Çempionluğun qapısından qayıdanlar

Mövsümün sonuna 2 yarış qalıb. Maks Ferstappen 8 xallıq fərqlə Lyuis Həmiltonu üstələyir. Bugündən etibarən Ciddə trasında başlayacaq son 2 yarışlıq marafon hazırda bütün idman dünyasında ən maraq doğuran məsələdir.

Sona qədər davam edən mübarizəni izləmək tamaşaçılara heç də bütün mövsümlərdə nəsib olmayıb. Əksər hallarda çempionata son yarışlara qədər liderlik edən sürücü yekunda titula sahib olsa da, geridə qalan 72 ildə cəmi 13 dəfə son 2 yarışa lider girən sürücü çempionluğu əldən verib. Gəlin keçmişdən indiyə doğru baş verən bu hallara nəzər salaq.

Piter Kollinz – 1956

İndianapolisdəki yarışı saymasaq, 7 mərhələdən ibarət mövsümün beşinci mərhələsi olan Britaniya Qran Prisindən sonra komanda yoldaşı Xuan Manuel Fanxionu 1 xalla üstələyərək çempionata başçılıq edir. Lakin son 2 yarışda bu üstünlüyünü qoruya bilmir. Əfsanəvi Nürburqrinqdə Fanxionun arxasında ikinci sırada finiş görür.

Piter Kollinz

Son yarışda Fanxio sükan probleminə görə mübarizəni dayandırmalı olur. Luici Mussodan maşını Fanxioya verməsini istəyirlər, lakin o rədd cavabı verir. İlk dəfə titula çox yaxın olan Kollinz isə pit-stop zamanı maşını argentinalı sürücüyə təhvil verir (o dövrün qaydaları buna imkan verirdi və həmin yarışda qazanılan xallar maşını paylaşan sürücülər arasında bərabər bölünürdü). Fanxio Stirlinq Mossun qalib gəldiyi yarışı Kollinzin maşını ilə ikinci yerdə başa vurur və dördüncü titulunu əldə edir. Piter isə çempionatı 3-cü sırada başa vurmalı olur…

 

Volfqanq fon Trips – 1961

Volfqanq Aleksandr Eduard Maksimilian Rayxsqraf Berge fon Trips… Ömrü adı qədər uzun olmayan, daha əvvəl heç titul mübarizəsinə qoşulmaq imkanı əldə edə bilməyən gənc alman üçün mövsüm yaxşı keçir. Sondan üçüncü yarış olan Almaniya Qran Prisində ikinci yeri tutaraq Fil Hill üzərində üstünlüyünü 4 xala çatdırır. Montsadakı pouldan başladığı və bəlkə də, titulu rəsmiləşdirəcəyi yarış isə bir neçə dəqiqə sonra Formula1 tarixinin ən böyük faciələrindən birinə səhnə olur. İkinci dövrədə Parabolikada onu addım-addım izləyən Cim Klarkla təmas yaşayan Volfqanq ağır qəzaya uğrayır və həlak olur.

Volfqanq fon Trips

Qəza o dərəcə şiddətli olur ki, Cim Klark düşdüyü şokdan hadisəni bir qədər fərqli danışır. Gələcəyin dünya çempionu bildirir ki, Volfqanqın maşını toqquşmadan sonra havaya qalxıb və döngənin daxili tərəfinə tərəf uçub. Lakin əslində maşın çöl tərəfə doğru sovrulur və sürücüdən əlavə, 15 tamaşaçı da həlak olur. Yarış davam etdirilir və onun komanda yoldaşı Hill qələbə qazanaraq yeganə titulunu əldə edir. Mühəndislər Kubokunda qalib olan Ferrari komandası ABŞ-dakı son yarış üçün Atlantik okeanının o tərəfinə getməmək qərarına gəlir…

 

Qrəhəm Hill – 1964

Mövsümün başlanğıcı, hətta ilk 5-6 yarış titul mübarizəsinin Qrəhəm Hill və Cim Klark arasında keçəcəcəyini göstərir. Lakin sonrada vəziyyət tamamilə dəyişir. Mövsümün sonuna iki yarış qalmış, Hill 32 xalla lider, Klark 28 xalla ikinci yerdəykən, ilk 4 yarışın üçündə finiş görməyən Con Sörtiz 26 xalla üçüncü yerdə qərarlaşır. Sondan ikinci yarış olan ABŞ Qran Prisindəki qələbə də Hillin köməyinə çatmır. Sörtiz həmin yarışı ikinci sırada tamamlayaraq Klark xal zonasına düşmədiyi üçün ikinci yerə yüksəlir. Həlledici son yarış Meksikada baş tutur.

