2010-cu il reqlamentinə dəyişikliklər

2010-cu ildə çempionatın texniki və idman reqlamentinə edilmiş dəyişikliklər: 2010-cu ildə reqlamentə edilmiş dəyişikliklər bir il əvvəl olduğu kimi radikal […]

2010-cu ildə çempionatın texniki və idman reqlamentinə edilmiş dəyişikliklər:

2010-cu ildə reqlamentə edilmiş dəyişikliklər bir il əvvəl olduğu kimi radikal xarakter daşımır. Aerodinamikaya əsas məhdudiyyətlər və reqlament əvvəlki kimi qalıb, amma maşınların xarici görünüşü yanacaq bakının həcminin artması və qabaq təkərlərin ölçülərinin azalması ilə əlaqədar olaraq dəyişəcək.

Xal hesablanması sistemi

2010-cu ildə çempionat iştirakçılarının sayı artacaq, ona görə də 2003-cü ildən tətbiq olunan xal hesablanması sistemi də dəyişəcək. Bu ildən ilk 10 yeri tutmuş sürücüyə 25-18-15-12-10-8-6-4-2-1 sxemi üzrə xal hesablanacaq.

Qabaq təkərlərin ölçüləri

FİA keçən ildən çempionata slikləri qaytarmaqla əvvəlki novçalı təkərlərin ölçülərini saxlamışdı. Məlum olanda ki, qabaq və arxa təkərlərin trasla ilişmə səviyyəsi müxtəlif olduğundan onların yeyilmə tezliyi də fərqlidir, dəyişiklik etmək çox gec idi. Keçən il buraxılmış bu səhv komandaların işini ciddi çətinləşdirmişdi, onlar bu səviyyə fərqini maşının çəki paylaşması ilə kompensə etməyə çalışırdılar.

2010-cu ildə qabaq təkərlərin ölçüləri balacalaşacaq, yüklənmə nisbətən bərabər paylanacaq, amma komandalar qabaq təkərlə maşının burun elementi arasındakı böyümüş yerin aerodinamikasını optimallaşdırmalı olacaqlar.

Yanacaqdoldurmaya qadağa

Son illərdə biz pit-stop zamanı yanacaqdoldurma ilə bağlı bir çox insidentlərin şahidi olmuşduq. Bəzən sürücü yerindən yanacaqdoldurma qurtarmamış tərpənirdi, bəzən şlanqdan isti maşına yanacaq damlaları düşürdü, bəzən yanacaqdolduran maşınlar heç yanacaq vura bilmirdilər.

Yanacaqdolduran maşınlar və xidmətçi mexaniklər briqadası qalacaq, amma yarışın gedişində yanacaqdoldurma qadağan olunacaq – sürücülər bütün məsafəni qət etməyə zəruri olan yanacaq ehtiyatı ilə trasa çıxmalı olacaqlar.

Əvvəllər yanacaq bakları 120 litr maye tuturdusa, indi onların həcmi 230-240 litrə çatacaq. Belə bir bakı maşına yerləşdirmək üçün konstruktorlar maşının uzunluğunu 15 sm artırmalı olacaqlar.

Təkər qapaqlarından istifadəyə qadağa

Aerodinamik qapaqlar ilk dəfə 2006-cı ildə Ferrari maşınlarında peyda olmuşdu. Amma bir il sonra çempionat iştirakçılarının hamısı bu elementdən istifadə etməyə başladılar – qapaqlar əyləclərin ventilyasiyasını yaxşılaşdırmaqla hava axınına qarşı müqaviməti azaldırdılar.

Keçən il məlum oldu ki, yeni reqlament çərçivəsində qapaqlar rəqib maşınların effektliyinə mənfi təsir edirlər, xüsusən də arxadakı maşın hücum məsafəsinə yaxınlaşanda. Ona görə də komandalar bu elementin qadağası barədə razılıq əldə etdilər.

Sıralanma turunun formatı

Komandaların sayının artması və yanacaqdoldurmanın qadağan olunması ilə əlaqədar olaraq sıralanma turunun formatına düzəlişlər edilib – son sessiyada maşınlar start yanacaq ehtiyatı ilə deyil, boş baklarla mübarizə aparacaqlar, yarışdan əvvəl isə onlar da bütün maşınlar kimi yanacaqla doldurulacaqlar.

Reqlamentdə 13 komandanın iştirakı ilə sıralanma turunun sxemi verilib:

1. Yerli vaxtla saat 14:00-14:20 – bütün maşınlar trasa çıxa bilər. Sessiya başa çatdıqdan sonra səkkiz ən yavaş maşın mübarizədən kənarlaşdırılır, yarışa onlar 19-26-cı yerlərdən başlayacaqlar, digər nəticələr ləğv olunur.

2. Yerli vaxtla saat 14:27-14:42 – trasa 18 maşın çıxa bilər. Sessiya başa çatdıqdan sonra səkkiz ən yavaş maşın mübarizədən kənarlaşdırılır, yarışa onlar 11-18-ci yerlərdən başlayacaqlar, digər nəticələr ləğv olunur.

3. Yerli vaxtla saat 14:50-15:00 – yerdə qalmış 10 maşın start düzlüyündəki ilk 10 yer uğrunda mübarizə aparacaq. Bu zaman onlar son cəhdlərində istifadə etdikləri təkər dəstləri ilə sabah yarışın startına çıxacaqlar.

Əgər komandaların sayı 12 olarsa, onda ilk iki sessiyada yeddi, 11 olarsa, altı maşın kənarlaşdırılacaq.

Maşının minimal çəkisi

Keçən il bəzi komandalar KERS kimi ağır bir sistemdən yalnız yüngül sürücülərin maşınlarında istifadə edə bilmişdilər. Formal olaraq, reqlament KERS-dən istifadə etməyə icazə verir, amma komandalar yekdilliklə sistemdən imtina ediblər, lakin maşınların minimal çəksi də artırılıb.

2010-cu ildə maşınlar yarış uik-endinin istənilən anında 620 kq-dan yüngül ola bilməzlər. Maşınlar tərəzidə uik-enddən əvvəl texniki baxış zamanı, uik-endin gedişi zamanı təsadüfi qayadada və yarışın finişindən sonra məcburi qaydada çəkiləcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*