18 Noyabr 2017, Şənbə - 01:04

S.Markionne: “Mercedes-ə məğlub olmaq bizə zərər verir”

S.Markionne: “Mercedes-ə məğlub olmaq bizə zərər verir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:41 - 12 Fevral, 2016

Ferrari-nin prezidenti Sercio Markionne düşünür ki, Ferrari bir neçə il ərzində çempion ola bilməsə, bu italyanlar üçün əsl faciə olacaq…

F-1.az xatırladır ki, Ferrari sürücülər çempionatında 2007-ci ildən, mühəndislər çempionatında isə 2008-ci ildən bəri Dünya Çempionu ola bilmir. Düzdür, tarixdə bundan da uzun titulsuz illər olub. Xatırladaq ki, Ferrari sürücülər arasında 1979-2000-ci illər, Mühəndislər Kubokunda isə 1983-1999-cu illər aralığında birinciliyə sevinə bilməyib.

Hazırkı uğursuz seriya qısa olsa da, Ferrari-nin prezidenti Markionne bildirib ki, bu, Ferrariyə zərər verir: “Bir yerdə bir neçə uğur qazansaydıq, bu, marka üçün əla olardı. Avtomobil mağazamızdan bir nəfərlə danışdım. O mənə dedi ki, keçən il Ferrari uğurlu çıxış edəndən sonra satışlar artıb.

Əgər 10 il ərzində bir çempionluq qazana bilməsək, bu komanda üçün faciə olacaq”.

Xatırladaq ki, son iki mövsüm Mercedes AMG komandasının hegemonluğu ilə keçib. Keçən il almanların 16 qələbəsinə Ferrari 3 qələbə ilə cavab verib.

Markionne əlavə edib ki, Mercedes yeni qaydalara daha tez öyrəşib və üstünlük qazanıb, amma komandasının uğursuzluğunu buna bağlamağın doğru olmadığını deyib: “Mercedes hazırda hegemonluq edir, çünki yeni qaydalara daha tez öyrəşdilər və tətbiq etməyə başladılar. Amma keçmişdə olan şeyləri tənqid etmək istəmirəm. Mühərrikimiz qalib gələcək gücdə deyildi.

Təmiz səhifə açdıq və qazanmağa başladıq. Çünki komandaya motivasiya gətirdik. Xüsusən də, Mauritsio Arrivabenenin komandaya qoşulması bizə çox kömək etdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər , , ,
Paylaş

logo