Avstraliyalıların qanadını qıran Red Bull…

Formula1-ə gəldiyi 2005-ci ildə Red Bull komandasının gələcəkdə böyük uğurlar əldə edəcəyini, böyük komandalar üçün başağrısı olacağını yəqin ki, çox adam əvvəldən təsəvvür etməzdi. Bütün bu uğurların fonunda, qapalı qapılar arxasında bir çox şey baş verirdi...

F-1.az saytı olaraq, bu yazıda həmin qapıarxası hadisələrdən bəlkə də ən əsasına – komandanın sürücü siyasətinə toxunacayıq. Daha dəqiq desək, komandada çıxış etmiş 2 avstraliyalı pilotun – Mark Uebber və Daniel Rikkardonun komanda ilə münasibətlərindən bəhs edəcəyik.

İki düşmən pilot

2008-ci ildə ən gözlənilməz hadisələrdən biri Red Bull-un “kiçik qardaşı” olan Toro Rosso-nun sürücüsü Sebastyan Fettelin yağışlı İtaliya Qran Prisində qalib gəlməsi oldu. Bu qələbədən sonra Toro Rosso-nun işlətdiyi Ferrari mühərriyinin Red Bull-un işlətdiyi Renault mühərriyindən çox üstün olduğunu deyənlərin sayı artdı. Lakin ilin sonunda motor inkişafına qoyulan qadağalar aradan qaldırılacağından, Renault mühərriklərinin güclənəcəyi istisna edilmirdi. Belə də oldu.

Komanda 2009-cu ildə Mark Uebberi heyətində saxladı, Devid Kulthardın yerinə isə Sebastyan Fetteli transfer etdi. Bu iki sürücünün münasibətləri isə heç də yaxşı deyildi. Bunun səbəbi isə 2 il əvvəl baş vermiş hadisə ilə bağlı idi. 2007-ci ildə Red Bull qələbələr qazanmasa da, inkişafda olan komanda idi və demək olar ki, hər yarış daha iddialı görünürdülər. Mövsümün sondan 3-cü yarışı olan Yaponiya Qran Prisində Uebber qələbəyə çox yaxın idi. Amma yağan yağışın qurbanı olan Fernando Alonsoya görə təhlükəsizlik maşını trasa daxil oldu və nə oldusa, bundan sonra oldu. Yarışda qələbə qazana biləcək, ən pis halda 2-ci ola biləcək Uebber təhlükəsizlik maşını daxil olduqdan sonra 2-ci, Fettel isə 3-cü yerdə idi. Heç kəsin gözləmədiyi halda Fettel təcrübəsizlikdənmi, yoxsa həyəcandanmı, bilmirəm, arxadan Uebberin maşınını vurdu və onun yarışdan kənar qalmasına səbəb oldu.

Vettel Webber 2007 Japanese GP

Adətən özlərinə yol verən komandanın gənc sürücüsünə görə yarışı dayandırmalı olan Uebber qəzəblə maşınından çıxaraq boksa doğru getdi. Etdiyi qəzaya görə bir müddət sonra Fettel də yarışı dayandırdı. Yarışdan sonra isə hamı çox əsəbi idi. Səhvini qəbul edən Fettelin hətta göz yaşlarını saxlaya bilmədiyi bir vaxtda Uebber jurnalistlərə olduqca sərt bəyənatlar verirdi: “Hər şey çox yaxşı gedirdi, amma bu bacarıqsız uşaq gəldi və bütün yarışımı korladı”.

İllər sonra da Fettel həmin yarışı karyerasının ən pis günü adlandıracaqdı. Çünki bu qəzası onu hətta Toro Rosso-dakı yerindən də edə bilərdi. Amma komanda növbəti yarışlarda yaxşı çıxış edən gənc sürücünü daha bir il komandada saxlamaq qərarına gəldi. 2008-ci ildə bu şansdan yaxşı istifadə edən Fettel bir çox yarışda xal zonasına düşə bildi. İtaliya Qran Prisində isə komandası üçün hələ də yeganə olan qələbəni əldə etdi. Bunlar onun bir il əvvəl etdiyi səhvi unutdurdu və Red Bull onu karyerasını bitirmiş Devid Kulthardın yerinə komandaya gətirdi. Komanda unutdu, bəs görəsən Uebber unutmuşdu?..

