25 Sentyabr 2018, Çərşənbə axşamı - 05:24

Növbəti yarışımız üçün KİV-in akkreditasiyasına start verilib

Növbəti yarışımız üçün KİV-in akkreditasiyasına start verilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:05 - 20 Dekabr, 2017

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti gələn ilin aprelində üçüncü dəfə keçiriləcək Azərbaycan Qran Prisinə yerli media nümayəndələrinin akkreditasiyası prosesinə başlayıb.

F-1.az xatırladır ki, Formula1 üzrə Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FİA) və  Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur. Amma yerli media nümayəndələrinin yarışa qeydiyyatı təşkilatçı şirkətin (promouterin) vasitəçiliyi ilə həyata keçirilir.

Bizim yarışa akkreditasiya prosesi gələn il 31 yanvar  saat 17:00-dək  davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, Milli Mətbuat Katibi Nigar Arpadarai yerli media nümayəndələrini tezliklə yarışa qeydiyyatdan keçməyə dəvət edib.

Nigar Arpadarai: “Hər ötən il daha çox sayda yerli media nümayəndələrinin yarışda iştirak etməsi bizi çox sevindirir. Bu il də bütün gücümüzü səfərbər etmişik ki, Azərbaycan Qran Prisində çox sayda yerli media təmsilçisi iştirak edərək yarışı ölkə ictimaiyyəti üçün yüksək səviyyədə işıqlandıra bilsin.

Bildiyiniz kimi, Formula1 yarışlarında iştirak edəcək media nümayəndələri müəyyən kriteriyalara uyğun olmalıdırlar və yalnız müvafiq yüksək göstəricilərə malik jurnalistlər FİA və FOM-un təsdiqi ilə yarışa buraxılırlar.

Biz də öz növbəmizdə ilboyu çalışırıq ki, ölkəmizdə Formula1-dən yazan jurnalistlərin sıraları genişlənməklə və xəbərlərin keyfiyyəti daha da yüksəlməklə akkreditasiyanın tələblərinə cavab verən yerli media nümayəndələrinin sayı artsın.

Fürsətdən istifadə edərək bütün yerli jurnalistləri gecikmədən qeydiyyatdan keçməyə dəvət edirəm. Hamınıza bu prosesdə uğurlar arzulayıram!”

Qeyd edək ki, əməliyyat şirkəti yanvarın 8-də yerli media nümayəndələri üçün Azərbaycan Qran Prisinin akkreditasiya prosesi ilə bağlı seminar keçirəcək. Bu seminarda iştirakçılara akkreditasiyaya dair geniş məlumat veriləcək və həmçinin qeydiyyat prosesi ilə əlaqədar bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 492
Teqlər , ,
Paylaş

logo