22 Noyabr 2017, Çərşənbə - 13:06

Williams Martini Racing – Williams FW38

Williams Martini Racing – Williams FW38

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:14 - 19 Fevral, 2016

Williams komandası keçən il yeni maşınını mövsümöncəsi testlərin ilk günü təqdim etmişdi, bu il isə testlərə bir neçə gün qalmış komandanın mətbuat xidməti FW38-in studiya şəkillərini komanda rəhbərliyinin və sürücülərin sitatları ilə yayıb. F-1.az xatırladır ki, yeni maşın trasda fevralın 22-də debüt edəcək.

Maşın ənənəvi rəng çalarlarına boyanıb, komandanın məqsədi də dəyişməyib – son illərdə əldə olunan inkişaf tempini və uğuru təsdiq etmək…

Frənk Uilyams, komandanın başçısı: “Son iki ili Mühəndislər Kubokunda 3-cü yerdə başa vurmaqla komandamız güclülər liqasında möhkəmlənib. Bu, xüsusən də bizim rəqiblərimizin daha böyük maliyyə resurslarını nəzərə alsaq, ciddi uğurdur. Mövqeyimizi bu il qorumaq asan olmayacaq, amma biz inkişafımızı davam etdirməyə köklənmişik, unutmayaq ki, ancaq qələbəni yaxşı nəticə hesab etmək olar.

Bizim stabil komandamız var, Valtteri və Felipe komandada 3-cü mövsümə hazırlaşırlar. Onlar effektiv əməkdaşlıq edirlər. Texniki ştabımız da dəyişməyib – Formula1-in ən yaxşı mütəxəssisləri bizdə çalışır.

Gələn həftə mövsümöncəsi testlər başlayır, biz yeni maşını mövsümə hazırlamalıyıq. Qüvvələr nisbətində yerimizi başa düşmək üçün Melburnu gözləməli olacayıq, amam mən əminəm ki, bizim əməkdaşların gərgin əməyi öz bəhrəsini verəcək…”

Kler Uilyams, başçının köməkçisi: “Reqlamentdəki stabillik qarşıdakı mövsümdə çox sıx mübarizədən xəbər verir, bizi maliyyə resursları bizdən çox olan komandalarla mübarizə gözləyir. Amma biz qış tətilində əldə etdiyimiz nailiyyətlərə əminik: FW38 keçənilki FW37-nin nöqsanlarından azad olub, maşının bütün sahələri təkmilləşdirilib.

Bu maşının layihəsi üzərində vaxtından əvvəl işləməyə başlamışdıq və mən ümid edirəm ki, daha çox vaxt sərf etməyimizin bizə xeyri olacaq. Bu gün təqdim olunan maşın son variant deyil, biz Avstraliyaya yeniliklər hazırlayırıq və mövsümün gedişində də daim təkmilləşdirmə proqramı nəzərdə tutulub.

Williams komandası 2016-cı ilə əla formada başlayır. Yaxşı mütəxəssislər komandamız var, son illərdə güclü inkişaf tempimiz olub. İndi bu tempi artıraraq komandanı zirvələrə qaldırmaq vaxtıdır…”

Williams FW38

Felipe Massa: “Mühəndislər Kubokunda ardıcıl iki il 3-cü yeri tutmaq ciddi nailiyyətdir və qarşıdakı mövsümdə daha uğurlu nəticə gözləməyə güclü səbəbdir.

Biz keçən mövsüm maşının zəif yerlərini müəyyən etməyə çox vaxt sərf etdik, bazadakı əməkdaşlarımız da yeni maşın üzərində çox əmək sərf etdilər. Mən komandaya inanıram və səbrisizliklə FW38-in sükanı arxasına oturmaq imkanını gözləyirəm ki, onun rəqabətədavamlılığını qiymətləndirim.

Mən şadam ki, mənim komanda yoldaşım yenə də Valtteri Bottas olacaq, o, çox istedadlı sürücüdür və komandaya çox şey verir…”

Valtteri Bottas: “Yeni maşının debütü həmişə maraqlı olur, biz hamımız səbrsizliklə onun trasda debütünü gözləyirik ki, sürətini və idarə olunmasını dəyərləndirək. Qışda gördüklərimə əsasən deyə bilərəm ki, komanda bu maşın üzərində düzgün istiqamətdə işləyib, gələn həftə başlayan testlərdə isə əldə etdiyimiz inkişafı təsdiq etməliyik.

