23 Noyabr 2017, Cümə axşamı - 22:28

Bakı Şəhər Halqası idman jurnalistləri ilə görüş keçirib

Bakı Şəhər Halqası idman jurnalistləri ilə görüş keçirib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:15 - 03 Oktyabr, 2016

Bu gün Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bir qrup yerli idman jurnalisti ilə görüş keçirib. Görüşün keçirilməsində məqsəd bu il Azərbaycanda ilk dəfə keçirilmiş Formula1 yarışının nəticələri və növbəti il üçün hazırlıqlara dair fikir mübadiləsi aparmaq olub.

F-1.az xəbər verir ki, görüş zamanı son illər ərzində ölkədə idman, turizm və mədəniyyət sahəsində aparılan böyük islahatlar irimiqyaslı beynəlxalq yarışların və tədbirlərin həyata keçirilməsi üçün əlverişli mühit yaratması qeyd olunub. Bunun təbii nəticəsi olaraq bu ilin yayında uğurla baş tutmuş Avropa Qran Prisi Formula1 tarixində yeni səhifə açmaqla yanaşı, həm də Azərbaycanın, xüsusən də paytaxt Bakı şəhərinin bütün dünyada yarış həvəskarları tərəfindən daha yaxından tanınmasına öz töhfəsini verib.

Belə ki, yarışı izləmək üçün xarici ölkələrdən Azərbaycana minlərlə turist səfər edib və ümumilikdə milyonlarla televiziya tamaşaçısı yarışı canlı olaraq izləyib. Bakı Şəhər Halqasında keçirilmiş Avropa Qran Prisi zamanı 2016-cı il Formula1 mövsümündə ən yüksək sürət qeydə alınıb. Williams komandasının pilotu Valtteri Bottas trasın 2.2 km olan dənizkənarı hissəsində 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasında keçirilən ilk yarışda ən yüksək sürəti reallaşdırıb. Bununla yanaşı Avropa Qran Prisində başqa bir rekord da əldə olunub. Williams komandası 1.92 saniyədə pit-stop həyata keçirməklə Formula1 tarixində ən sürətli pit-stop edən komanda adına yiyələnib.

Görüş zamanı çıxış edən Nigar Arpadarai növbəti il üçün artıq hazırlıqlara start verildiyini bildirib: “Ötən yay Formula1-in Bakıya gəlişi “Odlar Ölkəsində, Sürət Zirvəsində” devizi ilə baş tutdu və yarış devizə uyğun olaraq reallaşdı. Belə ki, Azərbaycanda ilk dəfə keçirilən Avropa Qran Prisi zamanı digər şəhər trasları ilə müqayisədə Bakı Şəhər Halqasında ən yüksək sürət qeydə alındı və həmçinin bu yarış zamanı Formula1 tarixində ən sürətli pit-stop həyata keçirildi. Ölkəmizdə ilk dəfə keçirilən Formula1 yarışını Avropa Qran Prisi adlandırmaqda məqsədimiz Bakı yarışını bu idmanın ənənəvi mərkəzi və azarkeşləri ilə yaxınlaşdırmaq və eyni zamanda Bakı şəhərinin sahib olduğu bir çox Avropa dəyərlərini daha geniş beynəlxalq ictimaiyyətə çatdırmaq idi. Milyonlarla qlobal azarkeşin qarşısında paytaxtımızda ilk dəfə Formula1 yarışını uğurla keçirdikdən sonra biz hesab edirik ki, bu yarışın adını artıq öz ölkəmiz ilə əlaqələndirməyin tam vaxtıdır. İnanırıq ki, növbəti ildən etibarən Bakıda keçiriləcək yarış Formula1 Azərbaycan Qran Prisi (Azerbaijan Grand Prix) adlanacaq. Biz 2017-ci ildə Bakı Şəhər Halqasında keçiriləcək növbəti Formula1 yarışını birlikdə qeyd etmək və yarış coşğusunu yaşamaq üçün sizinlə yenidən işləməyi səbirsizliklə gözləyirik”.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 770
Teqlər , , , , ,
Paylaş

logo