Fettelin Red Bull-a gəlişindən sonra bu 2 sürücü diqqət mərkəzinə düşdü. Jurnalistlər bəhs etdiyimiz Yaponiyadakı qəzanı nəzərdə tutaraq həm onlara, həm də komandanın rəhbəri Kristian Hornerə çoxsaylı suallar verirdilər. O dövrdə bu ikilinin komanda yoldaşı olması məsələsi o qədər müzakirə olunurdu ki, komanda hər şeyin qaydasında olduğunu göstərmək üçün tez-tez mətbuat konfransları təşkil edir, pilotlar birlikdə gülümsəyərək fotoqraflara pozalar verir, hətta komandanın veb-saytına yerləşdirilmiş video-çarxlarda pilotlar bir-birilərinə təriflər yağdırırdılar.

Vettel vs Webber

Amma mövsümün başlaması isə bu ikilinin arasındakı kin də özünü biruzə verməyə başladı. Red Bull 2009-cu ildə kifayət qədər güclənmiş, sürücüləri də poul və qələbə qazanmaq, podiuma çıxmaq uğrunda bir-biriləri ilə mübarizə aparmağa başlamışdılar. Red Bull öz köhnə pilotlarına işləyib komanda əmrləri ilə Fetteli onun arxasında saxlamağa çalışsa da, buna nail ola bilmədi və gənc Fettel elə ilk mövsümdəcə təcrübəli komanda yoldaşını üstələyərək mövsümü 2-ci yerdə bitirdi.

İkili arasındakı növbəti böyük insident isə 2010-cu ildə İstanbul Parkda keçirilən Türkiyə Qran Prisində baş verdi. İkinci yerdə gedən Fettel yarışın lideri olan komanda yoldaşını keçməyə çalışarkən qəza baş verdi, Fettel mübarizəni dayandırdı. Uebber isə zədələnmiş bolidi ilə məcburi pit-stop etməli oldu və yarışı 3-cü yerdə yekunlaşdırdı.

Bu hadisələr baş verərkən hamının diqqətini cəlb edən Fettelin Uebberə etdiyi hərəkətlər idi. Yarışdan sonrakı reportajlarda hər iki sürücü qarşı tərəfi sərt ifadələrlə günahlandırdı. Kristian Horner isə Markın günahkar olduğunu, Sebastyana keçid üçün kifayət qədər yer qoymadığını bildirdi. Sürücülərinin münasibətlərinin daha da pisləşməsinə görə olduqca əsəbi görünən Horner çox danışmadı və mətbuat konfransını tez yekunlaşdırdı. Komanda tərəfindən sonradan verilən açıqlamalarda Uebberin qənaət rejimində olduğunu, amma komandanın onu 1-ci etməyi planlaşdırdığı bildirildi.

Vettel vs Webber Istanbul 2010 crash

Sürücülərin münasibəti mətbuatın ən çox işıqlandırdığı məsələlərdən biri oldu. Bu, növbəti mövsüm ərzində də belə olacaqdı. Komanda yenə də növbəti mövsüm başlamamışdan əvvəl yayımladığı videoçarxlarda sürücülərinin mehriban olduğunu göstərməyə çalışsa da, sürücülər mövsümün əvvəlində yenə birlikdə şəkillər çəkdirsələr də, aralarındakı gərginlik tras üzərindəki hər bir mübarizədə aqressiv olmalarından açıqca görünürdü. Mövsüm davam etdikcə Fettelin çempionluq uğrunda mübarizə aparması komandanın Uebberi 2-ci plana salması ilə nəticələndi. Bütün komanda əmrləri Sebastyanın lehinə verilir, hətta bu, özünü maşınların hər yarışda sazlanmasında da göstərirdi. Bütün bunlar da avstraliyalının komandaya olan inamını azaldırdı…

Komandanın sürücülərinə olan bu münasibəti Fettelin çətinliklə çempion olduğu 2012-ci ildə daha aydın nəzərə çarpırdı. 2013-cü ilin 2-ci yarışı olan Malayziya Qran Prisində baş verən Multi 21 hadisəsi isə ikilinin arasıdakı uçurumu daha da böyütdü. Sıralanma turunda 5-ci olmasına baxmayaraq, yarışda əla çıxış edərək liderliyə yüksələn Uebberə komanda tərəfindən həm təkərləri, həm də növbəti yarışlar üçün motoru qorumaq üçün yavaş getməsi göstərişi verildi. O da öz növbəsində sükan üzərindəki düymələrlə lazımi dəyişiklikləri edərək bolidi qənaət rejiminə keçirdi. Lakin arxasınca gələn Fettel onu keçmək üçün hücumlar etməyə başladı.