Qrəhəm Hill

Tarixin ən maraqlılarından biri sayıla biləcək bu yarışda çempionatın lideri dəfələrlə dəyişilir. Sörtiz yarışda beşinci sıraya düşür və heç kim artıq onun titul qazanacağına inanmır. Hillin maşınında meydana gələn problem Klarkın onunla eyni xala yüksələrək qələbə sayına görə çempion olacağını göstərir. Lakin sona 1 dövrə qalmış Klarkın motorunda baş verən problem onun 5-ci yerə qədər geriləməsinə səbəb olur. Həmin an üçün Riçi Ginter yarışa liderlik edir, Lorenzo Bandini ikinci sırada, Sörtiz isə üçüncü sırada yarışa davam edir. Bu vəziyyət də Hillin ikinci dəfə çempion olacağını göstərir. Lakin Ferrari Conun titul qazanması üçün ikinciliyin kifayət etdiyini görür, Bandiniyə lazım olan tapşırıq verilir. Beləliklə, Sörtiz bərbad başladığı mövsümü titulla başa vurur.

 

Kley Reqatsoni – 1974

Çox yaxın mübarizələrə şahid olan mövsüm ərzində lider bir neçə dəfə dəyişilir. Kley başa vurduğu yarışlarda olduqca sabit nəticələr əldə edir, əksərini podiumda başa vurur. Cəmi 1 qələbə qazanmasına baxmayaraq, son 2 yarışa Codi Şexterin 1, Emerson Fittipaldinin isə 3 xal önündə girir. Kanadada Emersonun qalib gəlməsi, Kleyin isə ikinci olması bu ikilinin xallarını bərabərləşdirir, lakin braziliyalı sürücü qələbə sayına görə ilk yerə yüksəlir. Yarışı başa vura bilməyən Şexter isə son mərhələ üçün çempionluq ümidlərini saxlasa da, şansı xeyli azalır.

Kley Reqatsoni

ABŞ-da baş tutan final mərhələsinə Şexter 6-cı, Fittipaldi 8-ci, Reqatsoni isə 9-cu sıradan başlayır. Kleyin arxasında maşın qatarının yaranması göstərir ki, isveçrəli sürücünün maşınında nələrsə qaydasında deyil. Mübarizəyə 4-cü yerdə davam edən komanda yoldaşı Niki Lauda Kleyə kömək məqsədi ilə Şexter və Fittipaldını arxasında ləngitməyə başlayır. Reqazzoninin vəziyyəti pit-stopdan sonra da düzəlmir. Lakin maşınındakı problem, həm də avstriyalı digər sürücü Helmut Köyniqqin həlak olduğunu öyrənməsi Nikinin yarışdan çəkilməsinə səbəb olur. Fittipaldi 4-cü yeri tutur və ikinci çempionluğunu əldə edir.

 

Niki Lauda – 1976

Formula1 tarixinin ən maraqlı və ən məşhur mübarizələrindən biri çoxlarınıza tanışdır və məhz 1976-cı ildə baş verib. Mövsümə damğasını vuran üstün çıxışı ilə böyük xal fərqi yaradan Lauda Nürburqrinqdəki məşhur qəzadan sonra 2 yarışı buraxmalı olur. Ceyms Hant qələbələri sıralayaraq fərqi azaldır, Montsadakı dönünüşdən sonra qələbə qazana bilməsə də, Lauda çempionatda liderliyini hətta son yarışa qədər davam etdirə bilir. Son 2 yarışa 8, sonuncu yarışa isə Hant qələbə qazandığı və özü üçüncü olduğu üçün 3 xallıq üstünlüklə yollanır.

