Mövsüm-2017: Sürücü nömrələri

2014-cü ildə FİA hər bir sürücüdən karyerası boyunca istifadə edəcəyi sürücü nömrəsi seçməsini istəmişdi. Çempion olan sürücü növbəti mövsümdə 1 nömrəsindən istifadə edə bilər, lakin buna məcbur deyil. Sürücülərin əksəriyyəti kartinq dövrlərində istifadə etdikləri nömrələri seçirlər...

F-1.az gələn il yarışacaq sürücülərin seçdiyi nömrələri təqdim edir.

 

2. STOFFEL VANDORN

Stoffel Formula1-də ötən mövsümdə debüt edib. Bəhreyndə Fernando Alonsonun əvəzinə sükan arxasına keçən gənc sürücünün maşınının nömrəsi 47 idi. Lakin o, karyerası boyunca 2 nömrəsi altında yarışmaq istəyir və seçimini belə izah edir: “Mən 2 rəqəmindən 2010-cu ildə Formula4 seriyasında iştirak edərkən istifadə etmişəm. Lakin onu özüm seçməmişdim, mənə vermişdilər. Həmin mövsümdə xeyli qələbələr qazandım. Bu rəqəmlə bağlı xoş xatirələrim var”.

 

3. DANİEL RİKKARDO

Avstraliyalının seçimində də kartinq illərinin təsiri var: “Bu, yarışlarda iştirak etməyə başladığımda seçdiyim ilk nömrədir. Kartinq karyeram boyunca nömrəm 3 olub. Bu, həm də mənim qəhrəmanım, NASCAR sürücüsü Deyl Ernhardın nömrəsi idi. Mənim 3 rəqəmini seçməyim üçün bir neçə səbəb var və sevinirəm ki, bu nömrə yenidən mənə qayıdıb”.

 

5. SEBASTYAN FETTEL

Sebastyanın 5 rəqəmini seçməyinin bir neçə səbəbi var. Alman sürücü bu nömrə altında 2001-ci ildə Almaniya və Avropada yeniyetmələr arasında kartinq çempionu olub. Formula1-də dünya çempionu olduğu ilk mövsümdə – 2010-cu ildə də onun maşınının nömrəsi 5 idi…

 

7. KİMİ RƏYKKÖNEN

Finlandiyalı sürücü seçimi barədə də özünəxas qısa izah verib: “Yeddi rəqəmi mənim xoşuma gəlir və bu da onu seçməyim üçün kifayət edir”.

 

8. ROMAN QROJAN

Qrojanın açıqlaması da maraqlıdır: “Səkkiz rəqəmi mənim üçün xüsusi əhəmiyyət daşıyır. Həyat yoldaşım dekabrın 8-də anadan olub, biz 2008-ci ildə görüşməyə başlamışıq. Oğlum isə mənim üçün dünyanın səkkizinci möcüzəsidir”.

 

9. MARKUS ERİKSSON

Erikssonun 9 rəqəmi ilə bağlı heç bir əhvalatı yoxdur – bu rəqəm sadəcə onun xoşuna gəlir.

 

11. SERXİO PERES

Serxionun demək olar ki, bütün karyerası bu nömrə altında keçib. Lakin o bildirib ki, çempion olarsa, 1 nömrəsini götürəcək.

 

14. FERNANDO ALONSO

Fernando hesab edir ki, 14 rəqəmi ona uğur gətirir. 1996-cı il iyulun 14-də 14 yaşında və 14 nömrəli maşında kartinq üzrə dünya çempionu olub.

 

18. LƏNS STROLL

Kanadalının bu rəqəmi seçməsinin Formula1-də 18 yaşında debüt edəcəyi ilə heç bir əlaqəsi yoxdur. Ləns İtaliyann F4 Championship və Formula Toyota seriyalarında bu nömrə altında çıxış edib.

 

19. FELİPE MASSA

Felipe 2014-cü ildə seçimini belə izah etmişdi: “Mən bu nömrə altında kartinqdə iştirak etmişəm. Mənim dayımın sürücü nömrəsi də 19 olub”.

 

20. KEVİN MAQNUSSEN

Kevin bu nömrə altında 2013-cü ildə Renault Dünya Seriyasının qalibi olub.

 

26. DANİİL KVYAT

Rusiyadakı kartinq turnirlərində iştirak edərkən onun nömrəsi 26 olub. Bundan əlavə, Daniil aprelin 26-da anadan olub.

 

27. NİKO HÜLKENBERQ

Hülkenberqin seçim səbəbi maraqlıdır. Onun doğum tarixi 19.08.1987-ci ildir, 19 və 8 rəqəmlərini topladıqda 27 edir…

 

30. COLİON PALMER

Colion öz seçimini izah etmirdi, lakin onun atası Conatan Palmer 1985-ci ildə Formula1-də West Zakspeed Racing komandasında çıxış edərkən 30 nömrəli maşınla yarışıb.

 

31. ESTEBAN OKON

Estebanın 31 rəqəmi ilə bağlı xoş xatirələri var. Fransız sürücü 2007-ci ildə 11 yaşında kartinqdə bu nömrə altında ilk titulunu qazanıb.

 

33. MAKS FERSTAPPEN

Maks uşaqlıqdan 33 nömrəli kartlarla və maşınlarla yarışdığını, Formula1-də də bu ənənəni qoruduğunu bildirib…

 

44. LYUİS HƏMİLTON

Lyuis 44 rəqəminin həmişə ona uğur gətirdiyini bildirir. O, 1995-ci ildə ilk ciddi uğurunu – kartinq üzrə Britaniya çempionluğunu 44 rəqəmli kartla əldə edib.

 

55. KARLOS SAYNS

Karlos uşaqlıqdan 5 nömrəsini seçib. O, Formula1-də də 5 rəqəmi altında çıxış etmək istəyib, lakin Sebastyanın bu rəqəmi götürməsi onun planını pozub. Karlos isə karyerasınn sonuna qədər yarışacağı nömrəyə daha bir 5 rəqəmini əlavə edib.

 

77. VALTTERİ BOTTAS

Bottas 77 rəqəmini adının və soyadının yazılışına uyğun gəldiyi üçün seçib: Val77eri Bo77as.

 

94. PASKAL VERLYAYN

Verlyayn 94 nömrəsi altında DTM-də çempion olub. Həm də 1994-cü ildə anadan olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*