Renault Sport Formula One Team – Renault Sport R.S.17

Keçən il Renault şirkəti özünün Renault Sport proqramının yeni versiyasını və Formula1-ə zavod komandası kimi qayıtmasını Parisdə təqdim etmişdi. Bu il yeni maşın azarkeşlərə və mətbuat nümayəndələrinə Londonun St.Georges House otelində göstərilib. Renault rəqiblərinin çoxundan fərqli olaraq tam təqdimat mərasimi keçirib, hərçənd mərasim təmtəraqdan uzaq olub...

F-1.az xatırladır ki, arxada qoyduğumuz il ərzində komanda rəhbərini itirib – Frederik Vassyör rəhbərliyin digər üzvləri ilə fikir ayrılığına görə komandanı tərk edib. İtkilər bununla bitməyib – keçən mövsümün sonunda Kevin Maqnussen də komandadan gedib, ona görə də bu gecə R.S.17-nin üzərindən örtüyü Colion Palmerlə birlikdə təcrübəli Niko Hülkenberq çəkib. Təqdimat mərasimi Youtube kanalında canlı yayımlanıb, amma komandanın rəsmi saytı ziyarətçilərin axınına dözməyib, ona görə də komandanın mətbuat xidməti əvvəlcə şəkilləri sosial şəbəkələrdə paylaşmağa məcbur olub.

R.S.17 zavod komandasının çempionata qayıtdıqdan sonra ilk maşınıdır – keçən il komandanın qərarı gec qəbul etməsi Lotus-un köhnə maşınının yeni reqlamentə və Renault güc qurğusuna adaptasiyası ilə başa çatmışdı. Komanda cari mövsümə çox ümidlidir və komandanın lider mövqeyinə qayıtması yolunda vacib rol oynamalıdır, hərçənd komanda qarşısına daha asan məqsəd qoyub – hər bir yarışda hər iki maşınla xal qazanmaq.

 

Siril Abitebul, Renault Sport-un icraçı direktoru: “R.S.17 – Enstoun və Viridəki kollektivlərimizin ümumi işinin son nəticəsidir. Biz bu nəticə ilə fəxr edirik. Bizim komandada bütün səviyyələrdə ən yaxşı mütəxəssislər çalışırlar, Colion Palmerə isə bu il Niko Hülkenberq və Sergey Sirotkin qoşulacaqlar.

Bizim tərəfdaşlarımızın sırasına BP, Castrol, MAPFRE və SMP Racing brendləri qatılıblar. Komandamız böyüyür və bütün sahələrdə inkişaf edir, indi biz bunu trasda təsdiq etməliyik. Bizim məqsədimiz bütün yarışlarda mütəmadi xal qazanmaqdır.

Mən hesab edirəm ki, Renault digər komandalardan daha sürətlə inkişaf edir: arxada qoyduğumuz ildə resurslarımızı artıraraq komandanın ştatını 25% genişləndirmişik. Amma bununla dayanmırıq. Bizim tərəfdaşlarımızla bağlı müəyyən məqsədlərimiz var. Onların bəzilərini biz artıq elan etmişik, bəziləri isə qarşıdakı iki ildə bizə qoşulacaqlar.

Bundan başqa, biz layihəmizə digər top-komandalardan çox vəsait sərf etmişik ki, güclü rəqiblərimizdən geriqalmanı aradan qaldıraq. Bu sahədə biz lider mövqeyini tuturuq.

Bizim əlimizdə olan ən yaxşı texnologiyalar sayəsində reqlamentin çətinliklərini dəf edirik. Daha bir bonus – sosial şəbəkələrdə bizim azarkeşlərin sayı digər komandalarla müqayisədə daha sürətlə artır, bu yaxşı xəbərdir!

Bu il mən bütün Qran Prilərdə komanda ilə olacam. Keçən il əsas məqsədimiz yaxın və uzaq perspektiv planların əsasını qoymaq idi və biz bunu etdik. İndi isə biz trasda daha yüksək nəticələr qazanmağa çalışacağıq. Ona görə də yarışlara daha çox vaxt ayıracam”.

 

Jerom Stoll, Renault Sport-un prezidenti: “R.S.17 – Enstoun və Viridə hazırlanmış və yığılmış ilk maşındır və biz bu əməkdaşlığın ilk yekunlarından çox razıyıq. Maşın doğrudan da gözəl alınıb!

