Mercedes komandası M.Ferstappenin hərəkətlərindən şikayət edib

Suzukadan aldığımız son xəbərə görə, Mercedes komandası Maks Ferstappenin hərəkətlərindən rəsmən şikayət edib.

F-1.az xatırladır ki, Yaponiya yarışının finişinə bir dövrə qalmış Lyuis Həmiltonun son şikanada hücumundan müdafiə olunan Ferstappen birdən trasın daxilinə doğru yerini dəyişib. Lyuis onun bu hərəkətindən sonra dərhal sola çəkilib və döngəyə girə bilmədiyi üçün trasdan çıxmalı olub. Bu insidentdən sonra Lyuis radio ilə komandasına Ferstappenin əylənmə zonasında trayektoriyasını dəyişdiyi barədə gileylənib.

Yarışın stüardları formal olaraq bu insidenti heç araşdırmayıblar və Maksa heç bir cərimə tətbiq olunmayıb, amma MotorSport.com məlumat yayıb ki, FİA-nın yarış direktoru Çarli Uaytinq və keçmiş Formula1 sürücüsü Emanuele Pirronun daxil olduğu stüardlar briqadası Ferstappenlə görüşərək bu insidenti müzakirə ediblər.

İnsidentin cəriməsiz qaldığını görən Mercedes komandası FİA-nın stüardlarına rəsmi protest göndərib – komanda Red Bull sürücüsünü Formula1-in İdman Reqlamentinin 27.5-ci maddəsinin pozulmasında günahkar hesab edir.

Reqlamentin bu maddəsində deyilir: “Yarışın heç bir yerində və zamanında maşını çox yavaş, xaotik və ya digər sürücülərə potensial olaraq təhlükəli tərzdə idarə etmək qadağandır. Bu qadağa həm trasa, həm də pit yolunun çıxış və girişinə də aiddir”.

Stüardlar protestdən sonra insidenti araşdırmağa başlayıblar və yarışın nəticələrini “ilkin versiya” elan ediblər…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*