Niki Lauda və Ceyms Hant

Sıralanma turunda Hant ikinci, Lauda isə üçüncü olur. Yarış günü yağış yağdığı üçün bir çox sürücü mübarizənin başlamasına etiraz edir. Müzakirələrdən sonra yarışın keçirilməsinə qərar verilir ki, Lauda bu qərardan heç də razı qalmır. İkinci dövrədə Con Vatsonun təhlükəli şəkildə sürüşməsindən sonra Niki yarışdan çəkilmək qərarına gəlir, daha sonra isə bu barədə “həyatım tituldan daha vacibdir” deyir. Hant mübarizəni üçüncü yerdə başa vurur və yeganə titulunu qazanır…

 

Nelson Pike – 1980

Mövsüm Alan Cons və Nelson Pike arasındakı gərgin mübarizə ilə keçir. İmola trasının İtaliya Qran Prisini qəbul etdiyi yeganə yarışda Pike qalib gəlir və həmin yarışı ikinci yerdə tamamlamış Consun 1 xal fərqlə önünə keçir. Lakin braziliyalı sürücü titul qazanmaq üçün daha bir il gözləməli olur…

Nelson Pike

Sondan ikinci yarış olan Kanada Qran Prisinə pouldan başlasa da, motor probleminə görə finişə çata bilmir. ABŞ-dakı həlledici son yarışda da ikinci sıradan start almasına baxmayaraq, bu dəfə öz səhvindən yarışı tamamlaya bilmir. Bunun müqabilində Alan hər iki yarışı qələbə ilə başa vurur və adını dünya çempionları arasına yazdırır.

 

Karlos Röyteman – 1981

Argentinalı sürücü mövsümə fırtına kimi başlayır və ilk 5 yarışın hamısını podiumda başa vuraraq xeyli xal fərqi yaradır. Növbətiyarışlarda Pikenin ardıcıl şəkildə finiş görməməsi liderliyi möhkəmlətmək üçün əla şans yaratsa da, uğursuzluqlar ona da rast gəlir.

Karlos Röyteman

Mövsümün davamındakı qeyri-sabit nəticələr Karlosa baha başa gəlir. İtaliya Qran Prisində üçüncü olaraq son 2 yarışa 3 xallıq üstünlüklə yollanır. Lakin nə Kanadada, nə də Las Veqasda xal qazana bilmir. Pike isə hər iki yarışı sadəcə 5-ci yerdə başa vuraraq bir il əvvəl əlindən buraxdığı titula yiyələnir.

 

Alen Prost – 1983

Əfsanəvi fransız sürücünün çox yox, bir qədər bəxti gətirsəydi, hazırda 8 titulla rekordçu olardı. İlk şanssızlıq da məhz 1983-cü ilə təsadüf edir. 4 qələbə ilə son 4 yarışa böyük fərqlə yollanan Alen uğursuzluq zolağına düşür. Ardıcıl 2 yarışda finiş görməsə də, sona 2 yarış qalmış Rene Arnunu 2, Nelson Pikeni isə 5 xalla üstələyir. Ondan 11 xal geri qalan patrik Tambenin də titul şansları qalır.

Alen Prost və Nelson Pike Brənds Hətçdə podiumda

Brənds Hətç trasında baş tutan Avropa Qran Prisində Pike qalib, Prost isə ikinci olur. Fransız sürücü ümumi nəticədə bu dəfə də braziliyalı həmkarını 2 xal üstələyir. Arnu isə xal zonasına düşmədiyi üçün çempionluq şanslarını minimuma enir. CAR-ın Kyalami trasındakı həlledici yarışa Pike ikinci, Prost isə beşinci yerdən başlayır. Nelson startda liderliyə yüksəlir. Yarışın gedişində 3-cü yerə qədər qalxan Prost turbindəki problemə görə mübarizəni dayandırır. Artıq çempionluq üçün dördüncülük də kifayət etdiyi üçün Pike sürətini xeyli zaldır, yarışı üçüncü sırada başa vuraraq növbəti titulunu əldə edir.

 

Naycel Mənsell – 1986

Naycel mövsümə yaxşı başlamasa da, ardıcıl qələbələrlə mütəmadi podiumlar əldə edən Prostu üstələməyə nail olur. Mövsüm Williams sürücüləri ilə Porstun mübarizəsi ilə yadda qalır, onlara isə nisbətən zəif Lotus ilə Ayrton Senna müqavimət göstərir. Portuqaliyadakı qələbə ilə Nayvel üstünlüyünü sona 2 mərhələ qalmış 10 xala çatdırır. Meksikadakı yarışı Prost ondan irəlidə başa vuraraq fərqi 6 xala salır.

