S.Vandorn: “McLaren-lə danışıqlarım alınmasa, başqa variantlara baxaram”

Stoffel McLaren-lə alınmasa belə, 2017-ci ildə Formula1-də yarışacağına əmindir.

F-1.az xatırladır ki, 24 yaşlı son GP2 çempionu Stoffel Vandorn bu mövsüm Bəhreyn Qran Prisində Fernando Alonsonu əvəzləmiş və komandaya mövsümdə ilk xalını qazandırmışdı. Gənc sürücü 2017-ci ilə McLaren komandasının əsas pilotlarından biri olmaq istəyir, lakin bunun üçün indiki sürücülərdən biri komandanı tərk etməlidir.

Stoffel Vandorn: “Əsas məqsədim gələn il Formula1-də olmaqdır və bu mövzuda fikrim qətidir. McLaren ilə müqaviləm var və gələn il bu komandanın maşınını idarə etmək istəyirəm. Buradakı mühəndislərlə birlikdə çox vaxt keçirmişəm. Mükəmməl hazırlıq dövrü keçmişəm. Sadəcə olaraq, sürməyə ehtiyacım var. Mən McLaren üçün yarışmaq istəyirəm. Amma həmişə deyirəm, əgər hansısa səbəblərə görə bu alınmasa, başqa variantlarım da olacaq.

Bu ili gələn il üçün hazırlıq kimi qəbul edirəm. Yeganə hədəfim gələn il F1 sürücüsü olmaqdır. Hazırda ehtiyat sürücüsü olaraq öz işimə diqqət ayırıram. Bununla yanaşı, bir seriyada yarışmaq da yaxşıdır. Bu məni formada saxlayır”.

Onun bir neçə komanda ilə danışıqlar apardığı deyilir və ən çox da ART GP komandasında Vandornla işləyən Frederik Vassyörün rəhbərlik etdiyi Renault-nun adı çəkilir. Bu il McLaren-in test və ehtiyat pilotu olan Stoffel həm də Honda-nın dəstəyi ilə Yaponiya Super Formula seriyasında iştirak edir.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*