23 Sentyabr 2017, Şənbə - 09:39

ABŞ-2016: Cümə axşamı mətbuat konfransı

ABŞ-2016: Cümə axşamı mətbuat konfransı

Müəllif: Elçin Zodorov, redaktor

17:51 - 21 Oktyabr, 2016

Ostində yarış həftəsinin ilk mətbuat konfransı həmişəki kimi pilotların iştirakı ilə baş tutub. Valtteri Bottas (Williams), Roman Qrojan (Haas), Lyuis Həmilton (Mercedes AMG), Niko Hülkenberq (Force İndia), Kevin Maqnussen (Renault) və Sebastyan Fettel (Ferrari) jurnalistlərin suallarına cavab veriblər.

F-1.az mətbuat konfransında pilotlara ünvanlanan sualları və onların cavablarını təqdim edir.

FİA rəsmisinin sualları

Sual: Niko, sizdən başlayaq. Sizi Renault-ya keçməyiniz münasibətilə təbrik edirik. Bizə deyə bilərsinizmi, bu addımı nəyə görə doğru hesab etdiniz və bu qərara məhz nəyə görə gəldiniz?

Niko Hülkenberq: Bəli, mən inanıram ki, bu, gələcək karyeram üçün doğru addımdır. Hiss edirəm ki, Force İndia ilə birlikdə uzun bir yol qət etmişəm – bu, komandamla keçirdiyim 5-ci ildir. Birlikdə bir sıra uğurlara imza atmışıq. Lakin mən hiss etdim ki, artıq yeni mübarizəyə atılmağın vaxtı çatıb. Formula1-ə gəldiyimdən bəri zavod komandasında yarışmaq istəmişəm və bu, həqiqətən də yaxşı imkandır. Həm də keçid üçün ideal vaxtdır. Öz tərəfimdən baxdıqda, bunun düzgün qərar olduğunu düşünürəm.

Sual: Siz son doqquz yarışın hamısına ilk onluqdan başlamısınız. Bu stabilliyin sirri nədədir, nəyisə aşkar etmisiniz?

Niko Hülkenberq: Düşünürəm ki, maşın güclü və yaxşıdır. Bu da hər şeyi daha da asanlaşdırır. Hiss edirəm ki, komanda maşının inkişafı üçün yaxşı işlər görür. Maşın hərtərəfli yaxşıdır. Biz maşından fərqli özəlliklər tələb edən müxtəlif traslarda yarışırıq, lakin maşın hər trasda sıralanma turunun son sessiyasına keçməyimizə imkan verir. Buna görə, komandanın yaxşı işləməsinə görə biz əsas üç komandadan sonra dördüncülüyə iddialıyıq.

Sual: Kevin, keçək sizə. Nikonun transferi barədə nə düşünürsünüz? Bu, sizin üzərinizdə təzyiq yaradıb? Onunla komanda yoldaşı olmaq istəyirsiniz, yoxsa özünüzə başqa yol seçməyi düşünürsünüz?

Kevin Maqnussen: Xeyr, mən ümid edirəm ki, onun komanda yoldaşı olaraq Renault-da qalaram. Bu, mənim hədəfimdir və ümid edirəm ki, baş tutar. Komandanın qərarının tezliklə açıqlanmasını gözləyirəm. İndi isə bu yarışa fokuslanmışam. Sükan arxasında olmaqdan həzz alıram və həftəsonu nələrin baş verəcəyini görəcəyik.

Sual: Siz karyeranıza podiuma yüksələrək başladınız, sonra isə növbəti mövsümdə – 2015-ci ildə yarışmadınız. Bu il Renault ilə geri qayıtdınız. Formula1-ə ikinci gəlişiniz barədə nə düşünürsünüz və Renault sizin gözləntilərinizi nə dərəcədə qarşıladı?

Kevin Maqnussen: Deyə bilərəm ki, gözləntilərim tamamilə qarşılandı. Mən bilirdim ki, bizim üçün çətin il olacaq. Çünki komanda yeni yaradılmışdı və Lotus-dan təhvil aldığımız maşını inkişaf etdirmək çətin idi. Renault ilin əvəlində motorun gücünə görə arxada idi. Mercedes mühərriyindən Renault mühərriyinə keçmək geriyə doğru atılmış addım idi. Amma motorun inkişaf etdirilməsində böyük işlər görüldü. Bu il keçid ilidir – biz gələn ilin maşınının hazırlanmasına fokuslanmışıq və gələcək üçün işlər görürük. Düşünürəm ki, bu il əlimizdən gələni edə bilmişik.