Naycel Mənsellin təkərinin partladığı an

Növbə Avstraliyanın Adelayde trasındakı unudulmaz yarışa çatır. 150 000 nəfərin tribunadan izlədiyi mübarizəyə pouldan start alan Mənsell ilk dövrədə 4-cü yerə qədər geriləyir. Yarışda baş verənlərin hamısını yazmaq çox uzun olar. Qısaca – Rosberq daha sonra liderliyə yüksələrək fərqi artırır, onun problem yaşaması ilə Prots liderliyə yüksəlir. Həmin an üçüncü olan Mənsellin 63-cü dövrədə təkəri partlayır. Eyni şeyin Pikenin də başına gələcəyindən qorxan komanda onu pit-stopa çağırır. Braziliyalı sürücü 15 saniyədən çox olan fərqi 4 saniyəyə qədər endirir. Lakin komanda yoldaşının çempion olması üçün Prosta çatıb onu keçə bilmir. Alen finiş xəttini tamamilə bitmiş yanacağı ilə bir neçə metr keçib dayanır və ardıcıl ikinci dəfə çempion olur.

 

Alen Prost – 1988

Formula1 tarixinin ən çox müzakirə olunan mübarizəsi məhz 1988-ci ildən başlayır. Honda-dan güc alan McLaren Prostun yanına Sennanı gətirir. İki barışmaz rəqibdən ibarət komanda olduqca üstün maşınla İtaliyadan başqa bütün yarışlarda qalib gəlir. Mövsümün taleyini isə xalların hesablanma qaydası müəyyən edir. Sona iki yarış qalmış Prostun aktivində 90, Sennanın Aktivində isə 79 xal olur. Lakin həmin il ən yaxşı 11 nəticə qeydə alındığından, Prostun sadəcə 84 xalı ona kömək edir.

Ayrton Senna və Alen Prost

Son iki yarışda hər iki sürücü bir qələbə, bir ikincilik əldə edir. Lakin bu, Prostun əleyhinə olur. Senna buna qədər 3 dəfə xal zonasından kənarda qalmış, bir dəfə də 1 xalla kifayətlənməli olmuşdusa da, Prost cəmi 2 yarışda finiş görə bilməmiş, qalan bütün yarışları ilk iki sırada başa vurmuşdu. Nəticədə, son 2 yarışdan sonra Prostun xal itkisi daha çox olur. Ümumilikdə Sennanın 94 xalına qarşı 105 xal toplasa da, sayılan xallar onda 87, Sennada isə 90-a bərabər olur…

 

Mixael Şumaxer – 2006

Ferrari ilə ardıcıl 5 tituldan sonra 2005-ci ildə Fernando Alonso ilə xarüqələr yaradan Renault-ya qarşı kölgədə qalan Şumi 2006-cı ilə də sönük başlayır. Lakin tezliklə vəziyyət onun xeyrinə dəyişilir. Xüsusilə də, mövsümün ikinci hissəsində Renault-ya tətbiq edilən məhdudiyyətlər Ferrari-ni irəli keçirir. Sona 2 yarış qalmış Çindəki qələbə Mixaeli eyni xalla olsa da, zəfər sayına görə liderliyə yüksəldir.

Fernando Alonso və Mixael Şumaxer

Sondan ikinci yarış olan Yaponiya Qran Prisi alman sürücü üçün əla başlayır. Startda ilk iki yeri Ferrari, növbəti cərgəni isə Toyota sürücüləri tutur. Alonso yalnız beşinci yerdən başlaya bilir. Lakin heç də hər şey belə gözıl başa çatnır – Şumaxerin motora görə bitirə bilmədiyi yarışı Alonso qələbə ilə tamamlayır. Braziliyaya çox rahat yollanan Fernando burada da yarışı Şumaxerin önündə başa vuraraq ardıcıl ikinci titulunu əldə edir.

 

Lyuis Həmilton – 2007

Son dövrlərin ən qalmaqallı mövsümlərindən biri McLaren-ə keçid edən son iki ilin çempionu Fernando Alonso ilə çempionatda debüt edən onun komanda yoldaşı Lyuis Həmilton arasındakı mübarizəyə səhnə olur. Bu mübarizənin təkcə tras üzərində olmaması, tərəflərin bir-birinə qarşı sərt və barışmaz mövqeyi yekunda komanda üçün heç də yaxşı nəticələnmir. Sondan üçüncü yarış olan Yaponiya Qran Prisində Alonsonun finiş görməməsi fonunda Həmiltonun qələbə qazanması hamıda intriqanın ölməsi təəssuratı yaradır. Sona iki yarış qalmış, Həmilton 107 xalla lider, Alonso 95 xalla ikinci olur. Aktivində 90 xalı olan və üçüncü yerdə qərarlaşan Kimi Rəykköneni isə heç kim real təhlükə olaraq görmür.

