23 Aprel 2018, Bazar ertəsi - 23:13

Strateji İşçi Qrup vacib qərarlar qəbul edib

Strateji İşçi Qrup vacib qərarlar qəbul edib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:09 - 28 İyul, 2016

Bu gün Cenevrədə Formula1-in Strateji İşçi Qrupunun növbəti iclası baş tutub, iclasda vacib qərarlar qəbul olunub – bəzi qərarlar artıq bu həftədən qüvvəyə minəcək…

F-1.az xatırladır ki, F1-in Strateji İşçi Qrupuna altı komandanın – Mercedes AMG, Ferrari, McLaren, Red Bull, Williams və Force İndia-nın nümayəndələri daxildirlər, onların hər birinin cəmi bir səsi var. Qrupa daxil olan FİA-nın prezidenti Jan Todtun və F1-in kommersiya başçısı Berni Ekklstounun isə hər birinin altı səsi var.

Cenevrədə müzakirə olan əsas mövzu gələn ildən sürücülərin başının mühafizəsi sisteminin tətbiqi olub. Komandaların əksəriyyəti və Jan Todt sistemin gələn ildən tətbiq olunmasının əleyhinə səs veriblər. Amma eyni zamanda bir daha vurğulanıb ki, sistem çox vacibdir və onun təkmilləşdirildikdən sonra 2018-ci ildə tətbiqi labüddür.

Almaniya Qran Prisindən başlayaraq yarışın gedişində radio danışıqlarda və pit divarındakı məlumat löhvəsində məlumat mübadiləsi artıq məhdudlaşdırılmayacaq, məhdudiyyət yalnız yarışdan əvvəlki qızdırma dövrəsində qüvvəsini saxlayacaq, bu dövrədə xüsusən də ilişmə muftasının sazlanması barədə məlumatların sürücüyə ötürülməsi qəti qadağandır.

Almaniya Qran Prisindən başlayaraq sürücülərin yarış zamanı trasın hüdudlarından kənara çıxmaları da cərimə olunmayacaq.

Strateji İşçi Qrup nəm trasda Təhlükəsizlik Maşınının (SC) arxasında start proseduruna da dəyişikliklər edib. Almaniya yarışından başlayaraq, əgər start yağışda və SC-nin arxasında baş verərsə, onda trasın vəziyyəti təhlükəsiz elan olunduqdan sonra maşınlar start düzlüyündə yerlərini alaraq normal start veriləcək. Starta qədər ağır yağış təkərlərini keçid təkərlərinə dəyişmək qadağandır, bunu yalnız normal startdan bir tam dövrə vurduqdan sonra etmək mümkün olacaq.

FİA-nın yarış direktoru Çarli Uaytinq sabah sürücülərlə ənənəvi brifinqdə yeni qaydaların təfərrüatlarını müzakirə edəcək. Sürücülər isə yarış direktoru ilə eyni qanun pozuntusuna görə müxtəlif cərimələrin tətbiq edilməsini və Maks Ferstappenin son yarışda müdafiə olunmasını müzakirə edəcəklər.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 612
Teqlər , , , , ,
Paylaş

logo