Sual: Təşəkkür edirəm. Valtteri, sizin planınız nədir? Mən əminəm ki, siz Cim Klarkın Formula1-də debütdən etibarən eyni komandada qalmaq rekordunu qırdığınızdan xəbərdarsınız. İndi qalmaq vaxtıdır ya getmək?

Valtteri Bottas: Bizim ehtiyacımız olan yeganə şey gələn illə bağlı qərarların təsdiqlənməsini bir qədər gözləməkdir. Rekorddan xəbərdaram və bu, çox gözəl faktdır. Mən komandamla çox vaxt keçirmişəm və bəzi yaxşı nəticələr əldə etmişik. Mən hiss edirəm ki, bunları yenə edə bilərik, lakin gələn illə bağlı qərarlar üçün bir qədər gözləmək lazımdır.

Sual: Siz son iki yarışda xal qazanmısınız. Malayziyadakı çıxışınız isə əla idi. Amma həm də qeyd etməliyəm ki, son iki yarışda sıralanma turunda son sessiyaya keçə bilməmisiniz. Bu sizi təəccübləndirir?

Valtteri Bottas: Əlbəttə təəccübləndirir. Son yarışlarda çox əziyyət çəkdik, mübarizə apardıq. Komanda artıq növbəti il üçün işləyir. Ümidvaram ki, bu il qalan yarışlarda yaxşı nəticələr əldə edərik. Hər şeyi düz etdiyimizə əmin olmalıyıq.

Sual: Lyuis Həmilton – son dünya çempionu və ABŞ Qran Prisinin dördqat qalibi. Siz Ostinə gəlməmişdən əvvəl yaxşı vaxt keçirmisiniz. Həm də məlumatlara görə, Call of Duty oyununun yeni versiyasında iştirak edəcəksiniz. Bizə Formula1-dən kənar bacarıqlarınız barədə bəhs edə bilərsiniz?

Lyuis Həmilton: Hamının sabahı xeyir. Mən ABŞ-da olmağı sevirəm. Ellen şouya qoşuldum və bu, çox xoş oldu. Mən hər qış Call of Duty oyununu oynayıram. Bu oyunun bir parçası olmaq təklif edildi və bu, mənim üçün çox xoş oldu. Mənimlə bu oyunu oynayan dostum var. Onun, deyəsən, bundan xəbəri yoxdur, ola bilsin ki, bu haqda oxumayıb. O, mənimlə qışda oyunu oynayanda mənim də orada olduğumu görəcək.

Sual: Qayıdaq Formula1-ə. Dörd yarış qalıb və maksimum 100 xal toplamaq mümkündür. Hazırda 33 xal geridəsiniz və bu fərqi bağlamaq üçün qələbələrə ehtiyacınız var. Burada keçirilən dörd yarışdan üçündə qalib gəlmisiniz…

Lyuis Həmilton: Bəli, Ostin, ümumiyyətlə, ABŞ həmişə mənim üçün əla ov yeri olub. Artıq bir həftədir ki, buradayam. İrəli baxıram və mübarizəyə hazıram. Bu, fantastik trasdır. Çox gözəl dizayn edilib. Trasın hər bir nöqtəsində önündəki maşını izləmək və ötmək imkanı var, hansı ki, bu, demək olar ki, başqa heç bir trasda yoxdur – Formula1-də bunu etmək çox çətindir. Bəli, buradayam və bilirəm ki, həftəsonu hava yaxşı olacaq. Bu, ilk növbədə azarkeşlər üçün yaxşıdır. Həyacanlıyam.

Sual: Builki yarış sizin üçün keçənilkindən daha çətin ola bilər. Cavablara görə təşəkkür edirəm. Keçirik burada qələbə qazana bilmiş digər sürücüyə – Sebastyan Fettelə. Sebastyan, Suzukadakı yarışdan sonra biz Ferrari-nin builki mövsümdəki vəziyyəti barədə yekun fikrə gələ bildik: Maşın sürətlidir, lakin müxtəlif səbəblər bu sürəti podiuma çıxmağa, hətta qalib gəlməyə çevirə bilmir. Növbəti dörd yarış barədə nə düşünürsünüz, bu trasda və ya başqa bir trasda qalib gələ biləcəksiniz?

Sebastyan Fettel: Bəli, şans hər zaman var. Qalib gələ bilərik. Düşünürəm ki, Yaponiyada bir qədər irəliləyiş əldə etmişik. Lakin bu, mövsümün əvvəlindəki hədəflərimizə baxsaq, heç də böyük bir şey deyil. Lakin mən hesab edirəm ki, ən vacib olanı bizim mübarizə aparmağımız, əlimizdən gələnin ən yaxşısını etməyimizdir. Bu yarış Suzukadakından daha yaxşı keçə bilər. Biz hazırıq.