2017-ci il üçün məqsədlərimiz aydındır: biz irəliyə doğru böyük addım atmaq istəyirik ki, trasda sürətimiz və nəticələrimiz komandanın inkişafını əks etdirsin. Biz Mühəndislər Kubokunda ilk beşliyə düşməyə çalışacağıq”.

Bob Bell, komandanın texniki direktoru: “Mən yeni maşına çox inanıram. Hesablamalar göstərir ki, biz bütün sahələrdə irəliləmişik. Maşına diqqətlə baxsanız bütün detalların necə ciddi işləndiyini görə bilərsiniz. R.S.17 zavod komandasına layiqli alınıb.

Yeni maşının hazırlanması üçün həm vaxtımız, həm də resursumuz kifayət qədər idi – reqlament dəyişdiyi üçün biz ağ vərəqdən başladıq. Keçənilki maşının heç bir elementi yeni maşına daşınmayıb. Biz bu layihəyə sıfırdan başladıq, ona görə də layihə üzərində işləmək hamıya maraqlı idi.

Maşın sələfindən 20 sm enlidir, daha çox asfaltayatma qüvvəsi hasil edir və korpus elementləri ilə aktiv eksperiment etməyə imkan verir. Hər şey yenidən hazırlanıb – asılqan, korpus, daxili elementlər. Hətta monokok da yenidir. Viridə hazırlanan güc qurğusunun yerləşməsi də fərqlidir”.

 

Remi Taffen, baş motorçu: “Bu bir yerdə hazırladığımız ilk maşındır: Enstoun və Viri bazalarındakı əməkdaşlar bir komanda kimi çalışırdılar ki, şassini güc qurğusuna daha yaxşı adaptasiya etmək mümkün olsun. Hələ layihə mərhləsində sıx əməkdaşlıq qurmalı olduq – keçən il bunu edə bilməmişdik. Bu yanaşmadan hamımız qazandıq və biz ümid edirik ki, yekun nəticə hamımızı sevindirəcək.

Güc qurğusunun hər bir elementini maksimum effektiv düzəltmək lazım idi, eyni zamanda biz onun ümumi kütləsini də aşağı salmağa çalışırdıq. Motor-generatorlar, batareya – bütün bu elementlər xüsusi diqqət tələb edirdi. Ümumi kütlənin aşağı salınması və şassiyə inteqrasiya olunması həll etdiyimiz başlıca vəzifələr idi”.

 

Colion Palmer: “Bizi maraqlı mövsüm gözləyir. Məchullar çoxdur, ona görə də bütün sürücülər ümidlidirlər. Məncə, yeni nəsil maşınları idarə etmək çox xoş olacaq. Onlar sələflərindən ciddi fərqlənirlər – səbirsizliklə azarkeşlərin reaksiyasını gözləyirəm. R.S.17 gözəl görünür, səbirsizliklə onu trasda yoxlamağı gözləyirəm.

Simulyatorda işimizin nəticəsi bizi ümidləndirir. Yeni texniki reqlament qüvvələr nisbətini dəyişə bilər, ona görə də biz yeni maşından çox şey gözləyirik. Keçənilki çətin mövsümdən sonra irəliyə doğru böyük addım atmaq şansımız var”.

Niko Hülkenberq: “Mən həmişə zavod komandasında çıxış etməyi arzulamışam, Renault isə əvvəllər titullar qazanmış komandadır  və yenə də buna çalışacaq. Mən əla şans qazandım, çünki qələbə və titul uğrunda mübarizə aparmaq istəyirəm. Keçən il Renault çempionata zavod komandası kimi qayıdıb və bizim eyni məqsədlərimiz var, ona görə də hər ikimiz üçün gözəl şans düşüb.

Mən həm Enstounda, həm də Viridə oldum, orada çalışan əməkdaşlar da uğur qazanmaq istəyirlər. Onların motivasiyası sayəsində komandada əla atmosfer hökm sürür. Hazırda Enstounda çox şey dəyişir – bunu dəyişikliklərin miqyasından görmək mümkündür.

Hələlik mənim qarşıdakı mövsümə aydın məqsədim yoxdur, amma mən komandanın mqəsədlərini bilirəm və onlara çatmaq üçün əlimdən gələn hər bir şeyi etməyə hazıram. Mən hər bir Qran Pridə maksimum mümkün olan nəticələri qazanmaq istəyirəm”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*