Toro Rosso komandası Avstraliya Qran Prisinin ilk dövrəsində qəzaya uğramış Sebastyen Bueminin maşınının bərpasının neçə başa gələcəyini hesablayıb: komandanın başçısı Frans Tost İsveçərinin Blick qəzetinə 150 min Avro söyləyib. Bu zaman dağılmış şassi Avropaya göndəriləcək, Malayziyada isə sürücü yeni şassidə çıxış edəcək.
Xatırladaq ki, üç maşının iştirak etdiyi qəzaya səbəb Kamui Kobayaşinin Sauber-inin ön antiqanadının bərkidicisi olub. Sərbəst yürüşlərdə bu element iki dəfə qırılmışdı, Albert Parkda yarışın ilk dövrəsində isə yenidən sıradan çıxıb – altıncı döngədə idarə olunmayan maşın Bueminin Toro Rosso-suna və Niko Hülkenberqin Williams-ına çırpılıb…