Sual: İtaliya Qran Prisində mətbuat konfransında siz bildirmişdiniz ki, Ferrari sürücüsü olduğumu Montsada tiffozilərin qarşısında hiss etdim. Əlbəttə, ABŞ və Ferrari-nin birgə tarixi var. Bura Ferrari maşınlarının ən çox alındığı yerdir. Burada Ferrari-nin böyük azarkeş kütləsi var. Nə düşünürsünüz, burada da Montsadakı hissləri yaşayacaqsınız?

Sebastyan Fettel: Keçən il burada yaxşı çıxış etmişdim. Düzdür, yarışa bir qədər geridən başlamışdım. Lakin hava şəraiti də kömək etdi ki, mən podiuma yüksəlim. Bu, Ferrari ilə Ostindəki ilk yarışımda yaxşı nəticə idi. Sizin də qeyd etdiyiniz kimi, burada da çox sayda azarkeşimiz var. Təbii ki, İtaliyada daha çoxdur, lakin hər bir yarışda, hər bir ölkədə bizə dəstək olan azarkeş kütlələrini görürük. Mən düşünürəm ki, burada hər zaman Ferrari bayraqları, qırmızı formalarımızı geyinmiş insanlar, trasın ətrafında ehtiraslı, coşqun azarkeşlərimiz olacaq. Bu ailənin bir üzvü olmaq gözəl hissdir.

Sual: Təşəkkür edirəm. Roman, karyeranızdakı 100-cü yarışa çıxacaqsınız. Bu, xüsusi yarışdır, çünki Haas komandası da doğma publika önündə ilk dəfə yarışacaq. Komanda bu həftəsonu işçilər, ailələr və yarış üçün xüsusi olaraq nələr edib?

Roman Qrojan: Biz bazar ertəsi Şarlottaya çatdıq. Sonra isə Şimali Karolinadakı bazayaa baş çəkdik. Eyni zamanda, NASCAR üçün olan bazamızda da olduq və media nümayəndələri ilə görüşdük. Əlbəttə ki, bazamızda işləyən əməkdaşların çoxu yarışı izləməyə gələcək. Onlar bizi tez-tez görə bilmirlər, çünki baza Avropadan çox uzaqdadır. Yüzüncü yarışım və komandanın buradakı ilk yarışı – möhtəşəm hissdir!

Sual: Əvvəlki yarışlarda burada yaxşı nəticələriniz olub. Suzukada hər iki maşınınızla sıralanma turunda son sessiyaya qalmışdınız. Bunu Ostində təkrarlaya və xallar qazana biləcəksiniz?

Roman Qrojan: Əgər mən sıralanmada son sessiyaya keçə bilməsəm, lakin yarışı xalla tamamlasam, daha yaxşı olar. Suzukada yaxşı sıralanma turu keçirdik və maşının inkişafında addımlar atdıq. Yeni ön qanadımız var idi və daha yaxşı sürməyimizə imkan verdi. Bizim hər bir trasda çətinliyimiz olur. Çünki yeni komandayıq və əvvəlki illərlə bağlı əlimizdə heç bir şey yoxdur. Sazlanmaları tapmaq üçün bizə digər komandalardan daha çox vaxt lazım olur. Lakin bütün bunlara baxmayaraq, çalışmalıyıq ki, sıralanma turunda yaxşı yerlər tutaq və buradan xallarla ayrılaq. Çünki artıq neçə yarışdır ki, bunu edə bilmirik. 

Jurnalistlərin sualları

Sual (Seff Hardinq – Zero Zone News): Lyuis, siz UNİSEF ilə birlikdə çox böyük işlər görmüsünüz. Rəsmi Facebook səhifənizdə təzəlikcə Haitiyə iki il əvvəl etdiyiniz səfərlə bağlı paylaşımınız olub və Mettyu qasırğasından sonra orada yardıma ehtiyacın olduğunu qeyd etmisiniz. Sualım budur ki, siz Haitidəki dağıntıların olduğu ərazilərə baş çəkməyi planlaşdırırsınız?

