20 Noyabr 2017, Bazar ertəsi - 11:34

Necə işləyir: Mühəndislərin brifinqi

Necə işləyir: Mühəndislərin brifinqi

Müəllif: Afgan Haji, redaktor

08:43 - 08 Dekabr, 2016

F-1.az saytı Britaniyanın F1 Racing dərgisinin səhifələrində Williams-ın texniki departamentinin rəhbəri Pət Simondsun mühəndis brifinqləri və yarış həftəsonularının gedişində qəbul edilən qərarlar haqqında məqaləsini sizə təqdim edir.

Pət Simonds: “Yola çıxmazdan xeyli öncə mühəndislər toplantı keçirirlər, hər bir sessiyada hansı nəticələri gözlədiklərini və bunu nəyin hesabına etmək mümkün olduğunu müzakirə edirlər. Yekunlar üzrə fərdi iş planı tərtib edilir – yola çıxışın vaxtı, təkərin tərkibi, yanacağın miqdarı, mühərriyin sazlanmaları. Hər sessiyadan sonra brifinqdə mühəndislər yekunlaşdırma aparır və məhz nəyi aydınlaşdıra bildiklərini dəyərləndirirlər. Toplanmış məlumatın və dövrədəki nəticənin qiymətləndirilməsindən başqa pilotlar görülmüş iş barədə öz rəylərini də söyləyirlər.

Bütün toplantılar əvvəlcədən müəyyənləşdirilmiş vaxtda keçirilir, ona görə də əgər pilotlar və ya mühəndislər gecikirlərsə, komanda onları mümkün qədər tez tapmağa çalışır. Ən azından, bu cür yanaşmadan biz Williams-da istifadə edirik. Toplantı təsdiqlənmiş reqlament üzrə keçirilir, hər kəsin fikir bildirmək imkanı var. Sonra pilot və yarış mühəndisi təkbətək danışa bilərlər, amma hətta bu halda da onların qəbul etdikləri qərarlar yekun axşam toplantısında ümumi müzakirəyə çıxarılır. Bu minvalla, əgər bir pilotun mühəndisləri onun maşınının sazlanmalarını dəyişmək qərarına gəlmişlərsə, digərinin mühəndisləri həmin variantı ikinci maşında sınaqdan keçirmək imkanına malik olurlar.

Hər sessiyadan sonra qısa brifinqlər keçirilir ki, burada biz toplanmış məlumatları, dövrədə keçən vaxtı, təkərin işinin və aerodinamikanın səmərəliliyini dəyərləndiririk. Sazlanma variantlarının yekun variantları seçilənə qədər, – bu isə adətən cümə gününün axşamı baş verir, – komanda toplanmış bütün telemetriyanı öyrənir. Bununla mühəndislər məşğul olurlar, hər bir kəs öz sahəsinə – aerodinamikaya, nəzarət sistemlərinə və ya güc qurğusuna cavabdehdir. Texniklər də müxtəlif sistemlərin işini qiymətləndirirlər ki, zərurət olduqda zədələnmiş və yaxud istismar müddətinin sonuna yaxınlaşmış detalları dəyişdirə bilsinlər.

Yığılmış informasiyanı qiymətləndirərək, biz pilotların maşının davranışına dair rəyi ilə maraqlanırıq, o, çox vaxt subyektiv olur, buna görə də biz idarəetməni və səmərəliliyi beş ballıq şkala üzrə dəyərləndirməyi xahiş edirik. Mən pilotların mühəndislərlə söhbətlərində iştirak edirəm ki, onlara kömək edim və maşının idarəetməsinə dair rəyi söyləyim.

Bütün pilotlar komanda yoldaşını üstələməyə can atırlar – onlar üçün bu başlıca məqsəddir. Maşının tək olduğu şəraitlərdə çox şey pilotdan asılı olur. Komanda nöqteyi-nəzərindən komanda yoldaşlarının mübarizəsinin iki tərəfi var. Sağlam rəqabət pilotlara yeni səviyyəyə çıxmağa imkan verir, ancaq əgər qarşıdurma çərçivədən kənara çıxarsa, bu, komandanın ruh yüksəkliyində özünü göstərir və yolda xalların itirilməsinə gətirib çıxarır.

Sərbəst sürüşlər zamanı yarış mühəndisləri bir-biri ilə toplanmış informasiya mübadiləsi edirlər. Əgər pilotlardan biri aydınlaşdırsa ki, ön antiqanadın hücum bucağının müəyyən dərəcədə dəyişməsi vaxtın yaxşılaşmasına gətirib çıxarır, baş mühəndis bu barədə mütləq ikinci pilotun yarış mühəndisinə məlumat verəcək. Bundan sonra necə hərəkət eləməklə bağlı qərar çıxarılır – alınmış məlumatlara uyğun olaraq sazlamaları dəyişmək və ya bunu sonraya saxlamaq, hələliksə işi təsdiqlənmiş proqram üzrə davam etdirmək.

Vacib olan budur ki, pilotlar həmişə komandanın maraqlarını hər şeydən üstün tutsunlar, amma daima bu cür olmur. Komandalar da bəzən pilotlardan birini, yenilənmələri ilk növbədə olan pilotu dəstəkləyirlər. Yaxşı komanda həmişə pilotlara bərabər imkanlar təqdim etməyə cəhd göstərir. Buna baxmayaraq, mən dəfələrlə görmüşəm ki, pilotlar öz əsl potensiallarını gizləməyə çalışırlar. Bir dəfə mənim işlədiyim pilot yalnız yolun eyni hissəsində hücuma keçirdi və heç vaxt sürətli dövrəni bir yerdə yığmır və həlledici məqamda komanda yoldaşı üçün gözlənilməz olaraq dövrəni yarım saniyə tez keçməklə onu təəccübləndirirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Pat Symonds
Baxış Sayı 2. 590
Teqlər , , ,
Paylaş

logo