Tələb olunan dayanacaq

Bəhreyn Qran Prisi Formula1 azarkeşləri üçün çoxdan gözlənilən fasiləni gətirdi, son zamanlar dünyanın ən bahalı idman növündəki süjet dəyişikliyi azarkeşlərə […]

Bəhreyn Qran Prisi Formula1 azarkeşləri üçün çoxdan gözlənilən fasiləni gətirdi, son zamanlar dünyanın ən bahalı idman növündəki süjet dəyişikliyi azarkeşlərə müxtəlif xəstəliklərə yiyələnməyə kömək edib. Hamı belə bir sakit yarış istəyirdi – kataklizm, qalmaqal və Təhlükəsizlik Maşını olmasın, bəlkə də belə bir yarış bəzilərinə darıxıdrıcı göründü, amma əsilndə belə bir yarış çoxdan toplanıb qalmış müəyyən suallara cavab verdi…

Məsələn, dünən sıralanma turundakı ikili qələbəsindən sonra özüm-özümə sual verirdim – “Axı Toyota-nın nəyi pisdir?”, amma bu gün bu suala düşünmədən cavab verə bilərəm – strategiyası. Yapon komandasının Ross Braun kimi strategi yoxdur, axı məhz Ross Malayziya və Bəhreyndə Censon Battonun ilk pit-stopdan sonra irəli çıxmasını əvvəldən planlaşdırmışdı. Komandanın müxtəlif təkər strategiyasında start alan iki sürücüsünün üstünlüyü də yoxdur, amma əvəzində belə bir tez pit-stop strategiyası digər komandalara düzgün təkər seçimi etməyə imkan verdi – hamı Lyuis Həmiltona radio ilə bərk təkərlərin yumşaq təkərlərdən bir saniyə yavaş olması barədə məlumatı eşitdi. Yarno və Timo isə ilk pit-stopa birinci girdikləri üçün heç kimdən belə bir nəsihət ala bilmədilər…

Trulli və Qlok üçün təkər seçimində komandanın səhvini hamı gördü, amma bundan əvvəl komanda daha bir səhv etmişdi – yanacaq strategiyası. Bir gün əvvəl komanda nə TF109-un tempini, nə Yarno Trullinin sıralanma turlarındakı keyfiyyətlərini, nə də rəqiblərin cavablarını qiymətləndirməmişdi. Poul uğrunda mübarizədə italiyalı sürücünün maşının baklarına ən azı on kiloqram əlavə yanacaq vurmaq olardı, ekspertlərin fikrincə, bu sıralanma turunda 0.37 saniyə fərq verərdi, yəni ikinci yerdən start almaqla Trulli Sebastyan Fettel və Censon Battonla bərabər vəziyyətdə ola bilərdi. Reallıqda isə Trulli qələbəni əldən verdi – ilk pit-stopa üç dövrə sonra girmiş çempionatın lideri asanlıqla fərqi aradan qaldırdı, təkər strategiyasındakı səhv isə Trullini üçüncü yerlə kifayətlənməyə məcbur etdi. Hələ Trullinin bəxti gətirdi ki, Fettel ilk 15 dövrəni Lyuis Həmiltonun arxasında ilişdi, yoxsa italiyalı sürücü ikinci yerini də elə birinci pitdən sonra əldən verəcəkdi…

Əlbəttə, yarışın taleyində həlledici rolu Lyuis və onun maşınına quraşdırılmış KERS oynadı, startda Lyuis Fettel və Battonu qabaqlasa da, artıq ikinci dövrənin başlanğıcında həmyerlisini irəli buraxdı – məhz bu manevr bizləri Batton-Fettel duelindən mərhum etdi, amma bu manevr olmasa idi taktiki qələbə məhz alman sürücüdə olmalı idi. Amma bilmək olmaz, bəlkə strategiya genisi Ross Braun yarışın gedişində öz sürücüsü üçün yenə nəsə fikirləşə bilərdi. Axı yarışın gedişində o Rubens Barrikellonun strategiyası ilə müxtəlif eksperimentlər keçirirdi, kim bilir Ross nə üzərində düşünürdü? Mövsümün sonuna qədər yeni komandada belə olacaq – məhz bu komandanın işi adlanır…

Yanacaqdan danışarkən, mən ilk pit-stoplar barədə bəzi saytların fərziyyələrini təhlil etmək istərdim, bilirsiniz ki, FİA sıralanma turundan sonra maşınların yanacaqla dolu çəkisini rəsmən dərc edir və bundan sonra hamı ilk pit-stop barədə proqnozlar söyləməyə başlayır. Bu dəfə də proqnozlar müxtəlif idi, Bəhreyn yarışının quru havada ilk normal yarış olmasını nəzərə alaraq (hamı ilk pit-stopa təkərin tez yeyilməsi və ya başqa bir səbəb üzündən deyil, məhz həqiqətən yanacaq qurtardığı üçün getmişdi) müəyyən nəticələr çıxarmağın vaxtıdır. Nəticələr isə doğrudan da maraqlıdır – demək olar ki, bütün proqnozlar səhv idi, amma artıq aydındır ki, müxtəlif komandalarda hətta eyni motorların yanacaq sərfi eyni deyil.

Beləliklə, F1Fanatic Toyota-nın pit-stoplarını 10-12-ci dövrələrdə söyləməklə haqlı oldu, amma Brawn GP və McLaren-də (yəni Mercedes motoru) səhv etmişdi. Ona görə ilkin nəticə – əgər yaponlar yanacaq sərfini azaltmasalar strategiya döyüşündə həmişə məğlub olacaqlar. Autosport isə peletonda altı maşını hərəkətə gətirən Ştutqart motorunun sərfini düzgün söyləmişdi, amma Toyota-da 2 dövrə, Renault və Red Bull-da (Renault motorları) isə 1 dövrə səhvə yol vermişdi. Daha bir maraqlı nəticə – fransız motorları daha qənaətcildirlər…

Saxirdə keçən son normal yarışa əsasən daha bir nəticə çıxarmaq olar – hazırkı qüvvələr nisbətini qiymətləndirmək üçün liderlər qrupunda maşınların tempi. İngilislər bu təhlili – Fuel-corrected adlandırırlar, yəni maşınların çəki fərqini nəzərə almaqla sürətləri, sözün düzünü desəm, bu gün podium qazanmış maşınlardan hansının daha sürətli olmasını söyləmək çox çətindir. Yumşaq təkərlərdə hər üç maşın demək olar ki, eyni sürətlə gedirdilər, amma bərk təkərlərdə yapon maşınları çox cüzi uduzurlar. McLaren liderlərə təqribən dövrədə yarım saniyə uduzur, Ferrari isə daha 0.2 saniyə geri qalır. Renault isə yeni diffuzorlara baxmayaraq, Bəhreyndə liderlərə dövrədə tam saniyə uduzurdu.

İndi bizi Barselona gözləyir, bütün komandalar bu yarışa yeni maşınlarla gələcək, bəlkə də bu təhlili zibil vedrəsinə atmalı olacayıq. Amma mənə elə gəlir ki, indidən bir faktı söyləyə bilərəm – yenə də ötmələr çətinləşib. Yəqin ki hamı ən sürətli Brawn-un yavaş Renault-nu neçə dövrədən sonra keçdiyini xatırlayır. Sürətlər arasında bir saniyəlik fərq İspaniyada da ötməyə imkan verməlidir, amma…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*