15 Dekabr 2017, Cümə - 22:01

Monako Qran Prisi Palmer üçün son yarış olacaq?

Monako Qran Prisi Palmer üçün son yarış olacaq?

Müəllif: Elçin Zodorov, redaktor

09:06 - 26 May, 2017

Colion Palmerin uğursuz çıxışı onun Renault-dan ayrılacağı ilə bağlı şayiələri yenidən gündəmə gətirib. Komanda yoldaşı Niko geridə qalan beş yarışda 14 xal qazansa da, Palmerin hesabında hələ bir xal da yoxdur. Üstəlik, sıralanma turlarının nəticələrinə görə də Nikoya 5-0 hesabı ilə uduzur. Yayılan məlumatlara görə, Colionun uğursuz çıxışı Monakoda da davam edərsə, komanda onu başqa sürücü ilə əvəzləyəcək.

F-1.az xatırladır ki, Renault komandası keçən ilin noyabr ayında Palmerlə olan müqaviləsini bu mövsümün sonuna qədər uzatmışdı. Bəzi məlumatlara görə, britaniyalı sürücünün sponsorları onun yarışması üçün komandaya 20 milyon avro ödəyirlər. Lakin Renault onun zəif çıxışına görə Mühəndislər Kubokunda pis yer tutaraq mükafat fondundan gələ biləcək daha böyük məbləğlərdən ola bilər. Bundan başqa, uğur əldə edə bilməyən komanda sponsorlar üçün də maraqlı olmur.

Belə bir vəziyyətdə, güclü sponsorları olmasa da, trasda yaxşı və stabil nəticələr əldə edən sürücü daha sərfəli ola bilər. Komanda gözləyirdi ki, Palmer komandaya ancaq pul gətirməklə kifayətlənməyəcək, həm də uğurlu çıxış edəcək. Lakin nədənsə sürücünün çıxışı ilk vaxtlardakından da pisdir. Hülkenberq son 3 yarışı xalla başa vurub, lakin Palmerin bu mövsüm ən yaxşı nəticəsi 13-cü yerdir. Sky Sports da iddia edir ki, komanda bütün diqqətini artıq Nikoya yönəldib, çünki Coliondan sürpriz gözləməyinə dəyməz.

Renault-nun Palmerlə işləməyə marağını azaldan faktorlardan biri də komandanın tərkibində daha iki istedadlı gənc sürücünün olmasıdır. Onlardan biri həm simulyatorda, həm də testlərdə yaxşı nəticələr göstərən ehtiyat sürücü Sergey Sirotkindir. Rus sürücü Coliondan daha sürətli ola bilər və hazırda buna çox az insan şübhə ilə yanaşar. Bundan başqa, SMP Racing-in hesabına komandanın büdcəsinə müəyyən qədər pul da gətirə bilər.

Digər namizəd isə Sebastyen Buemidir. İsveçrəli sürücü vaxtilə Toro Rosso-nun heyətində Formula1-də üç mövsüm iştirak edib və 55 yarışa çıxıb. Bueminin sözün əsl mənasında ikinci nəfəsi açılıb və Formula E-də möhtəşəm çıxış edir. O, keçən mövsüm titulun sahibi olub, cari mövsümdə də çempionatın lideridir – ilk altı yarışın beşində qələbə qazanıb. Sebastyenin digər seriyalardakı uğurları bununla bitmir – WEC-də də Toyota-nın heyətində LMP1 kateqoriyası üzrə ilk iki yarışda qalib gəlib.

Əlbəttə, mövsümün ortasında sürücü dəyişdirmək bir çox problemlərə yol aça bilər və komanda çətin ki, belə bir riskə getsin. Həm də Colionun Renault ilə mövsümün sonuna qədər müqaviləsi var və məsələnin hüquqi tərəfləri də nəzərə alınmalıdır. İstənilən halda, belə şayiələrin yayılması da bir çox şeydən xəbər verir…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 91
Teqlər , , , , , , ,
Paylaş

logo