Mövsümün yekunları-2017: McLaren Honda

Formula1 üzrə 68-ci mövsüm və 2017-ci il artıq geridə qalıb. F-1.az hər bir komandanın keçən il ərzindəki çıxışını, əldə etdiyi nəticələri təqdim edir.

Geridə qoyduğumuz mövsüm ilə McLaren və Hondanın əməkdaşlığı başa çatıb. Komanda zəif çıxışını davam etdirib və Mühəndislər Kubokunda sondan ikinci yeri tutub…

N Sürücü Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
14 Fernando Alonso 19 15 17 6 6
2 Stoffel Vandorn 20 16 13 7 7

 

McLaren Yarış Yer Xal Ən yaxşı start Ən yaxşı finiş
2017 20 9 30 6 6
2016 21 6 76 3 5
2015 19 9 27 9 5
2014 19 5 181 3 2
2013 19 5 122 6 4

2016-cı il McLaren üçün nisbətən yaxşı keçmişdi. Hamı Honda-nın güc qurğusunun etibarlılıq məsələsini həll etdiyini, növbəti mövsüm isə onu daha da gücləndirəcəyini gözləyirdi. Bu il üçün hazırlanan motor zavoddakı sınaqlarda qənaətbəxş qiymət almışdı və bu dəfə hər şey yaxşı olmalı idi.

Ron Dennisin ayrılığından sonra rəhbərlikdə ciddi dəyişikliklər baş vermişdi. Komandaya bir çox yeniliklər gətirilmişdi. Maşının adlandırılmasında ənənəvi MP4-XX konseptindən imtina edilmiş və yeni maşın MCL32 adı altında təqdim edilmişdi. Sürücülərin geyimlərindən tutmuş, maşının rəng çalarlarına qədər hər bir şey dəyişdirilmiş, sanki 1960-cı illərdəki rənglər geri qaytarılmışdı.

Fernando Alonsonun bu dəfəki komanda yoldaşı perspektiv vəd edən Stoffel Vandorn olub. Belçikalı sürücü Formula1-də debütünü 2016-cı ildə zədələnmiş Alonsonu Bəhreyn Qran Prisində əvəzləyərək etmişdi. Bu dəfə isə o, Censon Battonun yerini alıb, britaniyalı dünya çempionu isə ehtiyat sürücü kimi komandada saxlanılıb.

Artıq ilk qış testlərindən ümidlər puça çıxıb. Sürücülər güc qurğusundakı problemlərə görə test günlərinin əksər hissəsində boksu tərk edə bilməyiblər. Honda inandırmağa çalışıb ki, onlar güc qurğusunun 90% detalını dəyişiblər, amma etiraf ediblər ki, problemlərin təkrarlanma riski olduqca yüksəkdir.

Nəticədə motor kifayət qədər zəif və etibarsız olub. Hətta ikinci testlərdə komandanın sürücüləri bir dəfə də olsun, ardıcıl uzun dövrələr vura bilməyiblər. Yaponlar motorun gücünü məhdudlaşdırıblar, lakin sürücülər yenə də vaxtlarının çox hissəsini boksda keçirməli olublar. Nəhayət, onlar trasa çıxa biliblər, lakin maşında titrəmənin çox olmasından şikayətləniblər. Məlum olub ki, güc qurğusu özünü real maşında stenddəki kimi aparmır.

Melburndakı mövsümün ilk yarışını Vandorn 13-cü yerdə başa vurub. Alonso isə finiş xəttini mövsümdə ilk dəfə üçüncü yarışında görə bilib. Komanda ilk xalını yalnız mövsümün 8-ci yarışında – Azərbaycan Qran Prisində qazanıb. Alonso paytaxtımızda baş tutan yarışda doqquzuncu yeri tutub. Artıq hamı Honda ilə vidalaşmağın lazım olduğunu bildirsə də, komanda rəhbərliyi belə düşünmədiyini nümayiş etdirib.

Yaponlar motorun yeni versiyasını hazırladıqlarını bildirərək özlərinə bəraət qazandırmağa çalışıblar, lakin etibarsızlıq problemini yenə də həll edə bilməyiblər. Artıq mövsümün Soçidə baş tutan dördüncü yarışında Vandorn güc qurğusu elementlərinin icazə verilən say limitini keçdiyi üçün startda yer itirməklə cərimələnib.

Monako Qran Prisi ərəfəsində Alonso İndy 500 yarışında iştirak etmək üçün okeanın o tayına yollanıb və onun əvəzinə Censon Batton Monte Karloda yarışıb. Komanda motor gücü çox da tələb olunmayan Monako Qran Prisində xallar qazanmağa ümid edib, lakin hər iki sürücü qəzaya görə yarışı yarımçıq dayandırıb. Macarıstan Qran Prisi hər iki sürücünün xal zonasına düşdüyü yeganə yarış olub.

Yay fasiləsində McLaren və Honda arasındakı uçurun daha da dərinləşib. Hər iki tərəf yeni tərəfdaşlıq üçün danışıqlara başlayıblar – Honda Toro Rosso-nu motorla təchiz etmək üçün italyanlarla müzakirələr aparıb, McLaren isə 2018-ci ildə Renault motorları ilə yarışmaq üçün görüşlər təşkil edib. Bu danışıqlara Liberty Media da qatılıb – çempionatın yeni sahibləri Honda-nı itirmək planını heç düşünmək belə istəməyiblər. Bütün danışıqlar müsbət nəticələnib – Toro Rosso gələn il üçün Renault motorlarından imtina edərək Honda ilə müqavilə bağlayıb, McLaren və Renault isə üçillik razılığa gəliblər. Sayns mövsümdəki çıxışını Renault-da davam etdirib.

Motor hər nə qədər zəif olsa da, MCL32 ən yaxşı şassi kimi özünü güclü tərəfdən göstərib. Gələn mövsüm isə komanda eyni güc qurğularından istifadə edəcək Red Bull-la mübarizə aparmaq üçün çalışa bilər. Alonso McLaren-in Honda ilə davam edəcəyi təqdirdə komandadan gedəcəyini dəfələrlə dilə gətirmişdi və bu amilin də təchizatçının dəyişdirilməsində mühüm rol oynadığı bildirilir. McLaren onu saxlamaq üçün hər bir şeyi edib və buna nail olub. Komandanın heyəti gələn il dəyişməz olaraq qalacaq. Vandorn geridə qoyduğumuz mövsümdə pis çıxış etməyib və güclü komanda yoldaşından cəmi 4 xal geri qalıb.

Erik Bulye bildirib ki, növbəti mövsüm komandanın hədəfi Mühəndislər Kubokunda üçüncü yeri tutmaqdır. Bu isə heç də asan olmayacaq. Formula1-in ən titullu komandalarından biri olan McLaren-in azarkeşləri isə artıq neçə ildir ki, uğur gözləyirlər…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*