Bizim komanda yarışlarda qələbə uğrunda mübarizə aparmalıdır, biz həmişə buna köklənmişik. Mən əminəm ki, ciddi inkişaf etmişik və ümid edirəm ki, bu il ən yaxşı nəticələrə imza atacam. Qış tətilində bazada gərgin işləyən hər bir əməkdaşımıza tşəkkür etmək istəyirəm…”

Williams FW38
WILLIAMS MERCEDES FW38-in TEXNİKİ XARAKTERİSTİKASI:

Komandanın mətbuat xidməti yeni maşının texniki xarakteristikasını da dərc edib…

Şassi: Karbon liflərindən və kompozit materiallardan hazırlanmış monokok, komanda tərəfindən hazırlanıb və minimal çəkidə maksimal yüklənməyə hesablanıb. Mercedes motoru əsas güc qurğusudur.

Ön asılqan: Yuxarı və aşağı linklər, qoşa üçbucaq linklər karbondandır, balansirlər itələyici sistemlə qarşılıqlı əlaqələndirilib. Monokokun ön hissəsindəki torsion yayı və amortizatorlarla birləşib.

Arxa asılqan: Yuxarı və aşağı linklər, qoşa üçbucaq linklər karbondandır, itələyici sistem ötürmələr qutusunun korpusunun üstndə olan torsion yayı və amortizatorlarla qarşılıqlı əlaqələndirilib.

Transmissiya: Səkkizpilləli yarımavtomat sekvental ötürmələr qutusu bir arxa ötürməsi olmaqla titan korpusda komanda tərəfindən hazırlanıb. Ötürmələr pilləsiz keçirilir və zamana qənaət edilir. Çoxdiskli karbon ilişmə muftasını da komanda hazırlayıb.

Amortizatorlar: Williams

Təkər diskləri: Aptech,döymə maqnezium ərintisindən

Təkərlər: Pirelli. Ön təkərlər: 245/660-13, arxa təkərlər: 325/660-13

Əyləc sistemi: Karbon disk və qəliblər. AP Racing-in istehsalı olan dayaq diski və baş silindrlər, öndə 6 porşenli, arxada 4 porşenli.

Sükan sistemi: reykalı, Williams-ın hazırladığı gücləndirici ilə

Yanacaq sistemi: Armatur əlavə olunaraq bərkdilmiş ATL istehsalı olan kevlar yanacaq çəni.

Elektronika: MES-Microsoft şirkətinin istehsalı olan standart elektron idarəetmə bloku.

Soyutma sistemi: güc qurğusunun və ötürmələr qutusunun soyudulması üçün alüminium radiatorlar

Kokpit: Karbon liflərindən olan və asanlıqla çıxarıla bilən anatomik formalı sürücü oturacağı, eni 75 mm olan altınöqtəli sürücü təhlükəsizlik kəmərləri və HANS sistemi. Sükan çarxı, ötürmələri keçirən yarpaqlar, ilişmə muftasının yarpaqları.

Motor: Mercedes-Benz PU106C Hybrid, yanacağın bir başa püskürülməsi – maksimal təzyiq bir silindrdə 500 bar, 1.6 litrlik turbo V6. Dirsəkli valın bir dəqiqədə dövriyyəsi – 15 min. Bir yarışa maksimum 100 kq yanacaq işlətməyə icazə verilir, yanacaq sərfiyyatı isə saatda 100 kq keçə bilməz. Silindrlərin aralıq bucağı 90 dərəcə. Silindrin diametri – 80 mm, porşenin gedişi – 53 mm. Dirsəkli lnkin hündürlüyü 90 mm.

Turboqovucu: Birpilləli kompressor və turbin işlənmiş qazlardan hərəkətə gəlir, maksimal fırlanma sürəti – dəqiqədə 125 min dövriyyədir, təzyiqə məhdudiyyət yoxdur (adətən maksimum 4 bar olur).

ERS sistemi: Mercedes AMG HPP

Qabariti və kütləsi: Kütləsi FİA-nın icazə verdiyi minimum kütləyə (702 kq) uyğundur, uzunluğu 5000 mm, hündürlüyü 950 mm, eni 1800 mm-dir.


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 568
Teqlər , , , , ,
Paylaş

logo