Rəsmən: L.Norris McLaren-in ehtiyat sürücüsü seçilib

McLaren komandası Lando Norrisin ehtiyat sürücü olacağını rəsmən təsdiq edib. 17 yaşlı britaniyalı sürücü McLaren-in gənc sürücülər proqramının üzvüdür və avqustda Hunqarorinqdə baş tutan testlərdə MCL32 ilə yaxşı çıxış etmişdi.

F-1.az xəbər verir ki, ilk cəhdindəcə Avropa Formula3 çempionatının qalibi olan Lando 2018-ci il üçün mümkün variantları qiymətləndirir. O, test sürücüsü olaraq gələn il bütün yarışlara gedəcək və beləliklə də sürücülərlə, mühəndislərlə, marketinq şöbəsinin əməkdaşları ilə sıx əlaqədə olacaq. Həmçinin, simulyatorla test proqramında fəal iştirak edəcək ki, bu da Formula1 sürücüsü kimi yetişməsində ona kömək edəcək.

Lando Norris: “2018-ci ildə test sürücüsü kimi McLaren-ə qoşulacağım üçün çox şadam. Son 12 ayda olduqca maraqlı təcrübələrdən keçmişəm, hər dəqiqəmdən həzz almışam. Bu hadisə isə mövsümə gözəl sonluq oldu. Artıq gələn həftə İnterlaqosda təkər testlərindən etibarən komandama kömək edəcəm. İnkişafım üçün daha çox çalışacam. Mənim iki əla müəllimim var – Fernando Alonso və Stoffel Vandorn. Komandanın liderlər qrupuna qayıtması üçün səy göstərəcəm. Gələnilki iş proqramım barədə müzakirələr aparırıq, amma hələ tam qərar verilməyib. Ümid edirəm ki, tezliklə elan olunacaq”.

Zek Braun: “Lando son dərəcə istedadlı sürücüdür. Bu gün elan etdiyimiz komandadakı yeni roluna tamamilə layiqdir. Bu, Landonun istedadını necə qiymətləndirdiyimizin göstərəcisidir. Keçən il Formula Renault, ən yaxşı britaniyalı gənc sürücü kimi McLaren Autosport BRDC mükafatına layiq görülüb. Bu il isə sürətini və sabitliyini nümayiş etdirərək Avropa Formula3 çempionatında titulun sahibi olub. Şübhəsiz ki, dünyanın ən perspektivli sürücülərindən biri kimi nüfuz qazanmaqdadır”.

Erik Bulye: “Düşünürük ki, komandanın heyətində mükəmməl test sürücüsü və ehtiyat sürücü olmalıdır – bu, vacibdir. Lando hər bir Qran Priya baş çəkəcək və komandanın tamhüquqlu üzvü olacaq. O, hazırda yüksək istedadı, özünəinamı və çalışqanlığı ilə fərqlənir. Bizim işimiz ona komandanın necə təşkil edildiyini, müasir Formula1 maşınının necə işlədiyini anlamasına kömək etməkdir. 2018-ci ildə onun üçün bütün imkanlar yaradılacaq. Biz ehtiyac yaranacağı halda Landonun Fernando və ya Stoffeli əvəz edə biləcəyindən əmin olmaq istəyirik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*