Mövsümün yekunları-2017: Renault Sport Formula One Team

Formula1 üzrə 68-ci mövsüm və 2017-ci il artıq geridə qalıb. F-1.az hər bir komandanın keçən il ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Renault-da mövsümboyu Mühəndislər Kubokunda beşinci yeri hədəfləsələr də son anda altıncı yerlə kifayətlənməli olublar, lakin nəticədən razı qalıblar…

N Sürücü
Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
27 Niko Hülkenberq 20 10 43 5 6
30 Colion Palmer 16 17 8 10 6
55 Karlos Sayns 20/4 9 48/6 7 7

Qalın şriftlə Saynsın Renault-nun tərkibindəki nəticələri göstərilib.

Renault / Lotus F1 Team Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 6 57 5 6
2016 21 9 8 13 7
2015 19 6 78 5 3
2014 19 8 10 5 8
2013 19 4 315 2 1

2016-cı ildə zavod komandası kimi Formula1-ə qayıdan Renault arxada qoyduğumuz mövsümə bəzi itkilərlə başlayıb – Frederik Vassyör komandakı postundan ayrılıb, Kevin Maqnussen isə Haas-a üz tutub. Təqdimat mərasimində R.S.17-nin üzərindən örtüyü Colion Palmerlə yanaşı, Force İndia-dan komandaya gəlmiş Niko Hülkenberq qaldırıb. Ehtiyat sürücü rolu isə Sergey Sirotkinə həvalə edilib.

R.S.17 yeni zavod komandasının hazırladığı ilk maşın olub – 2016-cı ildə komandanın alınması qərarı gec verildiyindən, Lotus-un hazırladığı şassi modifikasiya edilmiş və R.S.16 adlandırılmışdı. Komanda bu dəfə yenilənmiş reqlamentdən və işçi heyətindən çox şey gözləyib və orta qrupda möhkəmlənməyə ümid edib.

Qış testləri problemsiz ötüşməyib – əyləclərin soyutma sistemi effekt verməyib. Zavod komandası olmaq təkcə status yox, həm də geniş imkanlar deməkdir – artıq ertəsi gün sistemin təkmilləşdirilmiş verisyası maşınlara quraşdırılıb. Güc qurğusunda da problemlər olub, lakin mühəndislər müvəqqəti həll yolu tapıblar –  rekuperasiya sisteminin akkumulyatorunun işini məhdudlaşdırıblar. Komanda əvvəlki illə müqayisədə, testlərdə xeyli işləyə bilib. Sürücülər ilk iki yarışda xal qazanma bilməyiblər. Rəqiblər mövsümün ilk yarışlarına daha hazır gəlsələr də, Renault yerində saymayıb. Hülkenberq Bəhreyndə baş tutan üçüncü yarışda komandanın tərkibində ilk xallarını qazanıb.

Maraqlıdır ki, R.S.17 bir çox komandaların maşınlarının əksinə, sıralanma turunda daha yaxşı təsir bağışlayıb. Maşın təkərləri tez qızdıra bilib və bu da asfaltla ilişmənı yaxşılaşdırıb. Maşının zəif cəhətləri isə döngələrdə balansın pis olması və asılqanlardakı problemlər olub. Dolu çənlə qət edilən uzun məsafələrdə maşının çatışmayan cəhətləri özünü daha qabarıq göstərib və bunlar sürətə mənfi təsir göstərib.

Renault ilboyu güc qurğusuna yeniliklər gətirib. Mövsümün ortasında aerodinamikada edilən yeniliklər isə çox səmərəli olub. Bunun nəticəsində komanda orta qrupda yaxşı mübarizə apara bilib. Uzun müddət ancaq Hülkenberq Renault üçün xal qazanıb. Uğursuz çıxış edən Palmer üç dəfə yarışı 11-ci yerdə başa vurub, mövsümdə ilk (və son) xallarını isə altıncı yeri tutduğu Sinqapur Qran Prisində əldə edib. Onun komandada son günlərini keçirməsi barədə söz-söhbətlər artmağa başlayıb.

Colion cavabında müqaviləsinin mövsümün sonuna qədər nəzərdə tutulduğunu və narahat olmadığını bildirib, lakin Sinqapurda göstərdiyi nəticə onun komandada qalması üçün kifayət etməyib və Yaponiya Qran Prisi britaniyalı üçün Formula1-də hələ ki, son yarış olub. ABŞ Qran Prisindən əvvəl komanda rəsmi şəkildə “tərəflərin qarşılıqlı razılığı ilə” Palmerin müqaviləsinə xitam verildiyini açıqlayıb. Artıq aylardı davam edən danışıqlar nəticə verib və onu Toro Rosso-dan ayrılaraq Renault-ya gələn Karlos Sayns əvəzləyib.

İspan sürücü Renault-da debüt yarışında yeddinci olaraq xal qazanmağa nail olub. Lakin bu uğurun davamı gəlməyib və qalan yarışlardan əliboş qayıdıb. Maraqlıdır ki, heç bir yarışda Renault hər iki sürücüsü ilə ilk onluğa düşə bilməyib.

Sirotkin mövsüm ərzində 4 dəfə ilk sərbəst yürüşlərdə əsas sürücülərdən birini əvəz edib və testlərdə komandası üçün çalışıb. O, həm də Robert Kubitsa ilə Lotus E20-nin sükanı arxasında genişmiqyaslı testlərdə iştirak edib. Sergeyin Renault ilə müqaviləsi ilin sonuna qədər olsa da, Robertlə birlikdə noyabrda Williams-la testlərə qatılmasına icazə verib.

Ən çox mübahisə yaradan məsələlərdən biri FİA-nın Formula1-də keçmiş texniki nümayəndəsi Martsin Budkovskinin Renault-ya keçidi olub – polşalı mütəxəssis komandanın icraçı direktoru vəzifəsinə gətirilib. O, Ferrari və McLaren kimi komandalarla çalışdıqdan sonra son illərdə FİA-da fəailiyyət göstərib. Digər komandalar bu keçiddən narazı olublar, çünki Martsin onların bütün sirrlərini bilir. Renault leqallığın qorunacağını və Budkovskinin onlar barədə məlumat verməyəcəyini bildirsə də, buna inanmaq çətin olub…

Paddokda bu keçidə dərhal etirazlar səsləndirilib. İsveçrə qanunlarına görə (FİA-nın ofisi İsveçrədə yerləşir), Budkovski cəmi 3 aylıq fasilədən sonra iş karyerasını davam etdirə bilər. Lakin Erik Bulye bildirib ki, bu müddət bir ildən az olmamalıdır. Yekunda ortaq məxrəcə gəlinib – bəhs edilən 3 ayın üzərinə daha 6 ay əlavə edilib və Martsin Renault-da fəaliyyətə başlamaq üçün aprelin ilk gününü gözləməli olub.

Renault son yarışda Toro Rosso-nu keçərək mövsümü Mühəndislər Kubokunda altıncı yerdə başa vurub. Növbəti mövsümdə Renault iki böyük komandanı – Red Bull və McLaren-i motorla təchiz edəcək. Mübarizə aparmaq çox çətin olacaq, lakin Renault-da belə bir mübarizənin komandaya böyük təcrübə qazandıracağına inanırlar…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*