Mercedes və Red Bull asılqanların konstruksiyasını dəyişiblər

FIA-nın yarış direktoru Çarli Uaytinqin sözlərinə görə, federasiya mövsümün ilk yarışında Avstraliyada Mercedes və Red Bull maşınlarında mübahisəli texniki elementlər barədə heç bir şikayət gözləmir.

Asılqanların konstruksiyası ətrafında mübahisələr yeni ilin ilk günlərində qızışmışdı – Ferrari komandası FİA-dan bəzi komandaların tətbiq etdiyi konsepsiyanın leqallığına izahat istəmişdi. İtalyanların fikrincə, bəzi mühəndislər asılqanlardan aerodinamik effektivliyi yaxşılaşdırmaq üçün istifadə etmişdilər.

Ferrari-nin tələbi nəzəri xarakter daşıyırdı, amma paddokda şayiə gəzir ki, komanda məhz Mercedes və Red Bull mühəndislərinin tətbiq etdiyi sistemləri qadağan etmək məqsədi güdürmüş.

Mövsümöncəsi testlərdən əvvəl FİA bütün komandalara xəbərdarlıq məktubu göndərərək öz mövqeyini bir daha açıqlamışdı – aerodinamik göstəriciləri yaxşılaşdırmaq məqsədi daşıyan konstruksiyaların tətbiqi qadağandır. Bu məktubdan sonra federasiyanın iki texniki əməkdaşı Co Bauer və Martsin Budkovski Barselonada bütün yeni maşınların asılqanlarını təftiş etmişdilər – məlum olmuşdu ki, doğrudan da, adı çəkilən hər iki komandanın maşınlarında asılqanın konstruksiyasında qanun pozuntusu var.  Mühəndislər konstruksiyaya dəyişiklik etməli olmuşdular.

F-1.az bildirir ki, bu gün mövsümün ilk Qran Prisinin təftiş günüdür və FİA-nın texniki nümayəndələri bütün maşınları təftiş ediblər, xüsusən də asılqanların təftişinə böyük diqqət ayrılıb. Çarli Uaytinqin sözlərinə görə, hələlik bütün maşınlar təftişdən uğurla keçiblər: “Hələlik hər şey qaydasındadır. Martsin və Co Barselonada böyük iş görmüşdülər və bu gün bizim Melburnda yoxladığımız sistemlər qaydaya uyğun hazırlanıblar. Biz heç bir şikayət gözləmirik”.

Qeyri-rəsmi məlumatlara əsasən, bu gün federasiya altı komandanın maşınını təftiş edə bilib, digər dörd komandanın maşını isə sabah ilk məşqlərə qədər təftiş olunacaq…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*