Sürücülərin nömrələri: 2-dən 77-yə kimi

Sürücülər 2014-cü ildən karyeraları boyunca hansı nömrə altında yarışacaqlarını seçirlər. Seçim 2 ilə 99 arasında ola bilər. 1 rəqəmini seçməyə icazə verilmir - ondan yalnız son çempion istifadə edə bilər, lakin məcburi deyil.

F-1.az bildirir ki, sürücülərin əksəriyyəti  kartinq vaxtı yarışdıqları nömrələri seçiblər. Onların seçimləri ilə bağlı fikirlərini təqdim edirik.

2. Stoffel Vandorn

Belçikalı sürücü 2016-cı ildə Bəhryendə Fernando Alonsonu əvəzləyərkən 47 nömrəsi altında çıxış etmişdi, lakin 2017-ci ildə 2 rəqəmini seçib.

Stoffel Vandorn: “Mən 2 rəqəmi ilə ilk dəfə 2010-cu ildə Avropa Formula4 çempionatında iştirak etmişəm. Lakin özüm seçməmişdim, onu mənə vermişdilər. Həmin il yaxşı alındı – qələbələr qazandım, dəfələrlə podiuma yüksəldim. Yəni, onunla bağlı xoş xatirələrim var”.

3. Daniel Rikkardo

Daniel Rikkardo: “İlk dəfə 3 nömrəli kartinqlə yarışmışam və belə də davam etmişəm. Eyni zamanda, mənim qəhrəmanım Deyl Ernhard da NASCAR-da bu nömrə altında çıxış edib. 3-ü seçmək üçün bir neçə səbəbim var idi və şadam ki, buna nail oldum”.

5. Sebastyan Fettel

Sebastyanın 5 rəqəmindən həyəcanla bəhs etməsinin bir neçə səbəbi var. 2001-ci ildə kartinqdə yeniyetmələr arasında bu nömrə altında həm Almaniya, həm də Avropa çempionu olub. 2010-cu ildə Formula1-də ilk titulunu əldə etdikdə də maşının nömrəsi 5 idi…

7. Kimi Rəykkönen

Finlandiyalı sürücü hər məsələyə qısa şərh verməyi sevir, bu dəfə də fərqli olmayıb: “7 rəqəmindən xoşum gəlir. Bu səbəb kifayətdir”.

8. Roman Qrojan

Roman Qrojan: “8 rəqəmi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Həyat yoldaşım dekabrın 8-də anadan olub, 2008-ci ildə görüşməyə başlamışıq və oğlumuz dünyanın səkkizinci möcüzəsidir”.

9. Markus Eriksson

İsveçli sürücünün 9 rəqəmi ilə bağlı xatirəsi yoxdur, sadəcə xoşuna gəlir.

10. Pyer Qasli

Formula1-də keçən il debüt etmiş Pyer Qasli vaxtılə Kamui Kobayaşının yarışdığı 10 rəqəmini götürüb. Yapon sürücünün Formula1-dəki son iştirakından 3 ildən artıq vaxt keçdiyi üçün bu seçimə icazə verilib.

Pyer 10 rəqəmi altında 2013-cü ildə Formula Renault 2.0 çempionatında iştirak edib, Oliver Roulənd və Esteban Okonu qabaqlayaraq çempion olub. Bu nəticə onun Red Bull Junior proqramına qəbul olunmasına kömək edib.

11. Serxio Peres

Peresin bütün karyerası bu rəqəm altında keçib. Lakin meksikalı sürücü bildirib ki, əgər nə vaxtsa çempion olsa, növbəti il 1 rəqəmini seçəcək.

14. Fernando Alonso

İkiqat dünya çempionu 14 rəqəminin ona uğur gətirdiyini hesab edir. Fernando 1996-ci il iyulun 14-də 14 yaşında 14 nömrəli kartla dünya çempionu olub.

16. Şarl Lekler

Şarl Lekler: “Mən 7 rəqəmini istəyirdim, lakin ondan Rəykkönen istifadə edir. Növbəti seçimim 10 ola bilərdi, amma bir qədər gecikdim – Pyer Qasli seçdi. Mən 16 rəqəmi altında çıxış edəcəm. Çünki bu, doğulduğum gündür. Həm də daha yaxşı variant tapa bilmədim. 1 və 6 rəqəmlərini toplasaq, sevimli rəqəmim 7 edir…

18. Ləns Stroll

Kanadalınının bu nömrəni seçməsinin Formula1-də 18 yaşında debüt etməsi ilə heç bir əlaqəsi yoxdur. Lənsin İtaliya Formula4 çempionatında və Yeni Zelandiyada Formula Toyota seriyasında idarə etdiyi maşınların nömrəsi 18 olub.

20. Kevin Maqnussen

Kevin bu nömrə altında 2013-cü ildə Renault Dünya Seriyasında çempion olub.

27. Niko Hülkenberq

Nikonun nömrə seçimi ilə bağlı izahı belə olub: “Əgər doğulduğum gün və ayın rəqəmlərini toplasaq (19.08.1987), 27 edir”.

28. Brendon Hartli

Brendon ABŞ-dakı debüt yarışına 39 nömrəli maşınla çıxsa da, Meksika Qran Prisindən etibarən onun idarə etdiyi maşının üzərinə 28 rəqəmi həkk olunub.

31. Esteban Okon

Estebanın bu rəqəmlə bağlı xoş xatirəsi var – 2007-ci ildə 11 yaşında 31 nömrəli kartinqlə ilk titlunu əldə edib.

33. Maks Ferstappen

Ferstappenin də nömrə seçimi klassik səbəbdən irəli gəlir – uşaqlıqdan bu nömrə altında çıxış edib.

35. Sergey Sirotkin

Sergey Sirotkin: “Həyatımda dəfələrlə 3 və 5 rəqəmləri məni müşayiət edib. Əgər məndən rəqəm demələrini istəsələr, bu ikisini deyərəm. Əslində 27-dən xoşum gəlir, lakin istifadədədir. Buna görə də, bu variant üzərində dayandım”.

44. Lyuis Həmilton

44 rəqəminin ona şans gətirdiyini bildirən Lyuis çempion olduqdan sonra 1 rəqəmini seçməkdən imtina edib. Dördqat dünya çempionu ilk ciddi titulunu – kartinq üzrə Britaniya çempionu adını 1995-ci ildə məhz 44 nömrəli kartla əldə edib.

55. Karlos Sayns

Sayns uşaqlıqdan 5 rəqəmi altında çıxış edib. Formula1-də də 5-i seçmək istəyib, lakin Fettel bu arzusunu gözündə qoyub. İspan sürücü sevimli rəqəminin yanına daha bir 5 qoyub və 55 nömrəsini götürüb.

77. Valtteri Bottas

Finlandiyalı sürücünün 77 rəqəmini seçməsinin qəribə səbəbi var – ad və soyadını Val77eri Bo77as formasında yaza bilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*