19 Oktyabr 2017, Cümə axşamı - 00:10

Mövsümün ilk yarısında yaşananlar

Mövsümün ilk yarısında yaşananlar

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 08 Avqust, 2017

Formula1 üzrə 2017-ci il mövsümünün ilk yarısı geridə qaldı. Sürücülər 4 həftəlik yay tətilinə yollandılar. Bəs mövsümün ilk 11 yarışında nələr baş verdi? F-1.az saytı olaraq Mövsümün ilk yarısının ən maraqlı anlarını nəzərinizə çatdırırıq.

1. Red Bull komandasının 100-cü podiumu – Çin Qran Prisi

Red Bull komandası ilk podiumunu 2006-cı ilin Monako yarışında Devid Kulthardla qazanmışdı. Ondan sonra “qırmızı öküzlər” həm Sürücülər, həm də Mühəndislər Kubokunda 4 dəfə Dünya Çempionu olaraq, bir tarix yazıblar. Lakin növbəti tarixi 2017-ci ilin Çin yarışında Maks Ferstappen yazdı. Hollandiyalı sürücü yarışa 19-cu yerdən başlasa da, əfsanəvi performans göstərərək, bir ara yarışda ikinci pilləyə qədər yüksəldi. Amma təkərlərin yeyilməsinə görə 2-ciliyi qorumaq mümkün olmadı və Formula1 tarixinin ən gənc qələbə qazanmış sürücüsü 3-cülüklə barışaraq, komandasına Formula1 tarixindəki 100-cü podiumu qazandırdı.

 

2. Valtteri Bottasın ilk poulu – Bəhreyn Qran Prisi

Mövsümün ilk yarısında bəzi ilklər də yaşandı. Bunlardan biri də Valtteri Bottasın Bəhreyn Qran Prisində qazandığı ilk poul idi. Finlandiyalı sürücü karyerasının 80-ci Qran Prisində ilk poulunu alaraq, Formula1 tarixində bu uğura imza atan 5-ci finlandiyalı sürücü oldu. Amma heyif ki, 28 yaşlı sürücü bu uğurunu yarışda davam etdirə bilməyərək, 3-cü yerlə razılaşmalı oldu.

 

raikkonen and vettel

3. Ferrari 166 Qran Prilik həsrətə son qoydu – Rusiya Qran Prisi

Ferrari sıralanma turunda ilk cərgəni sonuncu dəfə 2008-ci ildə Fransa Qran Prisində zəbt etmişdi. Amma italyanlar bu uğura yenidən imza atmaq üçün 166 yarış, yəni, 9 mövsüm gözləməli oldular. Növbəti bu cür uğur isə cari mövsümün Rusiya Qran Prisində gəldi.

 

4. Valtteri Bottasın ilk qələbəsi – Rusiya Qran Prisi

Valtteri Bottas Bəhreyndə ilk poulunu qazansa da, yuxarıda da qeyd etdiyimiz kimi yarışı 3-cü yerdə bitirdi. Lakin finlandiyalı sürücü 3-cü yerdən başladığı Rusiya yarışının startından etibarən liderliyi ələ alaraq, karyerasının ilk qələbəsini qazandı. Beləliklə, 28 yaşlı sürücü Formula1 tarixində yarış qazanmış 107-ci sürücü oldu.

 

5. Kimi Rəykkönen 9 ildən sonra poulda (Monako Qran Prisi)

Kimi Rəykkönen Monako Qran Prisinin sıralanma turunda 128 yarışdan sonra poul qazanaraq, özünün 17-ci, finlandiyalı sürücülərin isə 50-ci poulunu əldə etdi. 2007-ci ilin Dünya Çempionu sonuncu poulunu 2008-ci ilin Fransa Qran Prisində əldə etmişdi.

 

6. Lyuis Həmiltonun əfsanəvi Ayrton Sennaya çatması – Kanada Qran Prisi

Lyuis Həmilton Kanada Qran Prisində 65-ci poulunu əldə edərək, bu statistikada Ayrton Sennaya çatdı. Lakin Lyuis Həmilton bu uğura 195, Ayrton Senna isə 161 Qran Pridə yiyələnmişdi.

