23 Oktyabr 2017, Bazar ertəsi - 09:52

A.Rəhimov: “Bakı yarışı turistləri cəlb etmək üçün vasitədir…”

A.Rəhimov: “Bakı yarışı turistləri cəlb etmək üçün vasitədir…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

04:12 - 23 May, 2015

Gələn il Formula1 mərhələsi ilk dəfə olaraq Azərbaycanda baş tutacaq – təqvimin ilkin versiyasında Bakının şəhər küçələrində salınmış trasda keçiriləcək yarış iyulun 17-ə təyin olunub.

Yarışın təşkilatçılığı ilə məşğul olan Baku Grand Prix şirkətinin başçısı Arif Rəhimov bu gün Monakoda cari çempionatın 6-cı mərhələsində qonaq kimi iştirak edib. Jurnalistlər qarşıdakı yarışa hazırlıq işləri barədə Arif Rəhimovdan müsahibə alıblar. F-1.az həmin müsahibəni diqqətinizə çatdırır…

– Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru Çarli Uaytinq və onun komandası trasın layihəsini təsdiq ediblər?

– Bəli, biz artıq bütün sənədləri almışıq. Hazırda biz son hazırlıq işlərini görürük və tezliklə Uaytinqin təftişi üçün lazım olan bütün sənədləri təqdim edəcəyik. Bu mərhələ işin ən maraqlı hissəsidir, çünki söhbət şəhərin küçələrində salınmış trasdan gedir, ona görə də bəzən kompromis axtarmalı oluruq.

– Son illərdə təqvimdə debüt etmiş traslar, məsələn, Abu Dabi və ya Soçi trasları düzənlikdə salınıblar. Bakıda isə relyef fərqli olacaq?

– Bəli, bizim trasın bir neçə yerində kəskin hündürlük fərqi olacaq. Layihəyə əsasən tras əvvəlcə uzunluğu 1.5 km olan hündürlüyə dırmaşır, sonra isə qısa məsafədə aşağı düşür, ona görə də bizim tras heç də düzənlik təsiri bağışlamayacaq.

– Hesablamalara görə, trasda orta sürət nə qədər olacaq?

– Mən hələ rəqəmləri dəqiqləşdirməmişəm, amma təxminən 208 km/saat olmalıdır.

– Bəs trasın uzunluğu nə qədər olacaq?

– Təxminən 6 kilometr.

– Trasda hərəkət saat əqrəbinin hərəkəti istiqamətində olacaq?

– Xeyr, saat əqrəbinin hərəkətinin əksi istiqamətində.

– Nə üçün Azərbaycan Formula1-in yarış mərhələsini keçirmək qərarına gəldi?

– Bunun bir neçə səbəbi var. Birincisi, bu yarış ölkənin yaxşı reklamıdır, çünki Formula1-in çox böyük qlobal teleauditoriyası var. İkincisi, digər ölkələr kimi biz də dünyaya Azərbaycan haqqında danışmaq, ölkəmizə tursitləri cəlb etmək istəyirik. Biz istəyirik ki, insanlar bilsinlər ki, bizim ölkəmiz turizm üçün, turistlər üçün əla yerdir. Bu iki əsas səbəbə görə biz yarış keçirmək qərarına gəldik.

– Yarışın keçirilməsi üçün hansı vaxtı ideal hesab edirsiniz?

– Biz Qran Prini yayda keçirmək istəyirik. İyul ayında havanın orta temperaturu +25-30 dərəcə arasında dəyişir. İyun və iyul ayları ideal vaxtdır, yalnız temperatur baxımından demirəm, həm də bizim şəhərin küçələrindəki nəqliyyat axını baxımından. Bakıda avtomobil hərəkəti çox intensivdir, tras isə şəhərin düz mərkəzində olacaq. Biz əmin olmalıyıq ki, yarışın keçirilməsi şəhərdə nəqliyyatın hərəkətinə minimum təsir edəcək.

Qran Pri günlərində hərəkətin təşkili planını hazırlayırıq. Təxminən Monakoda olduğu kimi olacaq – səhər tras hərəkət üçün açıq olacaq, yarışdan bir qədər sonra yenə də hərəkət açılacaq.

– Azərbaycanda yarışın keçirilməsi barədə elan olunanda neftin qiyməti bazarlarda çox yüksək idi. İndi isə barrelin qiyməti aşağı düşüb – bu qiymət fərqi Qran Priyə hazırlığa təsir edibmi?

– Xeyr, heç bir təsiri olmayıb. Yarışın təşkilində dövlətlə yanaşı fərdi fondlar, biznesmenlər konsorsiumu, turizm şirkətləri və banklar iştirak edirlər.

– Ölkədə gələn il Formula1 yarışının keçirilməsinə reaksiya necədir?

– Düzünü desəm, hazırda yarışın keçirilməsinə ölkədə elə də böyük diqqət ayırlmayıb. Biz özümüz diqqəti cəlb etmirik, çünki insanların diqqətini gələn ay keçiriləcək ilk Avropa Oyunlarından ayırmaq istəmirik.

– Tribunlarda yalnız Azərbaycandan olan yoxsa xaricdən gələn azarkeşləri görməyi düşünürsünüz?

– Əlbəttə, ümid edirəm ki, tribunlarda daha çox yerli azarkeşlər toplaşacaqlar, amma təkcə Bakıdan yox, eləcə də ölkəmizin digər regionlarından da tamaşaçı ordusu gözləyirik. Yuxarıda dediyim kimi, Qran Prinin keçirilməsi ölkəmizi dünyada reklam etmək üçün bir vasitədir, ona görə də biz xarici ölkələrdən də azarkeşlər gözləyirik. Biz Qran Pri günlərinə maraqlı proqram tərtib etmək istəyirik ki, Avropadan və digər qitələrdən də ölkəmizə tamaşaçılar toplayaq.

– Nə qədər qonaq qəbul etməyə hazırsınız?

– Hazırda biz trasın layihəsini elə qurmuşuq ki, tribunalarda elə də çox yer olmayacaq – cəmi 19500 nəfər. Bundan başqa bizim trasda yarışı ayaqüstə izləmək üçün xüsusi zonalar olacaq. İstənilən halda, biz maksimum tamaşaçı qəbul etməyə çalışacayıq.

– Bəs yarışa bilet satışını nə zaman başlamağı planlaşdırırsınız?

– Bu ilin sonunda yarışın keçirilmə tarixi rəsmən təsdiq olunandan sonra…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 927
Teqlər , , ,
Paylaş

logo