Sürücülər bizim yarışı səbirsizliklə gözləyirlər (video)

Çempionatın bu il ölkəmizə təşrif buyurmasına 40 gündən bir qədər çox qalır. Çempionat iştirakçıları təqvimdə keçən il debüt etmiş Bakımız üçün artıq darıxırlar və öz ürək sözlərini bir videoda bildiriblər.

Bakıda keçiriləcək növbəti Formula1 yarışından əvvəl Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsinə eksklüziv müsahibə verən Valteri Bottas (Mercedes AMG), Daniel Rikkardo və Maks Ferstappen (Red Bull), Felipe Massa (Williams), Serxio Peres (Force İndia), ikiqat dünya çempionu, ötənilki yarışımızın rəsmi elçisi Fernando Alonso (McLaren) və digər pilotlar gözoxşayan mənzərəyə sahib Bakıya və Formula1-in yeni şəhər trasına qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər. Bu yay Bakı Şəhər Halqasında onları yarışla əlaqədar yeni çətinliklər gözləyir. Formula1 təqvimində Bakı Şəhər Halqasını özünəməxsus edən ensiz küçələr, 90 dərəcəli döngələr, eniş-yoxuşlar və uzun sürətlənmə zolağı builki yeni bolidlər üçün mübarizə şərtlərini ötən illə müqayisədə daha da çətinləşdirəcək…

Serxio Peres: “Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndim. İndiyədək səfər etdiyim şəhərlər arasında ən gözəlidir”.

Valtteri Bottas: “Bakıya yenidən səfər etmək çox xoşdur. Ötən il mənim üçün böyük sürpriz olmuşdu və mən həqiqətən bu şəhəri çox bəyənmişdim”.

Fernando Alonso: “Bizi hər zaman gülərüzlə və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm… Biz digər traslarla müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq”.

Felipe Massa: “Bakıda yenidən yarışmağı böyük həyəcanla gözləyirəm… Biz ötən il Bakıda iki saniyədən az müddətə pit-stop reallaşdıra bildik və bu həqiqətən də inanılmaz dərəcədə böyük uğur idi”.

Maks Ferstappen: “Bakıda insanlar çox mehribandırlar və şəhər hər yönü ilə çox gözəldir”.

Roman Qrojan: “Bakı trası çox həyəcanvericidir. Trasın bəzi hissələri çox dar, bəzi hissələri isə olduqca genişdir”.

Kevin Maqnussen: “Builki enli təkərlərlə Bakı trasının ensiz hissələrində mübarizə aparmaq ötən ilə nisbətən daha çətin olacaq”.

F-1.az yarışımızın promouterinin saytına istinadən sözügedən videonu sizə təqdim edir:

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*