16 Dekabr 2017, Şənbə - 20:48

S.Fettellə Arrivabenenin arası dəyib?

S.Fettellə Arrivabenenin arası dəyib?

Müəllif: Rauf Hacıyev, redaktor

17:32 - 16 Oktyabr, 2016

Bu mövsüm Ferrari üçün pis keçir. Buna görə də paddokda belə şayiələr gəzir ki, Mauritsio Arrivabene ilə Sebastyan Fettelin arası dəyib…

F-1.az xatırladır ki, Ferrari mövsümə “Avstraliyada qələbə” və çempionluq şüarları ilə başlasa da, bu mövsüm hələ yarış qazana bilməyib. “Qırmızılar” hazırda çempionatda Mercedes və Red Bull-dan sonra üçüncü yerdədirlər.

Jurnalistlər Arrivabenedən – “keçmişdə Mixael Şumaxerə etdiyiniz kimi Fettellə də müqavilə uzadaraq, onun özünə inamını artıracaqsınız?” – soruşublar: “Onun özünə, öz gücünə inamını bu yolla nə qaytara, nə də artıra bilmərik. Bu gün çox şey dəyişib. Keçmişdə Mixaelə yarayan şey bu gün Sebastyana yaramaya bilər. Sebastyan gərək işinə bolidin içində fokuslansın. O, özünü işinə fokuslayır və buna görə də çox şeylə maraqlanmaq istəyir. Buna görə də onun yenidən fokuslanmasını təmin etməliyik və bunu ona xatırlatmalıyıq. O, bunu polemikaya görə eləmir, amma Ferrari komandası olduğumuz üçün hər şey ailə içində qalmalıdır”.

Fettel isə Ferrari və Arrivabene ilə problemi olmadığını, əksinə uğura inandığını deyib.

Amma Ferrari-nin son çempionluğundan demək olar ki, 10 il keçir və komandada heç kim uğursuzluğu həzm edə bilmir. İtalyanlar 2008, 2010 və 2012-ci illərdə çempionluğu son yarışda əldən vermişdilər. O gündən bu yana komandaya çoxlu insanlar və rəhbərlər gəlib, yeni zavodlar tikilib, yeni aerodinamik borular tikilib. Amma hələ də gözlənilən çempionluq gəlməyib.

İtalyan qəzetlərinin yazdıqlarına görə, Ferrari-də təhlükə siqnalları çalınmağa başlayıb. Ferrari-nin səhmdarları və Ferrari-nin prezidenti Sercio Markionne son illərdə komandaya çoxlu investisiya qoysalar da, builki üçüncülükdən razı deyillər. Əgər gözlənilən ikincilik gəlməsə, komanda daxilində ciddi dəyişikliklər ola bilər və bu hal Arrivabeneyə də təsir edə bilər.

Xəbərlərə əsasən, Arrivabene və Fettelin arasındakı münasibət keçən ilə nisbətən çox dəyişib və uğursuzluqlardan sonra yaxın deyillər.

Fettelin müqaviləsi gələn ilin sonunda başa çatacaq və almaniyalı sürücü ilə hələ də yeni müqavilə imzalanmayıb. Elə komandanın rəhbəri Mauritsio Arrivabenenin komandadakı gələcəyi də hələ müəyyən deyil.

Əgər 2017-ci ildəki qayda dəyişikliklərindən sonra da Ferrari-nin mövqeyi dəyişməsə, ya Arrivabene, ya da Fettel komandadan gedəcək..

Kimi Rəykkönen üçün hər şey qaydasındadır. Finlandiyalı sürücü keçən ilə nisbətən performansını artırıb və hazırda çempionatda Fetteli qabaqlayır. 37 yaşlı sürücü bu mövsüm demək olar ki, hələ də səhv etməyib.

Rəykkönen Fetteldən daha az maaş alır və Ferrari sonuncu Dünya Çempionunu 2017-ci ildən sonra da komandada saxlamaq istəyir. Finlandiyalı indidən 2018-ci il üçün Ferrari ilə danışıqlara başlayıb və bu danışıqların müsbət sonluqla nəticələnməsi gözlənilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 133
Teqlər , , , ,
Paylaş

logo