V.Bottasdan ilk qələbə!

Mövsümün dördüncü yarışı Rusiya Qran Prisi bu dəfə də Mercedes AMG komandasının qələbəsi ilə başa çatıb. Yarış Ferrari üçün sıralanma turu qədər uğurlu alınmayıb.

F-1.az xəbər verir ki, Fernando Alonso qızdırma dövrəsində güc qurğusundakı problemə görə dayanmalı olub. Üçüncü yerdən start alan Valtteri Bottas ilk döngəyə qədər liderliyi ələ keçirib. Qrojan və Palmerin ilk dövrədəki qəzası Təhlükəsizlik Maşınının trasa girməsinə səbəb olub. Daniel Rikkardo əyləc probleminə görə yarışı dayandırmalı olub.

Liderlərdən pit-stopa ilk yollanan da Bottas olub. Rəykkönen həmyerlisindən iki dövrə sonra –  30-cü dövrədə, Həmilton isə 31-ci dövrədə təkərləri dəyişiblər. Komanda Fetteli bir qədər də trasda saxlamaq qərarına gəlib. Alman sürücü yalnız 35-ci dövrədə pit-stopa çağrılıb. Lakin ön sol təkərin gec bağlanması vaxt itkisinə səbəb olub və Fettel trasa ikinci yerdə qayıdıb.

Fettel yarışın son dövrələrində Bottasla fərqi bir saniyədən aşağı salsa da, finlandiyalı ona hücum şansı verməyib və damalı bayrağı ilk görən sürücü olub. Bu, Valtterinin 81-ci yarışında qazandığı ilk qələbəsidir. Yarışda ikinci yeri Fettel, üçüncü yeri isə Rəykkönen tutublar. Həmilton yalnız dördüncü ola bilib.

Bottas komanda yoldaşı Həmiltonla xal fərqini 10-a endirib. Mercedes AMG isə Mühəndislər Kubokunda yenidən liderliyə yüksəlib – Ferrari “gümüşü oxlar”dan bir xal geri qalır.

Mübarizə iki həftə sonra İspaniyada davam edəcək…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*