Lyuis Həmilton: Sizi yenidən görmək xoşdur və suala görə təşəkkür edirəm. Hazırda planımda ora getmək yoxdur, lakin istərdim. Mənim ora səfərim məcburi və taleyüklü səfər idi. Hansısa bir ölkəyə getmək çox gözəldir, lakin orada yoxsulluq hökm sürür və insanları o vəziyyətdə görmək kədərləndirir. Bəzi insanların üzündə təbəssüm var, lakin belələri azlıq təşkil edir. Qasırğanın törətdiyi dəhşətlər barədə məlumatım var və baş verənləri görürəm. Lakin onlar bunun qarşısını almağa, məhv olmuş şeyləri bərpa etməyə malik deyillər. Biz sürücülər yardım edilməsi üçün həvəsləndirici rol oynamalıyıq. Çünki bəlkə də bir çoxları köməyi hara edəcəyini bilmir. Mən UNİSEF ilə gələcək planlarla bağlı əməkdaşlıq edirəm. Lakin Haitiyə kömək edilməsi barədə söhbətlərin gedib-getmədiyini bilmirəm. Əgər ora getmək imkanı əldə etsəm, buna vaxtım olsa, mütləq gedərəm. Amma hazırda sosial mediada şəkillər paylaşmaqdan başqa əlimdən istiqamətləndirici nə gələr, bilmirəm. Bunun da təsir edəcəyinə inanmıram. Mənim bütün fikrim onların yanındadır və orada yaşayanlar üçün dualar edirəm.

Sual (Flavio Vanetti – Corriere della Sera): Sebastyan, biz bilirik ki, sizin Ferrari ilə olan müqaviləniz 2017-ci ilin sonunda başa çatır. Komandanız ilə müqavilənizi uzatmaq üçün danışıqlara başlamağınız yaxın zamanlarda gözlənilir?

Sebastyan Fettel: Bizim başımız hazırda mövsümün qalan dörd yarışına qarışıb. Eyni zamanda da, gələn il üçün olan hazırlıqlara fokuslanmışıq. İndi əsas olan bunlardır. Müqavilə barədə indi danışmağın vacib olduğunu düşünmürəm, çünki mənim gələn mövsüm üçün müqaviləm var. 

Sual (Əndryu Benson – BBC Sport): Lyuis, bu mövsüm sizin möhtəşəm yarışlarınız və poullarınız olub. Lakin bunlarla yanaşı, çox pis təsir bağışladığınız həftəsonlarını da görmüşük. Bir idmançı kimi, mövsümün geridə qalan yarışlarına baxdıqda nələr görürsünüz?

Lyuis Həmilton: Düzünü desək, mən geriyə baxmıram. Bu, o qədər də vacib deyil, əsas olan irəli baxmaqdır. Qalan dörd yarış üçün nikbinəm. Sizi əmin edirəm ki, belə uzun bir mövsümdə bütün yarışlarda əla nəticələr əldə etmək mümkün deyil. Böyük komandamız və güclü maşınımız var. Növbəti yarışlarda yaxşı nəticə əldə etməmək üçün heç bir səbəbimiz olmamalıdır.

Sual (Diter Renken – Racing Lines): Sualım Lyuisədir. Lyuis, siz demişdiniz ki, sualları təkcə media nümayəndələri yox, azarkeşlər də verməlidirlər. Bu sualı sizə Twitter-də @bigorangepaul adlı istifadəçi ünvanlayıb: Niko Rosberq bu il çempion olarsa, nə hiss edərsiniz? İkinci sual isə belədir: Siz karyeranızı bitirmək və ya müəyyən qədər fasilə vermək barədə düşünmüsünüzmü?

Lyuis Həmilton: Təşəkkür edirəm. Azarkeşin Twitter-dəki hesabı necə idi, @bigorangepaul dediniz? Mən hər hansı bir fasilə barədə düşünmürəm. Əgər mən dayanmaq istəsəm, həmişəlik dayanacam – bu da gələcəkdə planlaşdırılacaq bir şeydir, indi yox. İlk suala gəldikdə isə… Bütün çempionluqları əldə etmək mümkün deyil. Keçmişdə çempion olmuş sürücülərə baxın, onların da əldən verdikləri çempionluqları olub. Bu, oyunun bir parçasıdır. Mən hazırda çempion ola biləcək yerdəyəm. Xal hesabında bir geridəyəm, nə qədər ki, inamım var, mən əlimdən gələn hər şeyi edəcəyəm. Əgər bu il çempion ola bilməsəm, bunu kişi kimi qarşılayacam və gələn il yenidən və daha güclü şəkildə qayıdacam.

Sual (Livio Orixio – GloboEsporte.com): Lyuis, bu mövzuya qayıtdığım üçün üzürlü sayın, mən gördüm ki, siz indi yenə telefonunuzla şəkillər çəkirdiniz. Bu, keçən konfransda olduqca böyük söz-söhbətlərə səbəb olmuşdu. Sizin bu davranışınız barədə fikrinizi dəqiq ifadə etməyiniz üçün bir imkandır. O ki qaldı mənim şəxsi sualıma, siz sürücülərin paradında adətən qulaqlıqdan istifadə edirsiniz. Bu da sizinlə azarkeşləriniz arasında bir divar yaradır. Çünki onlar sizə “Lyuis, biz səni sevirik” deyə səslənirlər, buna bənzər sözlər deyirlər və sizin bunu eşitməyinizi arzulayırlar. Sizcə, bu ədalətlidirmi? 

