19 Noyabr 2017, Bazar - 01:35

Sahara Force İndia F1 Team – VJM10

Sahara Force İndia F1 Team – VJM10

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:41 - 22 Fevral, 2017

Bu gün Silverstounda çəkiliş günü çərçivəsində Force İndia komandası qarşıdakı mövsüm üçün hazırladığı VJM10 maşınını jurnalistlər təqdim edib. Təqdimat mərasimi Britaniyanın Sky Sport kanalı vasitəsilə internetdə canlı yayımlanıb, komandanın bu gün yenilənmiş rəsmi saytı isə ziyarətçilərin axınına dözməyib.

F-1.az bildirir ki, maşının rəng çalarları dəyişməyib, amma yeni reqlamentin tələblərini komandanın mühəndisləri özünəməxsus aerodinamik elementlərlə reallaşdırıblar. Ona görə də yeni maşının xarici görünüşü heç də hamının xoşuna gəlməyib – 2017-ci ilin maşınlarına öyrəşməyə vaxt lazım olacaq. Force İndia arxa “üzgəci” rəngləməyib, heç xüsusi forma da verməyib – üzgəc maşının arxasına əzəmətlik verib. Mühəndislər burundakı qabarıq hissəni və üçdisli çıxıntını da saxlayıblar.

Komandanın tarixində ən uğurlu mövsümdən sonra – komandaya Mühəndislər Kubokunda dördüncülüyü qazandıran mövsümdən sonra komanda onuncu mövsümünü nikbinliklə gözləyir, amma başa düşür ki, top-komandalara qarşı balaca büdcə ilə mübarizə aparmaq çox çətin olacaq.

 

Vicey Malya, komandanın başçısı: “Yeni mövsüm ərəfəsində çox həyəcanlıyam. VJM10 çox aqressiv və qələbəyə köklənmiş görünür – bu, komandanın son 12 ayda gərgin işinin nəticəsidir. VJM10 üzərində işimiz bütün mövsüm davam edib, bir dəqiqə belə fasilə olmayıb.

Bu maşına böyük ümidlər bağlayırıq, amma bizi gözləyən çətinliklərin miqyasını da başa düşürük, xüsusən də idmanda baş verən belə radikal dəyişikliklər ərəfəsində. Keçənilki nəticəni təkrarlamaq asan olmayacaq. Mən məqsəd və vəzifə qoymuram, sadəcə deyirəm ki, biz son illərdə bizə xas olan sürətimizi saxlamaq istəyirik…”

Otmar Safnauer, əməliyyat direktoru: “Mən hesab edirəm ki, testlər və yeni mövsüm ərəfəsində biz əla formadayıq. Bu il Formula1-də yeni era başlayır – ilk yarışlarda hadisələrin necə cərəyan etməsini izləmək maraqlı olacaq.

Əvvəlki illərdən fərqli olaraq, biz bütün resurslarımızı builki maşının hazırlanmasına daha erkən keçirdik – əvvəlki illərlə müqayisədə 3 ay tez başladıq. Resursumuzdan istifadə baxımından yanaşmamız da fərqli idi.

Komandada biz özümüz üçün müəyyən istiqamətlər seçmişdik, amma hələ bilmirik ki, rəqiblərimiz nəyə nail olublar, xüsusən də reqlamentdəki dəyişiklikləri nəzərə almaqla. Deyə bilərəm ki, maşının hazırlanması zamanı aerodinamikanın effektivliyinə xüsusi önəm vermişik. Amma yalnız trasda real mübarizə şəraitində işimizin keyfiyyətini qiymətləndirə biləcəyik”.

 

Maşın Əndi Qrinin rəhbərliyi altında hazırlanıb – maşının böyük bir hissəsi yenidən hazırlanıb…

Əndi Qrin, texniki direktor: “VJM10-un konstruksiyasında 2017-ci ilin reqlamentindəki dəyişikliklər cəm olublar. Aerodinamika, şassi, təkərlər ciddi dəyişiblər – bu üç faktorun cəmi keçən illə müqayisənin miqyasından xəbər verir. Biz böyük iş görmüşük. Bizə uğur qazandıran VJM9-dan çox az sayda detal yeni maşına uyğun gəldi, ona görə də maşının böyük bir hissəsini yenidən hazırladıq.

Yeni maşını yeni qaydalara uyğun hazırlayarkən biz yeni yanaşma, yeni fəlsəfə axtarırıq. Yeni maşının hazırlanması həmişə problemlərlə müşayiət olunur, onların həlli isə məhz mühəndislərin işindən ibarətdir.

Hazırda biz bilmirik ki, işimizin öhdəsindən hansı səviyyədə gəlmişik – bunu yalnız testlərdə VJM10-un trasdakı nəticələrini aerodinamik borudakı nəticələri ilə müayisə etdikdən sonra söyləmək olacaq. Biz əminik ki, əlimizdən gələni etmişik, amma Melburnda sıralanma turunun sonunadək rəqabətədavamlılığımız barədə heç nə demək olmaz”.

 

Bu il Serxio Peresə gənc Esteban Okon yoldaşlıq edəcək – Mercedes-in gənc sürücü proqramınn üzvü olan fransalı sürücü keçən ilin ikinci yarısını Manor komandasında keçirmişdi. Keçən ildən komandada çalışan Alfonso Seliş bu il də komandada test və ehtiyat sürücü vəzifəsini icra edəcək…

Serxio Peres: “Əlbəttə, öz maşınımızı gördüyüm üçün əsas rəqiblərimizin maşınını görməyə səbirsizlənirəm. Yeni reqlament həm mənim üçün, həm də komanda üçün ciddi dəyişiklik deməkdir. Qış fasiləsindən və bazadakı hazırlıqdan sonra trasa çıxaraq yeni maşını yoxlamaq istəyirəm.

Bu il döngələrdə sürət və yüklənmələr yüksək olacaq. Təkərlərin gec yeyilməsi isə yarışın ritmini artıracaq. Ümid edirəm ki, yeni reqlament çərçivəsində biz yenə də ön mövqelərdə qalacağıq”.

Esteban Okon: “Formula1-də yeni era və yeni mövsüm ərəfəsində çox həyəcanlıyam. Qış çox tez qurtardı, bütün komanda gərgin işləyirdi və mənə kömək edirdi. Çox şey öyrənməli oldum, bir çox insanlarla tanış oldum, amma artıq komandada özümü rahat hiss edirəm.

Mən fiziki formama ciddi yanaşmışam, bu il artan yüklənmələrə tab gətirməliyik. Adi ikihəftəlik məşqlər əvəzinə iki ay Pireneydə məşq etmişəm.

Builki məqsədim hər bir yarışda xal qazanmaqdır. Komandanın səviyyəsi budur. Bilirəm ki, asan olmayacaq, rəqiblərimiz güclüdürlər, amma komandanın səviyyəsi tələb edir ki, hər yarış rəqabətədavamlı çıxış nümayiş etdirək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 5. 022
Teqlər , , , , , ,
Paylaş

logo