Williams yeni fəlsəfəli maşınını təqdim edib – Williams FW41

Formula1-in köklü komandalarından olan Williams builki bolidi FW41-i təqdim edib.

F-1.az bildirir ki, FW41 Pəddi Lounun rəhbərliyi altında komandanın ilk işidir.

Xatırladaq ki, Williams komandası ilk yarışına 1977-ci ildə çıxıb və bu il də ənənəvi ada davam edib. Britaniya təmsilçisi çempionatda bu günə kimi 114 qələbə, 7 Sürücülər və 8 Mühəndislər Kuboku qazanıb. Formula1-in ən titullu ikinci komandası son iki mövsümü 5-ci yerdə bağlamışdı.

Yeni bolid fərqli fəlsəfəyə sahibdir. Ön tərəfdə S kanalı var. Bolidin burnunun altı və saydpodun qarşısı qapalı görünür. Saydpodun girişi isə Ferrari-nin keçənilki dizaynı formasında hazırlanıb. FW41 sələfindən xeyli fərqlənir.

Kler Uilyams: “Geri döndüyümüzə və yeni sürücü heyətimizə görə həyəcanlıyam. Komanda uzun müddətdir ki, FW41-in üzərində işləyir. Ləns və Sergeyi sükan arxasında görmək üçün səbirsizlənirəm. Ləns keçən il təsiredici performans göstərdi. İlk mövsümü olsa da, Felipeyə az fərqlə məğlub oldu. Bundan başqa podiuma yüksəldi və ön qrupdakı üç komandadan başqa podiuma yüksələn yeganə komanda olduq. Bu il isə performansımızı artırmaq istəyirik.

Bundan başqa mükəmməl performans göstərən Sergeylə Robertin komandaya qoşulmasından razıyam. Komanda onlarla daha güclü olacaq. Sergey texniki heyəti təəccübləndirdi. Onu yarışdırmağımız əla oldu. Robert də komanda ilə yaxından işləyərək, bolidin inkişafına kömək edəcək. Bütün komanda bolidin inkişafı üçün əlindən gələni etdi. Bundan başqa fanlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm”.

Pəddi Lou: “FW41-i ilk dəfə numayiş etdirmək həyəcanvericidir. Boliddə çoxlu yenilik var və əksəriyyəti o dəqiqə görünmür. Dəyişikliklər hesabına güclənməyi hədəfləyirik. Bütün Formula1 bolidləri əvvəlkinin təkmilləşmiş versiyasıdır. Amma FW41 çox sahədə fərqlənir. Ümumilikdə maksimumu almaq üçün yeni fəlsəfə ilə işləməyə başladıq. Formula1 bolidini hazırlayarkən aerodinamika, bünövrə və ağırlıq 3 əsas ünsürdür. Mercedes güc qurğusunu təkmilləşdirdiyi üçün şassidə radikal dəyişikliklər etdik. Bu işlərin nəticəsində FW41-i təqdim edirik. Bu bolidlə keçənilki performansımızı yaxşılaşdırmaq istəyirik”.

Ləns Stroll: “Yeni mövsümdən əvvəl cavabsız suallar çox olur. Bu da vəziyyəti daha həyəcanlı edir. Komanda ilə keçirdiyim bir mövsümdən sonra yenidən sükan arxasına keçmək üçün səbirsizlənirəm. Trasa çıxana qədər komandalar arasındakı fərqi bilmək olmaz. Bolid barədə müsbət düşünürəm. Keçən il mənim üçün öyrənmə müddəti idi. Görək yeni mövsüm necə olacaq”.

Sergey Sirotkin: “Yeni mövsümdən əvvəl həyəcanlıyam. Bazada çox vaxt keçirdim. Demək olar ki, orada yaşayıram. Bu həm mənim üçün, həm də komanda üçün əlavə motivasiyadır. Mexaniklər və mühəndislərlə işləməkdən həzz aldım. Hər şey qaydasındadır. Çox işləyirəm və davamlı olaraq simulyatorda vaxt keçirərək fərqli sazlanmalar sınayıram. Bolidi fərqli traslarda sürürəm. Mühəndislərin iclaslarına qatılıram və hamı ilə söhbət edirəm. Bundan həzz alıram. Yaxşı nəticələr almağa hazıram”.

Robert Kubitsa: “Formula1-ə başqa vəzifə ilə qayıdıram. Lakin həmişə padokda olacam və bunun üçün səbirsizlənirəm. Daha əvvəl getdiyim yerlərə qayıtmaq maraqlı olacaq. Bəzən başqalarının yarışmasına baxmaq çətin olacaq. Amma başqa işdəyəm. Bizi çətin mövsüm gözləyir. İşimi ən yaxşı formada görməliyəm. Artıq mövsüm başlasın!”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*