Sauber-də vəziyyət gərginləşir…

Son günlər ən çox danışılan mövzulardan biri Monişia Kaltenbornun Sauber komandasının rəhbəri postundan istefası olub. Azərbaycan Qran Prisinə bir neçə gün qalmış atılan bu addıma hələ rəsmi münasibət bildirilməyib.

Amma hamının diqqətini komandanın yaydığı mətbuat relizi cəlb edib. Relizdə Sauber sürücülərinin müxtəlif statuslu olmaları qətiyyətlə inkar edilib: “Bu nəinki həqiqətə uyğun deyil, həm də komandanın çoxdankı ədalətli rəqabətə sadiqliyinə ziddir. Anonim mənbələrdən yayılan belə informasiyalar komanda rəhbərliyinə, əməkdaşlara və sürücülərə mənfi təsir göstərə bilər”.

Lakin son dövrlər yayılan məlumatlar mərkəzi Hinvildə yerləşən komandanın daxilində vəziyyətin kəskinləşdiyini deyir. Britaniyalı Ceyms Allen yazır: “Markus Eriksson komandanın əsas səhmdarı olan Longbow Finance tərəfindən dəstəklənir. Paskal Verlyaynı dəstəkləyən isə Kaltenborndur və alman sürücü Mercedes Motorsport-un rəhbəri Toto Volff sayəsində komandaya gəlib. Son həftələrdə belə bir təəssürat yaranır ki, sürücülərin arasında ixtilaf yaranıb və bunun da səbəbi onlardan birinə müəyyən imtiyazların verilməsidir. Bakıda Eriksson ondan Verlyaynı irəli buraxmaq barədə xahiş edilməsindən narazı idi. Paskal açıq-aşkar daha sürətlidir, lakin yeni sahiblər onu yox, Erikssonu dəstəkləyirlər”.

Sauber-də baş verənlər barədə həmişə məlumat verən İsveçrənin Blick qəzeti bazar günü bunları yazıb: “Hinvildə hakimiyyət uğrunda qızğın mübarizə getməsi barədə gözlənilməz şayiələr yaranıb. Artıq münasibətlər zədələnib. Təyin ediləcək yeni rəhbər (maraqlıdır, Frederik Vasyör təsdiqlənəcək?) sürücülər arasındakı problemi həll etməli olacaq. Güman edirik ki, xanım Kaltenborn öz istefası üçün təəssüflənmir!”

Rəhbər təyin olunacaq şəxs komandadakı vəziyyət barədə jurnalistlərin çoxsaylı suallarına cavab verməli olacaq. Çünki Peter Zauberin dövründə komanda daxilində nümunəvi sabitlik var idi. Əgər bu, Avstriya Qran Prisinə qədər baş verməsə, Şpilberqdə sürücülərə ünvanlanan suallar ürəkaçan olmayacaq.

İstənilən halda, Sauber komandası haqqında olan “İsveçrə saatı kimi işləyir” deyimi son dövrlərdə yerinə düşmür…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*