20 Oktyabr 2017, Cümə - 09:01

Rəsmən: M.Budkovski Renault komandasına icraçı direktor təyin olunub

Rəsmən: M.Budkovski Renault komandasına icraçı direktor təyin olunub

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:11 - 06 Oktyabr, 2017

Komandaların əleyhinə olduqları transfer bu gün səhər rəsmən reallaşıb – Marçin Budkovski Renault komandasına icraçı direktor təyin olunub.

F-1.az xatırladır ki, 10 gün əvvəl FİA-nın texniki nümayəndəsi Marçin Budkovskinin istefaya göndərilərək məcburi üçaylıq məzuniyyətdə olması barədə xəbər vermişdik. Bir neçə gündən sonra isə Marçinin Renault-ya keçməsi barədə şayiələr yayılmağa başlamışdı. Bu keçid rəqib komandalar tərəfindən ciddi tənqid atəşinə tutulmuşdu, çünki Budkovski komandaların bütün sirlərinə bələddir.

Bir az öncə isə Renault komandası rəsmən təsdiq edib ki, polşalı mütəxəssis komandada icraçı direktor vəzifəsini icra edəcək və şassinin hazırlanmasından istehsalına qədər bütün proseslərə nəzarət edəcək.

Siril Abitebul: “Son aylarda Renault Sport olaraq güclü inkişaf etmişik: Enstoundan olan komandamız sürətli templə təkmilləşir, mühərrik fəlsəfəmizi dəyişdik və gələn ildən iki top-komandanı güc qurğusu ilə təchiz edəcəyik, Formula E-də 3-cü ardıcıl titulu qazandıq, avtoidmanın digər kateqoriyalarında da uğur qazandıq, yeni strateji tərəfdaşlar tapdıq – bütün bunları artan rəqabət şəraitində etmişik, ona görə də baş verənlərə daha intensiv reaksiya verməliyik.

Ona görə də biz F1-də mövqeyimizi möhkəmlətməli idik. Marçinin missiyası Enstoundan olan komandamızın inkişafını təmin etməklə, Renault-nu 2020-ci ildə zirvəyə yüksəltməkdir. Bunun üçün ona Bob Bell, Nik Çester və Rob Uayt kimi mütəxəssislərimiz də kömək edəcəklər. Bu təyinat – bizim qətiyyətimizin sübutudur və biz layihəmizin yekun məqsədinə çatmaq üçün əlimizdən gələni edəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 843
Teqlər , , ,
Paylaş

logo