Qrouvda Bottası buraxmaq istəmirlər, lakin danışıqlar gedir…

Niko Rosberq karyerasını bitirdiyini açıqladığı ilk gündən Mercedes AMG-nin siyahısında Valtteri Bottasın adı da var idi. Bu sadə və mənitqli idi, çünki Toto Vollf 2008-ci ildən etibarən Bottasa menecerlik edən Aces Management Group-un təsisçisidir.

F-1.az bildirir ki, BCC-nin məlumatlarına görə, Bottas Mercedes-in siyahısında birinci yerdədir, lakin Williams 2017-ci il üçün müqaviləsi olan finlandiyalını buraxmaq istəmir. Bundan əlavə, iki komanda arasında başqa kadr dəyişiklikləri də ola bilər. Pəddi Lounun Williams-a keçəcəyi, onun yerini isə Ceyms Əllisonun tutacağı bildirilir.

Volffun Bottası komandaya gətirmək üçün bütün imkanlarından istfadə etməyə çalışdığı bildirilir. Xəbərlərə görə, Mercedes Motorsport-un başçısı Bottasın əvəzində Williams-a mühərriklərə görə 50%-dən çox endirim (bu, 10 milyon avroya yaxın məbləğ deməkdir) və Paskal Verlyaynı təklif edib. Volffun fikrincə, Bottas Rosberqin layiqli əvəzləyicisi ola bilər – o sürətli və stabildir, onunla dil tapmaq asandır. Bütün bu keyfiyyətlərinə görə Həmiltonla ideal komanda yoldaşı ola bilərlər.

Williams-ın ilk təklifi rədd etdiyi, lakin yaxın günlərdə danışıqların davam etdiriləcəyi bildirilir. Komandanın digər sürücüsü 18 yaşlı debütant Ləns Strolldur və onlar təcrübəli pilot istəyirlər. Onlar 22 yaşı və Formula1-də cəmi bir il təcrübəsi olan Verlyaynı komandaya gətirməkdən ehtiyat edirlər. Çünki komanda gələn mövsüm builkindən daha pis nəticə göstərsə və daha az xal toplasa, ciddi maliyyə itkilərinə məruz qala bilər. Bundan başqa, komandanın titul sponsoru Martini ilə də problemlər yarana bilər. Çünki gənc sürücülər şirkətin reklam siyasətinə tam uyğun gəlmir. Paralel olaraq, Verlyayn Sauber-lə danışıqlar aparır və onun gələn mövsüm Erikssonun komanda yoldaşı ola biləcəyi iddia olunur. Bu baş verərsə, son iki mövsümdə Sauber-də iştirak etmiş Felipe Nasr Williams-a keçə bilər.

Mercedes AMG Verlyayn barədə tərəddüd edir. 2015-ci ildə DTM-də çempion olmuş sürücünün təcrübəsi kifayət qədər deyil və komandaya Mühəndislər Kubokunda növbəti qələbəni qazanmaq üçün sabit olaraq yaxşı nəticələr göstərə bilən sürücü lazımdır. Yeri gəlmişkən, onlar həm də başa düşürlər ki, seçim imkanları olduqca azdır. Çünki bütün təcrübəli sürücülərin komandaları ilə gələn il üçün müqavilələri var. Əgər Williams ilə razılıq əldə edilməzsə, Mercedes Karlos Saynsa yönələ bilər. BCC-nin mənbələri bildirirlər ki, əgər Volff Diter Mateşiç və Helmut Markoya bu barədə müraciət etsə, onlar bəlkə də razılaşa bilərlər. Amma bu, prioritet deyil. Nəzərə almaq lazımdır ki, iki komandanın münasibətlərində gərginliklər olub…

O ki, qaldı Pəddi Lounun Williams-a keçməsi məsələsinə, onların uzun müddətdir ki, danışıqlar apardıqları bildirilir. Əgər müzakirələr uğurlu olarsa, Formula1-də 30 illik karyerası olan mütəxəssis komandaya çox şey qazandıra bilər. Lakin Lounun bu barədə Volffla hələ danışmadığı qeyd edilir. Həmçinin, Ceyms Əllisonun artıq Mercedes AMG-yə keçməyə razılıq verdiyi iddia olunur. İyulda Ferrari-dən ayrılan 48 yaşlı Əllison aerodinamika sahəsində ən yaxşı mütəxəssislərdən biri hesab edilir. Lakin o, Ferrari-dən ayrıldıqdan sonra akademik məzuniyyətdədir və mövcud qaydalara görə, 2017-ci ilin yayından əvvəl başqa komandada işə başlaya bilməz.

Lounun Mercedes AMG-də qalacağı inandırıcı görünmür – tərəflər bu barədə danışmaqdan imtina ediblər. Əgər o, Williams-a keçərsə, bu amil də Bottasın transferində vacib rol oynaya bilər…

, , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*