Mövsüm ərzində 139 cərimə

Arxada qoyduğumuz mövsümdə stüardlar öz səlahiyyətlərindən çox istifadə etməli olublar: çempionatın 21 mərhələsi ərzində Formula1 sürücüləri 139 dəfə cərimələniblər...

Berni Ekklstounun bundan heç xoşu gəlmir, çünki cərimələr yekun nəticəni təhrif edir, qarışıqlıq salırlar, sürücülər isə ehtiyatlı olmağa çalışmaqla azarkeşlərin daha çox xoşladıqları sərt mübarizələrə girişmirlər. Braziliya Qran Prisindən sonra Strateji İşçi Qrup məhz bu mövzunu müzakirə etmək üçün toplaşmışdı və toplantının bütün iştirakçıları qərara almışdılar ki, cərimələrin çoxluğu idmanın maraqlarına mənfi təsir göstərir.

Stüardların 2016-cı ildə tətbiq etdikləri cərimələrin orta sayı bir yarışda 6.6 təşkil edib. Cərimələrin 31-də sürücüyə və ya komandasına qarşı maliyyə sanksiyası, 55-də startda yer itirmək cəzası tətbiq edilib, 39 cərimədə isə yarışın gedişində sürücülər müxtəlif zaman nəticələri əlavə olunmaqla cəzalanıblar. Bundan başqa, sürücülərə 14 dəfə xəbərdarlıq edilib.

Bir şey aydındır: Yaponiya Qran Prisindən başlayaraq, trasda davranış qaydaları haqqında çox danışılmasına baxmayaraq, cərimələr daha az tətbiq olunub. Son 5 yarışda cəmi 20 cərimə tətbiq olunub. Ən çox cərimə isə Avstriyada (18) tətbiq olunmuşdu. Kanada, Braziliya və Əbu Dabidə stüardlar çox sərtlik göstərməyiblər və hər bir yarışda cəmi 3 cərimə tətbiq ediblər.

Cərimələrə görə tətbiq olunan maliyyə sanskiyaları sayəsində FİA-nın büdcəsi 36700 avro zənginləşib. Maraqlıdır ki, 2015-ci ilə nisbətən cəmi 400 avro artım olsa da, 2014-cü ildə bu məbləğ 59300 avro təşkil etmişdi. 2013-cü ildə isə FİA sürücülərin hesabına 297600 avro varlanmışdı.

FİA-nın kassasına ən böyük məbləği Serxio Peres mədaxil edib: meksikalı sürücü ümumi dəyəri 2700 avro olan 6 maliyyə sanksiyası “qazanıb”. Komandalardan isə ən böyük cəriməni çempion Mercedes komandası ödəyib: doğma Almaniya trasında şənbə sərbəst yürüşlərində maşının boksdan təhlükəli çıxışı komandaya 10 min avroya başa gəlmişdi.

Hibrid turboeranın başlanması ilə startda yer itirmək cəzasının sayı artmışdı. Reqlamentin icazə verdiyi güc qurğusundan və ya elementlərindən artıq sayda istifadəyə görə, ötürmələr qutusunun vaxtından əvvəl dəyişdirilməsinə görə sürücülər yarışın startında yer itirirlər. Bu il ötürmələr qutusuna görə sürücülər 22 dəfə, güc qurğusuna görə isə 10 dəfə cərimə olunmuşdular. Maraqlıdır ki, bu il Honda motorları 5, Mercedes motorları 3 və Ferrari motorları 2 dəfə cərimə olunduğu halda, Renault motorları ən etibarlı olublar: həm zavod komandası, həm də Red Bull sürücüləri limiti aşmayıblar.

F-1.az mövsüm ərzində sürücülərin qazandığı xəbərdarlıqlar barədə yazmışdı, amma bir daha qeyd etmək istəyirik ki, yalnız 3 sürücü mövsümü cəriməsiz başa vura bilib: Daniel Rikkardo, Roman Qrojan və Censon Batton…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*