Webber vs Vettel Malaysian GP 2013

Mark radio vasitəsi ilə komandaya Fetteli saxlamalarını, əks təqdirdə yenə maksimum rejimdə getməyə başlayacağını bildirdi. Kristian Horner də öz növbəsində Fettelə Uebberin qənaət rejimində getdiyini dedi və onun da bu rejimə keçməsini istədi. Lakin Fettel komanda yoldaşının olduqca yavaş templə getdiyini, onu keçməkdən başqa çarəsinin olmadığını bildirdi və 3 dövrə sonra az qala qəza şəraiti yaradacaq formada onu keçərək liderliyə yüksəldi. Səbr kasası dolan Uebber komandadan açıqca izahat tələb etməyə başladı. Horner isə Fetteldən yerini qaytarmağı istəmək əvəzinə, qəribə bir şəkildə “bu etdiyin çox axmaqca idi, Seb” deməklə kifayətləndi. Uebber nə qədər motorun gücünü artırıb yerini qaytarmaq istəsə də, artıq yarışın sonu idi və Sebastyan qalib gəlmişdi.

Hamı yarışdan sonra onların nə edəcəyini maraqla gözləyirdi. Podium mərasimindən əvvəl komanda yoldaşına “Multi 21, Seb, Multi 21!” deyərək hər ikisinin də bildiyi bir kodun adını çəkən Mark haqsızlığa uğradığını açıqca dilə gətirdi. Podium mərasimində də məyus və qəzəbli görünən avstraliyalı oranı tərk etmək istəsə də, podiuma reportaj üçün dəvət olunmuş Martin Brandlın gəlişi ilə qalmalı oldu. O, ilk növbədə yarışın qalibi olduğu üçün Fettelə yaxınlaşdı və 3-4 adi sualdan sonra sözügedən hadisə barədə suallar verməyə başladı. Suallara cavabında soyuqqanlılıqla Uebberin çox yavaş getdiyini və buna görə onu keçdiyini, qələbə qazandığı üçün xoşbəxt olduğunu bildirdi. Mikrofon Uebberə uzadıldıqda isə avstraliyalı daha açıq danışdı. Özünün komandanın göstərişi ilə qənaət rejimində hərəkət etdiyini, Sebastyanın isə komanda əmrlərini nəzərə almayaraq onu təhlükəli şəkildə keçdiyini bildirdi və sonda da komandanın daxilindəki siyasəti bir cümlə ilə milyonlarla insana eşitdirmiş oldu: “Nə olur olsun, komanda yenə Fetteli haqqlı hesab edəcək”.

Malaysian GP 2013 Podium

Yarışdan sonra komanda rəhbərliyi sualları cavablamaqdan qaçır, sadəcə vəziyyəti düzəldəcəklərini bildirirdi. Üzərindəki təzyiqdənmi, yoxsa vicdan əzabına görəmi bilmirəm, amma Sebastyan bəzi məqamlarda səhvin özündə olduğunu, komanda yoldaşından üzr istəyəcəyini bildirdi. Lakin növbəti yarış olan Çin Qran Prisi ərəfəsində alman pilot sanki o sözləri deyən adam deyildi. O, Malayziyadakı hərəkətinin tamamilə düz olduğunu bildirdi və Çində də aqressiv sürüşünü davam etdirdi.

Mövsüm irəlilədikcə Uebber komanda yoldaşından geri qalmağa başladı. O, Monako Qran Prisində podiuma yüksəldikdən sonra mövsümün sonunda həm komandadan, həm də Formula1-dən ayrılacağını və WEC seriyasında Porsche komandası ilə iştirak edəcəyini açıqladı.

