R.Qrojan: “Bakıda dostumun bişirdiyi steykin dadına baxmalıyam!”

F-1.az saytı Haas komandasının sürücüsü Roman Qrojanın Bakı Şəhər Halqasının rəsmi saytına verdiyi müsahibəni diqqətinizə çatdırır...
  • Bakı Şəhər Halqasının konfiqurasiyası haqqında nə düşünürsünüz? Komandanın simulyatorunda onu artıq sınaqdan keçirmisinizmi?

Roman Qrojan (RQ): Simulyatorda bu trası artıq sınaqdan keçirmişəm. Tras çox uzun düzlüklərdən, doxsan dərəcəlik döngələrdən, daha sonra isə qalaya doğru yaxınlaşan hissədə dar keçiddən ibarətdir. Yarışı səbirsizliklə gözləyirəm. Tras, həqiqətən də, çox mənzərəli görünür.

  • Bakı və Azərbaycan haqqında hansı məlumatlara maliksiniz?

RQ: Təkcə onu bilirəm ki, mənim ən yaxın dostlarımdan birinin – baş aşpaz Akranın Bakıda məşhur restoranı var. Biz yarış keçirilən həftəsonu ərzində onun bişirdiyi steykin mütləq dadına baxacayıq!

  • Builki mövsümdə öz iştirakınız barədə nə deyə bilərsiniz?

RQ: Mövsümün başlanğıcı kifayət qədər maraqlı oldu. Avstraliya və Bəhreyn yarışlarından sonra müəyyən çətinliklərlə üzləşdik, lakin buna baxmayaraq, biz öyrənməyə və inkişaf etməyə davam edirik. Komandamızda hər kəs böyük əzmlə çalışır, ona görə də qarşıdakı yarışlarda daha yaxşı göstəricilərə nail olacağımıza əminəm”.

  • Yeni ölkəyə və ya yeni trasa gəldikdən sonra ilk olaraq nə edirsiniz?

RQ: Əslində, yeni ölkəyə yarışmağa gəlmək hər zaman çətindir, çünki hava limanına çatdıqdan sonra dərhal otelə, daha sonra isə, bir qayda olaraq, birbaşa trasa yollanırıq. Həftənin cümə axşamı günü media üçün tədbir, cümədən bazar gününədək trasda sessiyalar nəzərdə tutulduğu üçün ətrafla tanış olmaq imkanımız olmur. Ümid edirəm ki, qrafikimiz sıx olsa da, Bakını görməyə vaxt tapacam.

  • Əgər bir Formula1 maşını, bir komanda yoldaşı və erası seçməli olsanız, hansıları seçərdiniz?

RQ: Mən Formula1 erasının 1990-cı illərin ortasında olan mövsümlərini daha çox xoşlayıram. Həmin dövrün Williams bolidləri ən çox sevdiyim maşınlar idi. Komanda yoldaşına gəldiksə isə, yəqin ki, Jül Byankini seçərdim.

Həyat tərzi ilə bağlı bəzi suallar:

  • Yarışsız həyatınızı necə təsəvvür edirsiniz?

RQ: Yarışlar olmasa, yəqin ki, aerodinamika mühəndisi olardım.

  • Bu il ərzində oxuduğunuz son kitab hansı olub?

RQ: Mütaliə etdiyim sonuncu kitab Aki Hintsanın “Qələbənin Anatomiyası” kitabı olub.

  • İlk üçlükdə olan ən son musiqi albomlarının adını çəkə bilərsinizmi?

RQ: Mənim aldığım son musiqi albomları Lukas Qrəhəm və Castin Biberin diskləri olub.

  • Baxmaq istədiyiniz film hansıdır?

RQ: Səfərdə olarkən, adətən, təyyarədə bir çox filmləri izləyirəm, odur ki, adlarını çəksəm, siyahı uzun olar.

  • Zəhmət olmasa, aşağıdakı şəxsləri/anlayışları üç sözlə təsvir edin:

1. Esteban Qutyerres – meksikalı, gənc, sürətli;
2. Berni Ekklstoun – ağıllı, məzəli, Formula1;
3. Fernando Alonso – Təcrübəli! Həmçinin, onun ad günü mənim oğlumla eyni günə təsadüf edir və eyni zamanda, o, çox sürətlidir;
4. Formula1 – cazibədar, sürətli, çətin;
5. 2016-cı il Avropa Qran Prisi – yeni, maraqlı, gözlənilməz.

  • Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz?

RQ: Mən ilk dəfə Bakıya səfər edəcəyimə və bu ölkə ilə tanış olacağıma görə çox şadam. Belə fərqli quruluşa malik bir trasda yaxşı yarış nümayiş etdirəcəyimə ümid bəsləyirəm.

Mənbə: Baku City Circuit
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*