibarətdir, indi isə onun maşını sürətdə Red Bull və Ferrari-yə uduzur.

Düzünü desəm, mən təəccüblənmirəm ki, niyə Lyuis McLaren-lə yeni meqa-müqavilə bağlamağa tələsmir, amma hər Qran Pridən sonra onun digər komandalarda başqa variant tapmaq şansları azalır.

Ferrari-də perspektiv yoxdur – Alonso yeni əməkdaşlığa skeptik yanaşır, Skuderiyanın rəhbərliyi isə gələcəkdə Fetteli qırmızı kombinezonda görməyə üstünlük verir. Red Bull Mark Uebberlə müqaviləsini uzatmaqla qapını Lyuisin üzünə bağlayıb – bəs Lyuis karyerasını harda davam etdirə bilər?

Variantlardan biri – Mercedes AMG, amma bu komanda gələn il layiqli maşın qura biləcəkmi? Komandanın büdcəsi stabil olacaqmı? Hərçənd, komandada hələ heç vakansiya da yoxdur – komanda Mixael Şumaherin son qərarını gözləyir.

Daha bir variant – Lotus-dur, komanda bu il ciddi inkişaf edib, amma hələ qələbə qazana bilmir. Komandanın hər iki cari sürücüsü ilə müqaviləsi var, amma lazım olsa müqavilələrdən birini pozmaq olar.

Başqa komandalarda Lyuisin elə də çox variantı yoxdur, lakin McLaren-lə yeni uzunmüddətli müqavilə də təhlükəlidir – komandanın büdcəsi hər il azalır, titul sponsoru olan Vodafone şirkəti komandanı tərk etmək barədə düşünür. 2014-cü ildə yeni motor reqlamentinə keçiddən sonra müəyyən problemlərin yaranması da istisna olunmur.

Lyuis çox çətin bir qərar qəbul etməlidir və əgər səhvə yol verərsə, onun karyerasına ciddi zərbə vurulmuş olacaq.

Əslində çox sadə və effektiv bir qərar var – indiki komandası ilə cəmi birillilk müqavilə imzalamaq, Mark Uebber kimi. 2014-cü ildə sürücülər bazarında ciddi yerdəyişmələr mümkündür, birillik müqavilə ilə Lyuis müstəqilliyini saxlayacaq və maraqlı təklifləri izləyə bilər.

Düzdür, bu halda Lyuis bəzi qurbanlar verməlidir – inanmıram ki, McLaren birillik müqaviləyə çox məbləğ ödəsin, amma bu halda Həmiltona pul vacib deyil, onun üçün komanda və maşının onun potensialına uyğun gəlməsi daha vacibdir. Uebberin timsalında görürük ki, Formula1-də bəzən birillik müqavilələr də effektiv olurlar…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*