 

7. Lyuis Həmilton idealı olan Ayrton Sennanı geridə qoydu – Azərbaycan Qran Prisi

Britaniyalı sürücü Kanada yarışından iki həftə sonra keçirilən Azərbaycan Qran Prisinin sıralanma turunda mükəmməl dövrə vuraraq, 66-cı poulunu qazandı və həyatdakı ən böyük idealı olan Ayrton Sennanı qabaqladı. Karyerasındakı 196-cı Qran Prisində 66-cı poulunu qazanan üçqat Dünya Çempionu bu statistikada təkcə 68 poul qazanmış Şumaxerdən geridə qalmış oldu.

 

8. Azərbaycan Qran Prisində mövsümün rekordu

Azərbaycan yarışı bir çox hadisələrlə yadda qaldı. Rikkardonun 18-ci yerə gerilədikdən sonra qələbəsi, Bottasın sonuncu yerə və xüsusilə də, bir dövrə geriyə düşdükdən sonra qazandığı ikincilik, Strollun 3-cü yeri tutaraq, debüt mövsümündə podiuma yüksələn ən gənc sürücü olması, Fettellə Həmiltonun insidenti və s. Amma bu barədə əvvəlki yazılarımızda yazmışdıq. Azərbaycanda bütün bu hadisələrdən başqa 137 ötmə qeydə alındı ki, bu da cari mövsüm üçün rekord sayılır.

 

9. Rikkardo öz karyerası üçün rekord qırdı (Avstriya Qran Prisi)

Daniel Rikkardo Avstriyada da podiuma yüksələrək, karyerasında ilk dəfə 5 dəfə ardıcıl podiuma yüksəlmiş oldu. Avstraliyalı sürücü daha əvvəl Barselona, Monako, Kanada və Azərbaycan yarışlarında podiuma yüksəlmişdi. Lakin Rikkardo növbəti Britaniya yarışında 5-ci olaraq, bu uğurlu seriyaya son vermiş oldu. “Güləyən sürücü”nün bundan əvvəlki ən böyük uğuru isə 2016-cı ildə əldə etdiyi ardıcıl 3 podium (Macarıstan, Almaniya və Belçika) idi.

 

10. Ləns Stroll Azərbaycanda tarix yazdı

Kanadalı sürücü mövsümün ilk 3 yarışında finiş görə bilməsə də, öz ölkəsində karyerasının ilk xallarını qazanaraq, Formula1 tarixinin xal qazanan ən gənc ikinci sürücüsü (18 yaş 225 gün) oldu. Stroll növbəti Azərbaycan yarışında isə podiuma yüksələrək, debüt mövsümündə fəxri kürsüyə qalxan ən gənc sürücü statusunu əldə etdi. Qeyd edək ki, Stroll bu uğura imza atarkən 18 yaş 239 günlüyündə idi.

 

ferrari seb

11. Ferrari-nin 2008-ci ildən sonra ikidən artıq poul aldı

Ferrari düz 9 il idi ki, mövsümdə 3 poul qazana bilmirdi. “Qırmızılar” sonuncu dəfə 2008-ci ildə yarışa 8 dəfə birinci yerdən başlamışdılar. Bundan sonra isə italyanlar 2009-2016-cı illərdə cəmi 5 poul (2010-cu və 2012-ci illərdə 2 dəfə, 2015-ci ildə 1 dəfə) qazana bilmişdilər. Amma Formula1-in ən titullu komandası tətildən əvvəlki son Qran Pri olan Macarıstanda da poul alaraq, son 9 ilin ən yaxşı sırlanma turu performansını göstərdilər.

 

12. Sebastyan Fetteli taxtdan endirmək mümkünsüzdür

Sebastyan Fettel bu mövsümün ilk yarışından etibarən liderliyi ələ alaraq, yay tətilinə qədər qoruyub saxlaya bildi. Bəs mövsümün ikinci yarısı necə olacaq?


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 480
Teqlər , , , , , , , , , , , , , , , , , , , , , , , , , ,
Paylaş

logo