22 Noyabr 2017, Çərşənbə - 13:06

Növbəti yarışımız üçün marşalların qeydiyyatı prosesinə start verilib

Növbəti yarışımız üçün marşalların qeydiyyatı prosesinə start verilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:17 - 01 Noyabr, 2017

Gələn il aprelin son günlərində Bakıda baş tutacaq Azərbaycan Qran Prisi üçün marşalların qeydiyyatı prosesinə başlanılıb. Proses marşallıq fəaliyyətinə dair bütün vakant yerlər dolanadək davam edəcək.

F-1.az bildirir ki, Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) gələnilki yarışa 1150 marşal cəlb etmək niyyətindədir. İndiyədək Bakıda keçirilmiş Formula1 yarışlarında yüksək peşəkarlıqla iştirak edən 1704 marşala beynəlxalq dərəcəli  marşallıq lisenziyası verilib. Lisenziyaya sahib hər bir marşal Azərbaycan Qran Prisi ilə yanaşı Dünya Çempionatında yer alan digər istənilən ölkədə keçirilən Qran Pri yarışlarında iştirak üçün müraciət edə bilər.

BŞH-nin idman şöbəsinin və həmçinin, BMK-nın rəhbəri Çingiz Mehdiyev ölkədə marşallıq fəaliyyətinə maraq sürətlə artdığından növbəti yarışa yeni müraciətlər qəbul edəcəyini bildirib…

Çingiz Mehdiyev: “Son illər Azərbaycanda marşallıq fəaliyyəti böyük templə inkişaf edir. Bunu Bakıda baş tutmuş Formula 1 yarışlarında marşal olmaq istəyənlər tərəfindən edilən çoxsaylı müraciətlərdə də görmək mümkündür.

Hər ötən il könüllü fəaliyyətə maraq getdikcə artır. Bu səbəbdən artan tələbatı ödəyə bilmək üçün bu il marşallıq fəaliyyəti üzrə yeni 350 vakansiya açmışıq. Bizə qoşulmaq istəyən hər bir enerji dolu Formula1 həvəskarını gecikmədən Marşal Proqramına Müraciət Sistemi vasitəsilə qeydiyyatdan keçməyə dəvət edirəm”.

Azərbaycan Qran Prisinin marşalı olmaq istəyən 21 yaşdan yuxarı hər bir şəxs www.bakumarshalsclub.az saytına daxil olaraq öz müraciətini edə bilər.

Qeyd edək ki, marşallıq fəaliyyətinə qəbul və təlim prosesinin bütün mərhələlərindən uğurla keçən namizədlər Azərbaycan Avtomobil Federasiyası tərəfindən veriləcək beynəlxalq dərəcəli marşal lisenziyası ilə təmin olunacaqlar.

Bu lisenziyanı əldə edən hər bir marşal trasa ən yaxın mövqedən yarışı canlı izləyə biləcək və həmçinin, yarış ərəfəsində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etməklə yanaşı, digər ölkələrdə keçirilən Qran Pri yarışlarında yer almaqla Formula1 dünyasını yaxından kəşf etmək imkanına sahib olacaq.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 6. 465
Teqlər , , , ,
Paylaş

logo