Lyuis Həmilton: Sürücülərin paradı barədə düz düşünmürsünüz. Siz bilirsiniz ki, mənim hər bir sürücüyə hörmətim var. Karyeramın əvvəllərində paradlarda biz adətən söhbətlər edirdik, şəkillər çəkirdik. İndi mən adətən parad maşınının ön hissəsində dayanıram, qulaqlıq da sadəcə bir qulağımda olur. Mən azarkeşlərimin məni səslədiyini eşidirəm və onların məni dəstəklədiyinə əmin oluram. Mən bəzən başqa millətlərdən olan və əlində Britaniya bayrağı tutan insanlar görürəm və hətta onlarla söhbət də etmişəm. Siz yəqin bunu görməmisiniz. Əgər mən tribunada olsam və kimisə dəstəkləsəm, həmin adam buna diqqət yetirməsə, özümü pis hiss edərəm. Mən çalışıram ki, mümkün qədər hamı ilə ünsiyyətdə olum. Şəkil məsələsi ilə bağlı da onu deyə bilərəm ki, digər sürücülər suallara cavab verərkən telefonu əlimə aldım və sizin hamınızın düşdüyü çox gözəl bir şəkil çəkdim.

Sual: (Daniel Conson – The Telegraph): Sualım Lyuisədir. Məncə, fanatlara ən çox maraqlı olan Niko ilə bağlı suallardır. Siz Niko ilə demək olar ki, bütün sürücülük karyeranız boyu yarışmısınız və əksər hallarda onu məğlub etmisiniz. Son iki ildə də məhz onu məğlub edərək çempion olmusunuz. Bəs bu il nəsə baş verib ki, ondan geri qalmısınız?

Lyuis Həmilton: Xeyr. Bilmirəm fikir vermisinizmi, biz bu il yarışlarda bir-birimizə çox yaxın olmuşuq. Düşünürəm ki, biz bütün mövsüm eyni şəraitdə yarışsaq, pis hadisələrlə bərabər səviyyədə üzləşsək, onda daha ədalətli nəticə görərik. 

Sual: (Toni di Zimo – NBC Sports): Lyuis, Mercedes AMG Yaponiya Qran Prisində ardıcıl üçüncü dəfə Mühəndislər Kubokunu qazandı. Bizə deyə bilərsinizmi, bu, necə hissdir, necə qeyd olundu və buna nail olmaq nə dərəcədə çətin oldu?

Lyuis Həmilton: Yaxşı sualdır. Bizim iki bazamız var və ümumilikdə 1300 nəfər fəaliyyət göstərir. Bunu əldə etmək əlbəttə çətin idi. Lakin qürrurverici nailiyyətdir. bazada çalışan əməkdaşlara təşəkkür etmək üçün əla fürsət idi, çünki onlar bizim kimi bütün dünyanı gəzə bilmir, mövsümboyu bazada işləyirlər. Tədbirdə hamı şən idi və hamıda bu uğurun davam edəcəyinə inam var. Bu, inanılmazdır!

Sual: (Luici Perna – La Gazzetta dello Sport): Sebastyan, son yenilənmələrdən sonra siz indidən gələn il üçün doğru yolu tapdığınız barədə inamla danışırsınız. Mənim sualım isə belədir: Komandanın tətbiq etdiyi strategiyalar barədə nə düşünürsünüz?

Sebastyan Fettel: Strategiyalar barədə düşünmürəm, heç bir fikrim yoxdur. Mən belə hesab edirəm ki, siz son yarışı nəzərdə tutursunuz. Mənim indi düşündüyüm şey harada olduğumuzdur. Biz üçüncü yerdəydik, bəlkə də dördüncü idik. Lyuis arxamda idi və ona yoxsa yarışa fokuslanacağımı bilmədim. O ki, qaldı ilk suala, bəli, yeniliklər yaxşıdır və bunları irəliyə doğru bir addım hesab edirəm. Düşünürəm ki, yeniliklər bizə Yaponiyada daha yaxşı çıxış etməyə imkan verdi. Gələn il reqlament tamamilə dəyişilir. Lakin bizim indi başa düşəcəyimiz ən xırda detal gələcəkdə köməyimizə çata bilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 304
Teqlər , , , , , , ,
Paylaş

logo