Avstraliya Qran Prisinin podiumu. 2007-ci il

Lakin son iki yarışda baş verənlər göstərir ki, Formula1-də 1 xalın belə böyük hökmü var və heç vaxt kağız üzərində də olsa, şansı qalan sürücünün üzərindən xətt çəkmək olmaz. Çində Lyuis bir yarış əvvəl komanda yoldaşının yaşadığı aqibətlə üz-üzə qalır. Rəykkönen qalib gəlir, Alonso isə ikinci olaraq xal fərqini xeyli azaldır. Həmilton Braziliyadakı son yarışa Alonsonun 4 xal önündə yollanır, Rəykkönen isə ondan 7 xal geri qalır. Braziliyada Həmilton 2-ci, Rəykkönen 3-cü, Alonso isə 4-cü yerdən yarışa başlayır. Lyuis startda iki rəqibinə də keçilir, daha sonra səhvə yol verərək 8-ci sıraya qədər geriləyir. Üstəlik ötürmələr qutusunda da problem yaşayan britaniyalı sürücü yarışı yalnız 7-ci sırada bitirə bilir. Onun komanda yoldaşı 3-cü olaraq xalları bərabərləşdirir. Hər iki sürücü 109 xalda olsa da və eyni sayda qələbə qazansalar da, ikincilik sayına görə Həmilton onu üstələyir. Lakin bu çempionluq üçün bəs etmir. Rəykkönenin qələbəsi onun xal sayını 110-a çatdırır və finlandiyalı sürücü McLaren-dəki hər iki rəqibini 1 xal üstələyərək yeganə titulunu əldə edir.

 

Fernando Alonso – 2010

Biz 3 komandalı çempionluq mübarizəsinə çoxdandı ki, şahidlik etmirik. Lakin 2010-cu ildə bu mübarizə o qədər pikk həddə idi ki, təkrarlanması çətin məsələdir. Mövsüm ərzində çempionat liderinin neçə dəfə dəyişdiyini də saymaq çətindir. Demək olar ki, hər yarışda mənzərənin tamamilə dəyişdiyi mövsümə kimin yaxşı, kimin pis başladığını demək də asan deyil. Maraqlısı odur ki, sonda titula yiyələnən Fettel il boyunca daha əvvəl heç çempionat lideri ola bilmir.

Fernando Alonso

Koreyadakı yarışdakı qələbə ilə Alonso 11 xallıq üstünlüyə yiyələnir. 231 xalı olan ispan sürücünü 220 xalla Mark Uebber izləyir. Həmilton 210, Fettel isə 206 xala sahib olur. Sona 2 yarış qalmış, hətta 189 xalı olan Censon Battonun da çempionluq şansı davam edir. Braziliyada adını çəkdiyimiz 5 sürücü elə ilk beşlikdə qərarlaşır – Fettel qalib gəlir, Uebber ikinci, Alonso isə üçüncü olur. Dördüncü olan Həmiltonun titul üçün artıq möcüzəyə ehtiyacı olur. Əbu Dabidəki yarışa Alonso 246 xalla lider, Ubber 238 xalla ikinci, Fettel 231 xalla üçüncü, Həmilton isə 222 xalla dördüncü sırada yollanır. Lakin Fettelin qalib gəldiyi həlledici yarışda Alonsonun yalnız 7-ci, Ubberin isə 8-ci olması heç kimin gözləmədiyi halda alman sürücünün ilk titulu əldə etməsi ilə nəticələnir…

 

Hazırda da yekuna 2 yarış qalıb. Maks Ferstappen 8 xallıq üstünlüyə malik olsa da, Lyuis Həmilton belə görünür ki, son yarışlarda daha yaxşı maşına sahibdir. İndiyə qədər cəmi 13 dəfə baş vermiş hala biz bu il də şahid ola bilərik…

 

 

 

 

 

 

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*