Z.Braun: “Artıq son həddəyik”

McLaren-in icraçı direktoru Zek Braun Reuters agentliyinə müsahibəsində etiraf edib ki, Honda ilə tərəfdaşlıq istənilən nəticələri vermir və komandanın yeni qərar qəbul edəcəyi məqam yaxınlaşır.

F-1.az xatırladır ki, yapon motorçular Kanada Qran Prisinə güc qurğusu üçün yenilənmə paketini gətirməyi planlaşdırırdılar. Lakin vəd edilən yeniliklər hələ hazır deyil və bu yarışda tətbiq ediləcəyi inandırıcı görünmür. McLaren komandası Honda ilə əməkdaşlığa başlayarkən ümid edirdi ki, bir neçə ilə qələbə uğrunda mübarizə apara bilər. Lakin artıq buna kifayət qədər şübhə var.

Zek Braun: “Honda çox ciddi səylər göstərir, lakin belə təəssürat yaranır ki, onlar artıq istiqamətlərini itiriblər. Bu yaxında bizə bildirdilər ki, yeniliklərin Kanada yarışına çatdırılması inandırıcı görünmür və nə vaxt olacağı barədə dəqiq məlumat verə bilmirlər. Bu isə narahatlıq doğurur. Çünki vəziyyət çox pisdir və biz həmişə gerilərdə ola bilmərik.

Biz və sürücülərimiz yenilikləri səbirsizliklə gözləyirdik. Buna görə də indi hamı məyusdur. Məsələ burasındadır ki, çox çalışırlar, lakin lazım olan nəticəni əldə edə bilmirlər. Komandanın icra komitəsi artıq göstəriş verib ki, bənzər vəziyyətə daha bir mövsüm yol vermək olmaz. Mən əlimizdə olan başqa variantlar barədə düşünmək istəmirəm. Honda ilə qələbələr qazanmağa üstünlük veririk, lakin bu mümkün deyilsə, başqa qərar qəbul etməli olacağıq. Çox narahatıq. Yenilikləri vaxtında ala bilmirik. Nə vaxt alırıq, onda da effekt vermir. Hansısa məqama qədər dözə bilərik və biz artıq son həddə çatmışıq”

Braunun sözlərinə görə, 3 ay ərzində ciddi qərarlar qəbul olunacaq. Çünki komanda yeni maşının hazırlanmasına başlamalıdır və Fernando Alonsonun McLaren-də gələcəyi də bundan çox asılıdır: “Bu qərara bir çox amillər təsir göstərir. Lakin, deyəsən, yolları ayıracağımız vaxt yaxınlaşır. Çünki biz də hansı istiqaməti seçəcəyimizi vaxtında müəyyən etməliyik. Honda ilə əməkdaşlığa başlamaq düz addım idi, lakin hələ nəticə yoxdur. Formula1-də bir il uzun müddətdir, 3 il isə 10 ilə barəbardir. Amma bu vəziyyət həmişə davam edə bilməz”.

Ekspertlərin hesablamalarına görə, Honda konserni McLaren-in büdcəsinə hər il 100 milyon dollar əlavə edir. Uokinqdəkilərin bu pulları itirməyi özlərinə rəva görəcəklərinə şübhə var, lakin Braun hesab edir ki, komanda son 3 ildə ciddi maliyyə itkiləri ilə üzləşib: “Əgər hesablasaq görərik ki, Mühəndislər Kubokunda tutulan yerlərə görə verilən mükafatları və uzadılmamış sponsorluq müqavilələrini nəzərə aldıqda nə qədər pul itirmişik. Bütün bunlar Honda ilə əməkdaşlığın kommersiya faydalarını əhəmiyyətli dərəcədə azaldır”.

Honda təmsilçiləri Zek Braunun bu açıqlamaları barədə hələ heç nə deməyiblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*