Mövsümün qalan hissəsində həmişə podiuma yüksəlməyi bacaran Uebber bu dəfə də komanda yoldaşının çempion olmasına mane ola bilmədi. Braziliyada 2-ci yer tutduğu yarışın sonunda boliddə ola-ola dəbilqəsini çıxardı və azarkeşlərini salamladı. Komandasına radiodan dediyi “təşəkkür edirəm, hər şey üçün təşəkkür edirəm” sözlərində də istehza hiss olunurdu. O, əslində niyə dəfələrlə haqqının yeyilməsinin səbəbini soruşurdu…

Mark Webber Last GP

Yarışdan sonra komanda yoldaşı Fettel tərəfindən də təbrik edilən Uebber 9 qələbə qazandığı və 42 dəfə isə podiuma yüksəldiyi 215 yarışlıq Formula1 karyerasına nöqtə qoydu.

Komandanın 2-ci avstraliyalısı

Uebberdən boşalan yerə Toro Rosso-nun sürücülərindən Daniel Rikkardo gətirildi. Artıq turbo motorlara keçilmiş, əvvəlki 4 ildə hegemonluq etmiş Red Bull-un Mercedes AMG-dən geri qalacağı açıqca görünürdü. Bu vəziyyət də Fettelə təsir etmiş olmalı idi ki, o, mövsüm ərzində heç bir yarışda qalib gələ bilməsə də, komandanın yeni sürücüsü Rikkardo Kanada, Macarıstan və Belçikada qələbə qazandı və mövsümün yekununda son 4 ildə dünya çempionu olmuş komanda yoldaşını üstələdi.

Birlikdə 4 mühəndislər kuboku, 4 pilotlar çempionluğu əldə etmiş Red Bull-Fettel tandemi 2014-cü ildə sona çatdı. Növbəti il üçün Ferrari ilə müqavilə bağlayan alman sürücünün yerinə yenə də Toro Rosso-dan sürücü gətirildi. Bu isə rusiyalı Daniil Kvyat idi.

2015-ci ildə bir çox problem yaşayan Rikkardonu üstələyən Kvyat üçün builki mövsüm çox pis başladı. Rusiya Qran Prisində Fettellə 2 dəfə toqquşan Kvyatı komanda geri Toro Rossoya göndərdi və Helmut Markonun sevimlisi Maks Ferstappeni onun əvəzinə gətirdi. Elə nə oldusa da, bundan sonra oldu.

İspaniya Qran Prisində Mercedes AMG pilotlarının qəzasından sonra liderliyə yüksələn Rikkardo qalib gəlməyə çox yaxın idi. Amma komanda arxada olan Ferstappenin qələbə qazanması üçün mümkün olan hər şeyi etdi. Fərqli strategiya seçərək və daha az pit-stop etdirərək yeni komandasındakı ilk yarışındaca ona qələbə qazandırdı. Halbuki, adətən öndə olan pilota qalib gəlmək üçün öncəlik verilir və bu strategiya Rikkardo üçün seçilsə o daha asan qalib gələ bilərdi. Böyük əksəriyyət bunu Red Bull tərəfindən qəsdən atılmış addım hesab etdi.

Monaco GP Ricciardo

Keçən həftəsonu Monako Qran Prisində isə daha böyük xaos yaşandı. Yenə də yarışın qalibi olmağa ən real namizəd olan Rikkardo komanda tərəfindən pit-stopa çağrıldı. Lakin pilot bolidi lazımi yerdə saxladıqda ona taxılacaq təkərlər hələ də hazır deyildi. Bunun nəticəsində o, böyük vaxt itirdi və trasa Lyuis Həmiltonun arxasında qayıtdı. Amma cəmi yarım saniyə tez çıxa bilsəydi, bəlkə də yarışda qalib gələrdi. Komandanın belə səhvə yol verməsi də birmənalı qarşılanmadı. Nə azarkeşlər, nə mütəxəssislər, nə də elə Rikkardonun özü tərəfindən… Renault motorunun güclənməsi ilə bəlkə də çempionluq yarışına qoşulacaq bir komandanın pilotu 2 yarışda komandasına görə 20 xal itirdi.

Növbəti yarışlarda nələr olacağını birlikdə görəcəyik…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*