17 Dekabr 2017, Bazar - 11:57

F.Massadan növbəti bloq: “Sürücülər startda niyə gecikir?”

F.Massadan növbəti bloq: “Sürücülər startda niyə gecikir?”

Müəllif: Rauf Hacıyev, redaktor

16:42 - 14 Oktyabr, 2016

Felipe Massa sonuncu bloq yazısında Yaponiya yarışından danışıb və Formula1 sürücülərinin əvvəlki kimi start ala bilməmələrinin səbəbini açıqlayıb. F-1.az həmin yazını diqqətinizə çatdırır…

Felipe Massa: “Yaponiya yarışı çox çətin keçsə də, yarışın sonunda Williams komandası vacib xallar qazandı. Yarışın əvvəlində bu xalları qazanmaq bizə çətin gəlirdi. Hətta, şənbə günü sıralanma turunda sonuncu sessiyaya qala bilməmişdik.

Sıralanma turundan sonra qərara gəldik ki, yarışda bir pit-stoplu strategiya tətbiq edək. Əlimizdə olan məlumatlara nəzər saldıqda görürdük ki, bir pit-stoplu strategiya üçün çox şey müəyyən deyil. Amma bizi irəli salan bu strategiya oldu. Bir şansımız var idi və biz bundan maksimum istifadə etdik. Bu qərarın bəzi çatışmayan tərəfləri də var idi. Çünki Medium təkərlərlə başladığımız üçün startda bir neçə yer itirdik. Bunun səbəbi isə Medium təkərlərin Soft təkərlər kimi sürətlənməyə kömək etməməsidir. Bu mərhələdən sonra isə tempimiz yüksəlməyə başladı. Birinci pit-stopa qədər Soft təkərlərdən istifadə edən bolidlərdən yavaş idik. Amma Hard təkərlərə keçəndən sonra tempimiz yüksəldi. Hər dövrə nəticələrimizi yaxşılaşdırırdıq.

Təkərlərə nəzarət etmək asan deyildi, amma son dövrələrdə yeni təkərlərlə bizə yaxınlaşan Qrojanı arxamızda tuta bildik.

Mövsümün bitməsinə 4 yarış qalıb və mən inanmıram ki, komandaların gücündə ciddi dəyişiklik olsun.

Ostin, Meksika, Braziliya və Əbu Dabi trasları Montsadan və ya şəhər tipli traslardan fərqlənmirlər. Buna görə də, Sepanq və Suzukadakı performanslar davam edəcək. Hər hansı bir texniki yeniliyin olmaması da dediklərimi təsdiqləyir. Fərqli nəticələr hava şəraitinə, strateji seçimlərə görə və qəza nəticəsində əmələ gələcəklər. Buna görə də Force İndia ilə apardığımız 4-cülük mübarizəsində bütün fürsətləri dəyərləndirməliyik.

Start yarışın taleyini həll edən ünsürlərdən biridir. Rosberq və Həmilton arasındakı mübarizədə bu ünsürün nə qədər vacib olduğunu gördük.

İndiki dövrdə səhv etmək daha asandır. Çünki əvvəllər ilişmə muftasının iki linki  və qızdırma dövrəsində sazlanma etmək şansımız var idi. Mühəndislər sərbəst yürüşlərdəki sürətlənmə məlumatlarını oxuyub, bizə radio vasitəsilə sazlanmalar barədə məlumatlar verirdilər.

Bu il texniki reqlament dəyişildiyi üçün bu iş daha da həssaslaşdı və sazlanmaları artıq sürücülərin özləri etməlidirlər.

Məsələn, Montsada starta düzülüşdən əvvəl təkərimi yandırdım və arxa təkərimdən çıxan dumana görə asfaltla ilişmənin az olacağını bilirdim. Buna görə də ilişmə muftasını buraxanda diqqətli oldum və start veriləndə bu işə yaradı. Bir neçə rəqibimin bolidinin sürüşdüyünü gördüm.

Həftəsonu ərzində çəkdiyimiz çətinliklərdən biri də pit çıxışında start məşqləri edib daha sonra start-finiş düzlüyündə fərqli asfaltla ilişmə ilə qarşılaşmaqdır.

Sürücülərin hələ də səhv etmələrinin səbəbi budur və bu il bütün sürücülərin ən azı bir dəfə səhv etdiyini görürəm. Rosberq bunu tez başa düşdü. Bu işi daha yaxşı başa düşən bir neçə sürücü də var. Start Yaponiyada gördüyümüz kimi böyük fərq yaradan ünsürlərdən biridir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 128
Teqlər , , , , , ,
Paylaş

logo